azia.az
azia.az

Sumqayıt Dövlət Univeristetində stadionu bostana çeviriblər? -AÇIQLAMA (FOTO)

15-04-2021, 14:13

Sumqayıt Dövlət Univeristetində stadionu bostana çeviriblər? -AÇIQLAMA (FOTO)
Sumqayıt Dövlət Universiteti (SDU) təhsil müəssəsinə məxsus stadionun ortasından piyadalar üçün yolun salınması barədə sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.
SDU-nun Mətbuat katibi Nazxanım Cəlilli Xeberle.com-a açıqlamasında universitetdə 15 ildən əvvəl idman dərslərinin tədris planında yer aldığını, sonradan isə ləğv olunduğunu söyləyib.
"Bu stadion keçmişdə olub, hazırda yoxdur, 15 il əvvəl idman dərsləri üçün istifadə olunurdu, indi isə idman dərsləri keçirilmir. Ondan sonra ikinci tədris binasına gediş-gəlişin asanlaşmasından ötrü orada güllər əkilib, açıq səma altında muzey düzəldilib və tələbələrin işlərinin asanlaşdırılması üçün yol salınıb, uşaqlar üçün idman, əyləncə və istirahət güşələri yaradılıb".
N.Cəlilli SDU-da tələbələr üçün stadionun olduğunu da vurğulayıb: "Birinci tədris binasının arxasında yeni stadionumuz var. Tədris planı olmadığı üçün köhnə stadiondan bu cür istifadə olunub. Orada güllər əkilib və açıq səma altında muzey yaradılıb. Tələbələr üçün nə lazımdırsa, etmişik. Orada mini-futbol meydançası yaradılıb. SDU-nun idman zalında hər cür şəraiti var".
Sumqayıt Dövlət Univeristetində stadionu bostana çeviriblər? -AÇIQLAMA (FOTO)
Universitet rəsmisi bu yolun neçə illərdir istifadə edildiyini xatırladıb: "Universitetdə tələbələr üçün süni örtüklü futbol meydançası yaradılıb. Bu isə köhnədən qalıb və sənədi də yoxdur. Həmin ərazı təmizlənməmişdən əvvəl yaman gündə idi, ot basmışdı. Tələbələr və müəllimlər ikinci korpusa getmək üçün uzun yol qət edir, universitetin qırağı ilə palçıqlı yollarla gedirdilər. Sumqayıtda yollar indilərdə düzəlib. 5-6 il əvvəl yolların nə vəziyyətdə olduğu hamıya bəllidir".
Mətbuat katibi stadionun ortasından yol çəkmək üçün heç kimdən icazə almadıqlarını bildirib: "Bu, universitetin daxili ərazisidir. Stadionun ortasından yol çəkmək SDU-nun daxili qərarıdır. İki dənə dəmiri qoymaqla stadion olmur".
Universitet rəsmisi stadionu əvvəlki vəziyyətə qaytarmağı düşünmədiklərini söyləyib: "Öz daxili stadionumuz var. Mini və böyük stadionlarımızdan tələbələr yararlanırlar. Orada müxtəlif yarışlar keçirilir. Yeni stadionumuz da böyükdür və tələbələrin istifadəsi üçün yararlıdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi