azia.az
azia.az

Ermənilər həyəcan içində: Basarkeçərə qayıdışın anonsu və ya toponimiya hücumu

19-08-2021, 16:58


“Vardenis” yox, Basarkeçər! “Yerasx” yox, Arazdəyən!
Ermənilər həyəcan içində: Basarkeçərə qayıdışın anonsu və ya toponimiya hücumu
Prezident İlham Əliyev Kəlbəcər-Laçın bölgəsində olarkən, elə Ermənistan adlanan qondarma ölkənin “beşaddımlığında”, 103 ildir işğal altında olan yurd yerlərimizlə bağlı növbəti dəfə tarixi həqiqətləri dilə gətirdi. Konkretləşdirsək, növbəti tarix dərsi keçdi, həm özümüzə, həm də özgələrə!

“İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”,- deyən dövlət başçısı qeyd etdi ki, mətbuatı izləyir və orada erməniləşdirilmiş adları oxuyur... Bu, həm də prezidentin “köməkçilərim” adlandırdığı jurnalistlərə iradı idi, dərs çıxartmaq gərəkdir. “Xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər – “Vardenis” yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”, - Prezident xitab etdi.


Əslində məsələni bu həddə gətirməməliydik ki, dövlət rəhbəri tarixi adlarımızla bağlı dərsin sonunda xahiş etmək məcburiyyətində qalsın. Bəs, bizim vətəndaş məsuliyyətimiz?! Burada müvafiq qurumların, mərkəzlərin də günahı kifayət qədərdir...



Təəssüf doğuran budur ki, Kəlbəcər iradı ilk deyildi. Ötən ilin martında Prezident İlham Əliyev rayonların birindəki Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirakı zamanı nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını sərt şəkildə bildirmişdi: “Bu neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz? Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıb. O vaxt Sisyan adı yox idi, sonra kimsə bunu uydurub...” Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz, Allah bilir. Buna belə yanaşmaq olmaz”.

Bir neçə ay sonra növbəti rayon və ikinci irad: bu dəfə Dövlət Rəmzləri Muzeyinin açılışında... Prezident İlham Əliyev: “Bizim tarixi yerlərimiz burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın!”



Və bir neçə gün əvvəl Kəlbəcərdən, 3260 metr hündürlükdən səsləniş! Bu dəfə nəticə necə olacaq, demək çətindir. Amma təəssüf doğuran budur ki, dövlət başçısı az qala hər rayonun icra başçısına bir-bir irad bildirəndən sonra “baş üstə” deyib də, yanlışların aradan qaldırılmasına qərar verirlər. Bu gedişlə tarixi səhvlərin Azərbaycan daxilində aradan qaldırılması üçün neçə il, neçə səfər, görüş lazımdır?...

Ermənistan adlanan tarixi torpaqlarımızda isə nə az-nə çox, 40 min tarixi adlarımız dəyişdirilib, erməniləşdirilib!

Ermənilər təşvişdədir. Mətbuat yazılarını izləyirsiniz yəqin. Prezident Əliyevin yer adları ilə bağlı dediklərindən havalanıblar. Həm də öyrənirlər. Basarkeçər rayonunun 1930-cu ildə yaradıldığını, 39 il sonra isə adının “Vardenis”lə əvəzləndiyini ermənilər də öyrənirlər. Xatırlayırlar ki, oralara qoyduqları qondarma adların heç bir əsası yoxdur, çünki gül kimi adı var - Göyçə mahalı. Sotk dedikləri də Zoddur və əhalisi tamamən azərbaycanlılardan ibarət olub.

Dövlət başçımızın Kəlbəcər-Basarkeçər yolu ilə avtomobili idarə edərkən dedikləri də düşməni yandırıb-yaxıb. Təbii ki, yanacaqlar. Axı, onlar bu yolu Laçın dəhlizinə alternativ olaraq çəkmişdilər. Qarabağın sərvətlərini daha rahat talamaqdan ötrü. Qalib ordunun Ali Baş Komandanı isə ermənilərin çəkdiyi yolla gedərkən həm Basarkeçər həqiqətlərindən bəhs etdi, həm də unikal bir fikir söylədi: “Bu yolu da hərbi qənimət hesab etmək olar”.

Düşmən necə od götürməsin? İşğal illərində Avropada, Amerikada, Rusiyada süləndilər, telemarafonlar keçirdilər, diasporanın imkanlarından yararlanmağa çalışdılar, pul toplayıb, yol çəkdilər, Azərbaycana qaldı. Hələ Cəbrayıla da yol çəkirdi, arzusu ürəyində qaldı, Paşinyanın...

Ermənilər Azərbaycanın növbəti hücumundan qorxurlar. Budəfəki hücum fərqlidir, özləri deyir: toponimiya hücumu! 1828-ci ildən sonra Çar Rusiyasının himayəsi altında torpaqlarımıza köçürülən bu köksüzlər elə zənn edirmişlər ki, dəyişdikləri, eybəcər hala saldıqları Azərbaycan adlarını unutdura biləcəklər, amma baxırlar yox, azərbaycanlıların yaddaşı necə təzələnibsə, təkcə onların Qarabağda eybəcər hala saldıqları adlarını bərpa etməklə kifayətlənməyəcəklər. Yolumuz üzü Zəngəzura, Göyçəyə, İrəvana, Vedi mahalına doğrudur! Hədəf göstərilib, istiqamət verilib, adlar konkretləşdirilib. Dövlət başçısı bəyan edib: bu yerlərin əsl sahibləri evlərinə qayıtmalıdırlar! Müharibə indiki halda başa çatsa da, hücum davam edir: hücum diplomatiyasının ardınca toponimiya hücumu!



Hədəfimizə çatmaq üçün gərək bu məsələdə üzərimizə düşənləri edək... Qərbi Azərbaycanda-Ermənistandakı toponimik terminlərlə bağlı xeyli araşdırmalar var, deputatlar Əziz Ələkbərli, Musa Quliyev (Urud) və digərləri çox qiymətli materiallar hazırlayıb nəşr etdiriblər. Bu kimi materialların əcnəbi dillərdə geniş yayılması vacibdir. Yaxud da 1903-cü, 1918-ci illərdə çap olunmuş xəritələri təkrar-təkrar tirajlayıb, yaymaq lazımdır, dünya dillərində. Azərbaycanın izləridir indiki Ermənistan, qoy bütün dünya şahid olsun! Azərbaycan Milli Elmlər Akademiyası, Tarix İnstitutu, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, XİN, diaspora, ümumən bütün qurumlar üzərinə düşəni etməlidir. Vahid komanda şəklində, koordinasiyalı aparılmalıdır işlər, pərakəndə yox. Elə olmalıdır ki, Prezident 4-cü dəfə bizə tariximizlə bağlı irad bildirməsin, çağırış etməsin...

Bir də Zəngəzur, Göyçə, İrəvanda...doğulmuş insanlarımızın pasportlarında, şəxsiyyət vəsiqələrində də düzəlişlərə ehtiyac var. Niyə o adların erməniləşmiş variantı yazılmalıdır, şəxsiyyətimizi təsdiq edən sənəddə?..

Tarixi yurdlarımıza Böyük Qayıdış naminə gərəkəni etməliyik!


Elşad Paşasoy


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi