azia.az
azia.az

Oğurlanmış tariximiz haqqında...

29-04-2019, 08:15

...Kitab Hüseyn Əzizoğlunun "musiqisiz könül nəğmələridir"
Oğurlanmış tariximiz haqqında...
O, yurduna, xalqına emosional bağlılığı olan bir qəzetçidir

Haqqında söhbət açdığımız jurnalist 1965-ci ilin noyabr ayının 20-də Qərbi Azərbaycanın Hamamlı (indiki Spitak) bölgəsinin Qursalı kəndində zəhmətkeş ailəsində anadan olub və uşaqlıq illərini hay-küylü keçirib. Buna baxmayaraq, orta məktəbi (1973-1983-cü illər) əla qiymətlərlə bitirməyə nail olub. Jurnalist olmaq arzusu uşaq yaşlarından qəlbinə hakim kəsildiyindən, orta məktəbdə oxuyarkən "Göyərçin", "Pioner" jurnallarına, "Sovet Ermənistanı", "Azərbaycan gəncləri", "Azərbaycan pioneri"... qəzetlərinə yazılarını verib. Hərbi xidmətini Rusiya Federasiyasının Qırmızıbayraqlı Şimal Donanmasında keçirərkən də, (1984-1986-cü illər) donanmanın mətbu orqanları ilə əməkdaşlıq edib və elə buradaca Hərbi Müxbirlər Məktəbində tam kurs keçib. Müxtəlif səpgili yüzlərlə yazısı o dövrün hərbi mətbu nəşrlərinin səhifələrində dərc edilib.

1988-1989-cu illərdə Bakı Dövlət Universitetinin hazırlıq şöbəsinin müdavimi olan Hüseyn Əzizoğlu, şöbəni müvəffəqiyyətlə bitirərək, 1990-cı ildə həmin universitetin jurnalistika fakültəsinin tələbəsi olmağı bacarıb. Tələbəlik illərində də mətbuatla sıx əməkdaşlıqdan yorulmayıb. Haralardan, kimlərdən və nələrdən yazmayıb?! "Sensasion" yazılarına görə o qədər incidilib ki...
Tələbə olarkən, həm də, yenicə yaranmağa başlayan milli dövlətçiliyimizə kənar müdaxilələrin təhlükə törətməsinə etiraz edərək, meydanlara çıxan milli-azadlıq hərəkatçılarımızın sıralarına qoşulub. Haqqın və ədalətin bərpası uğrunda mübarizə aparıb. Dəfələrlə incidilsə də, tutduğu yoldan və əqidəsindən əl çəkməyib. Elə, Azərbaycanda ictimai-siyasi mühitin gərginləşdiyi həmin vaxtlardan mətbu orqanlarda rəsmən çalışmağa başlayıb. Hələ birinci kursda oxuyarkən "Millət" qəzetində şöbə redaktoru vəzifəsində çalışıb. Vətənin, xalqın taleyi naminə ən acı həqiqətləri yazmaqdan çəkinməyib.
Sensasion yazılarıyla həmin qəzetdə daha çox parlayan tələbə-yazar "Təhsil", "Avrasiya", "Hər gün", "Meridian", "Həmrəylik", "21-ci əsr", "Dövətçilik", "Ekspress" kimi qazetlərin redaksiyalarında və Azərbaycan Türk Agentliyində (ATA-da) müxbir, xüsusi müxbir, söbə müdiri, redaktor və baş redaktor vəzifələrində də çalışıb. Bu yerdə onu da qeyd etməyi lazım bildik ki, Hüseyn Əzizoğlunun qazetçilik məktəbində "bişərək bərkimiş" tanınmış qələm sahibləri çoxdur. Onların imzalarına bu gün Azərbaycanın aparıcı mətbu orqanlarında rast gəlinməsi də təsadüfi deyildir.
O, hal-hazırda Azərbaycan Mətbuat Şurasının üzvü olan "Araz"qəzetlər qrupuna rəhbərlik edir. "Meridian", "İrəvanın səsi", "Dövlətçilik", "Ata ocağı" və "Araz" qəzetlərinin www.araz.az və www.irevanınsesi.com / az xəbər portallarının daxil olduğu bu mətbu birlik tezliklə böyük layihələrlə meydana çıxmağı planlaşdırır.
Publisist yazar "Qızıl qələm" və digər journalist mükafatlarına da layiq görülüb. Publisist-yazar demişkən, onun indiyədək 10-dan çox kitabı da işıq üzü görüb. Bu kitabların işıq üzü görməsində və oxuculara çatdırılmasında Milli Dövlətçilik Partiyasının başqanı, İrəvan Mühacir Hökumətinin rəhbəri, xeyriyyəçi iş adamı Sabir Tarverdiyevin də böyük zəhməti olub. Bir sözlə, bu kitablar ictimaiyyətin Heydər Əliyev fanatı və mətbuatın yaxın dostu kimi yaxşı tanıdığı bu xeyriyyəçi-messenantın maliyyə dəstəyi ilə ərsəyə gəlib.
Onu da nəzərinizə çatdırım ki, Hüseyn Əzizoğlu, həm də uzun zamanlar Sabir Tarverdiyevin rəhbəri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının və İrəvan Mühacir Hökümətinin, eyni zamanda "Riyad" Şirkətlər Qrupunun tərkibindəki "Vicdan-1" MMC-nin mətbuat xidmətlərinin rəhbəridir.
Hüseyn Əzizoğlunun özünün dediyi kimi, o, həyatda mübariz olmağı da, 25 ildən çoxdur ki, həyatımızdakı problemlərə qarşı çiyin-çiyinə yorulmadan bir yerdə vuruşduğu Sabir kişidən öyrənib: " İnanın, döyüşkən və mübariz olan bu kişinin yanında mən çox şey öyrənmişəm. Həyatda mübarizliyim də, bəlkə, buna görədir. Mənim yazdığım "Vicdan Sabir" kitabında da dediklərim daha aydın görünür. Maraqlananlar, həmin kitabı oxusalar daha yaxşı olardı"...
Sabir Tarverdiyevin Heydər Əliyev sevgisini, biznesdə və siyasətdə uğurlarını, xeyirxah əməllərini gözü götürməyən bədxahlar heç vaxt dinc dayanmayıb, ona qarşı həmişə haqsız hücumlar edib, ondan qisas almaq üçün hər vasitəyə əl atıb, biznes və siyasi fəaliyyətinə mane olmağa çalışıbşlar. Lakin ədalətsizliyə düçar olanda, həyat imtahanlarına, amansız təqib-təzyiqlərə, mənəvi sarsıntılara məruz qalanda belə, o, sınmayıb, bəd əməl sahiblərinin hədə-təpkiləri, təqib-təzyiqləri onu Heydər Əliyev sevgisindən, tutduğu düz yoldan çəkindirməyib. Heydər Əliyevə sevgi və sədaqəti, dahi rəhbərin ona diqqət və qayğısı, eləcə də, jurnalistlərin əsl dost kimi ona səmimi münasibəti Azərbaycanda hamıya məlum olduğundan, bədniyyət insanlar heç vaxt öz istəklərinə çatmayıblar".

Qüdrətli Azərbaycanımızın tarixindən, mədəni irsindən, milli-mənəvi dəyərlərimizdən, xalqın geniş dairələrini düşündürən, zehnini məşğul edən taleyüklü müxtəlif problemlərdən, ölkəmizin həyatında baş verən mühüm hadisələrdən... bəhs edən maraqlı əsərlər müəllifi bizimlə görüşərkən, bu yaxınlarda işıq üzü görəcək yeni " Əsir sevgim –Qursalı!" kitabı haqqında da söhbət açdı:"
"Bu yaxınlarda qarşınızda olacaq həmin əsər hər şey Qərbi Azərbaycan torpağı haqqında oxuduqlarım, orada gördüklərim, eşitdiklərim barəsindədir; Daha doğrusu, doğma diyardakı hər şey haqqında "musiqisiz könül nəğmələrimin toplusudur". Fərqli yazı stilində qələmə aldığım bu "nəğmələri" illərdi ayrı düşdüyüm bir sevgimə, intizarında qaldığım doğma Qursalıma, onun dağlar qədər vüqarlı və əzəmətli oğullarına, unudulmaz dağlarına, keçilməz qalın meşələrinə, ormanındakı lalələrin bənzərsiz ətrinə və bir də, orada keçən uşaqlığım şəninə "oxumuşam". Acılı–şirinli dadı-tamı olan bu "nəğmələr", həm də oğurlanmış tariximizin acı "səlnaməsidir". Məni oxucularıma təqdim edən ön söz müəllifləri və redaktorlar da deyirlər ki, "musiqisiz könül nəğmələrimi" doğma Qursalımın vüsalına qovuşmaq həsrəti ilə yazıya köçürmüşəm".
Kitabın ilk redaktoru olmuş mərhum yazıçı–publisist, professor Famil Mehdinin də dediyi kimi: " Mənim ən istedadlı tələbəmin bu kitabının yüksək dəyəri özündədir. Əsər, şübhəsiz, gərgin araşdırmanın nəticəsidir və müxtəlif elm sahələri mütəxəssislərinin – coğrafiyaçıların, toponimçilərin, tarixçilərin, dilçilərin, etnoqrafların, demoqrafların, politoloqların... diqqətini cəlb edəcək. Haqqında rəy yazıları çap olunaraq, əsərin mahiyyəti xalqımıza və gələcək nəsillərə çatdırılacaq. Həqiqətən də, kitabın mahiyyətini qısaca olaraq belə izah etmək olar ki, əsər Azərbaycanın məzlumiyyət və böhranlarının xronologiyasıdır, keçmişdən üzübəri üzləşdiyimiz taleyüklü müxtəlif proseslərə, xalqımızın həyatında baş verən mühüm hadisələrə jurnalist və vətəndaş münasibətinin aydın ifadəsidir".
Kitabın ikinci redaktoru, şair-publisist Adil Şirin isə, onun mahiyyətini belə izah edir: "Tarix yaratmaq nə qədər çətindirsə, onu obyektivliklə yazılı nümunəyə çevirmək, gələcək nəsillərə çatdırmaq da bir o qədər məsuliyyətlidir. Müəllif bu məsuliyyəti yaxşı başa düşdüyündən, bu prizmadan baxılıb, kitabda sadalananlar jurnalist yanaşması, vətəndaş mövqeyi, ziyalı baxışı çox həssasdır. Bu səbəbdən, Vətənə xidmətə həsr edilən missiyanın kiçik, lakin sanballı təcəssümü olan bu əsərdə bütün vacib amillər öz uğurlu həllini tapmışdır. Yazılanlardakı fikirlərdən onu da başa düşmək olur ki, Hüseyn Əzizoğlu haqsızlığa və qanunsuzluğa dözümsüzdür. Bəzən bu dözümsüzlük əsərdə isterika həddinə də çatır.
Peşəkar jurnalist təhsili olan, bu ixtisas üzrə oxuyan, çalışaraq "bərkiyən" qəzetçi dostumun hər şeyi– siyasəti, hüququ, iqtisadiyyatı, tarixi, baş verənləri, ötənləri... kitab dilinə məharətlə gətirə bilmə bacarığına söz ola bilməz".
Həqiqətən də, Hüseyn Əzizoğlu ozünü ictimaiyyətə, yurduna, Vətəninə, xalqına, millətinə emosional bir bağlılığı olan, həyat mənfiliklərinə heç vaxt biganə qalmayan fədakar qələm sahiblərindən biri kimi tanıdıb. Deyilənlər, qəribə motivdə yazdığı və doğma Azərbaycanımızın taleyüklü müxtəlif problemlərinə, ölkəmizin, xalqımızın həyatında baş verən mühüm hadisələrə, respubilkamızın həyatına, gələcək inkişafi ilə bağlı məsələlərə həsr etdiyi "Daşnak fitvası", "20 Yanvar ağrıları", "Tufanlardan keçən ömür", "İmperiyanın qisası", "Fırtınalı həyat", "Xalqını sevən insan", "Bənzərsiz ömrün hekayəsi", "Bitməyən ömrün anları", "Vicdan Sabir"... əsərlərində də özünü daha çox büruzə verir. Yüksək tərtibatına və mövzu rəngarəngliyinə görə fərqlənən bu əsərlər geniş oxucu kütləsinin də böyük marağına səbəb olub.
Onun "Əsir sevgim – Qursalı!" kitabının da böyük oxucu marağı qazanacağına zərrə qədər şübhəm yoxdur. Çünki, bu kitabda millətinin taleyi üçün narahatlıq keçirənləri maraqlandıran maraqlı məqamlar çoxdur. Başlıcası odur ki, bu kitab təkcə bir regionun tarixi taleyi ilə bağlı yazılmayıb. Müəllif, həm də kitabın bir regionun simasında müstəqil Azərbaycan dövlətimizin mahiyyətinə uyğun yazılmasını təmin etmək üçün böyük səylər göstərib.

Həsən


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi