azia.az
azia.az

Görkəmli torpaqşünas alim Vladimir Volobuyevin 110 illik yubileyinə həsr olunan yığıncaq keçirilib

28-09-2019, 02:49



Görkəmli torpaqşünas alim Vladimir Volobuyevin 110 illik yubileyinə həsr olunan yığıncaq keçirilib
Sentyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli torpaqşünas alim, AMEA-nın həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi Vladimir Rodionoviç Volobuyevin 110 illik yubileyinə həsr olunan yığıncaq keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik Akif Əlizadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institut və təşkilatlarının direktorları, bölmə üzrə AMEA-nın professorları, respublikanın təhsil, eləcə də elmi qurumlarından nümayəndələr və digər qonaqlar iştirak ediblər.
Görkəmli torpaqşünas alim Vladimir Volobuyevin 110 illik yubileyinə həsr olunan yığıncaq keçirilib
Akademiyanın Əsas binasında təşkil olunan tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə yığıncağın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2019-cu il tarixli "Akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirildiyini bildirib. Görkəmli alimin həyat və yaradıcılığından, onun elmi və elmi-təşkilati fəaliyyətindən danışan natiq vurğulayıb ki, V.Volobuyevin torpaqşünaslıq elminin inkişafında mühüm xidmətləri olub. Onun elmi fəaliyyətinin, əsasən genetik torpaqşünaslıq və şoran torpaqların meliorasiyası, meliorasiyanın və meliorativ rayonlaşdırmanın ərazinin geomorfologiyası ilə əlaqələndirilməsi, relyefin plastikasından istifadə etməklə geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlim arasındakı qarşılıqlı əlaqə, torpaqların ekologiyası, torpaqəmələgəlmənin energetikası və digər elmi problemlərin tədqiqinə həsr olunduğunu diqqətə çatdırıb.

Akademik Akif Əlizadə görkəmli alimin bir sıra mühüm vəzifələrdə çalışdığını bildirib: "1930-cu ildə Kuban Kənd Təsərrüfatı İnstitutunu bitirmiş V.Volobuyev 1937-1939-cu illərdə Zaqafqaziya Su Təsərrüfatı Layihə İnstitutunda (indiki Azərbaycan Dövlət Su Təsərrüfatı Layihə İnstitutu) Torpaq-meliorasiya sektorunun direktoru olub. O, Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların meliorasiyası laboratoriyasının müdiri, elmi işlər üzrə direktor müavini və direktoru vəzifələrində çalışıb, müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin akademik-katibi olub".

V.Volobuyevin elmi və elmi-təşkilati fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik Akif Əlizadə görkəmli alimin iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi fəxri adlarına, həmçinin Mendeleyev adına mükafata layiq görüldüyünü, iki dəfə Qırmızı Əmək Bayrağı, eləcə də Xalqlar Dostluğu, Şərəf Nişanı ordenləri ilə, V.V.Dokuçayev adına Qızıl medalla təltif olunduğunu əlavə edib.

Alimin Azərbaycanda torpaqşünaslıq və meliorasiya elminin inkişafına böyük töhfələr verdiyini deyən akademik Akif Əlizadə onun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi akademik Əhliman Əmiraslanov "Biologiya və aqrar elmlərin inkişafında akademik Vladimir Volobuyevin rolu" mövzusunda məruzə ilə çıxış edib. Alimin aqrar elmin inkişafındakı xidmətlərindən danışan natiq onun tədqiqatlarının müxtəlif istiqamətli olduğunu bildirib.

Ə.Əmiraslanov vurğulayıb ki, 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının strukturundakı elmi bölmələr, o cümlədən Biologiya və Kənd Təsərrüfatı Bölməsi ləğv olunub və 1959-cu ildə yenidən bərpa edilərək, akademik Vladimir Volobuyev Biologiya və Təbabət Elmləri şöbəsinə akademik-katib seçilib və 1980-ci ilə kimi bu vəzifəni icra edib. Sonralar şöbənin adı dəyişdirilib Biologiya elmləri bölməsi adlandırılıb. Akademik Vladimir Volobuyev 1958-1959, 1980-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb.

Yeniliklərə açıq rəhbər olmuş V.Volobuyevin torpaqşünaslıq və meliorasiya ilə yanaşı, aqrokimya, botanika, zoologiya, fiziologiya və s. elmlərin planlaşdırılması, koordinasiyası, təşkili və inkişaf etdirilməsi, həmçinin kadr hazırlığı sahəsində böyük xidmətləri olduğunu dilə gətirən akademik Ə.Əmiraslanov 1970-1980-ci illərdə akademik Cəlal Əliyevin də Azərbaycanda biologiyanın müasir elmi istiqamətlərinin yaradılması və inkişafı, eləcə də müvafiq tədqiqatlara və fərqli elm sahələrinə aid mütəxəssislərin cəlb olunması ilə bağlı ideyalarını daim dəstəklədiyini qeyd edib.

Akademik Ə.Əmiraslanov tanınmış alim və elm təşkilatçısı olmaqla bərabər, gözəl xasiyyətli, təvazökar insan, etibarlı dost olmuş Volobuyevin xatirəsinin hər zaman yad ediləcəyini deyib.

Tədbirdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri aqrar elmlər doktoru Mustafa Mustafayev "Akademik Vladimir Volobuyevin elmi və elmi-təşkilati fəaliyyəti" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, V.Volobuyev professor S.İ.Tyuremnovun rəhbərlik etdiyi ekspedisiyanın tərkibində Azərbaycana gələrək Muğanda torpaqların su-fiziki xassələri və duzluluğunun öyrənilməsi sahəsində tədqiqatlar aparıb. 1930-cu ildə təyinatla Azərbaycana gəlib, ömrünün sonuna kimi həyatını ölkəmizdə torpaqların öyrənilməsi və onların yaxşılaşdırılmasına həsr edib.

Görkəmli alim tərəfindən ilk dəfə olaraq torpağın iqlim ilə hidrotermik əlaqə sisteminin işlənib hazırlandığını söyləyən M.Mustafayev bununla torpaq ekologiyası təlimində yeni istiqamət olan torpaqəmələgəlmənin energetikasının əsasının qoyulduğunu əlavə edib.

M.Mustafayev vurğulayıb ki, akademik V.Volobuyev torpaqların meliorasiyası, geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlimin qarşılıqlı əlaqəsi və torpaq ekologiyasına dair nəzəri-təcrübi əhəmiyyətə malik sanballı araşdırmaların müəllifi, eləcə də 10 il SSRİ Elmlər Akademiyasının "Torpaqşünaslıq" jurnalının baş redaktoru olub. V.Volobuyevin 5 monoqrafiya, 200-ə yaxın məqalə, 4 xəritə və 5 patentin müəllifi olduğunu söyləyən natiq görkəmli alimin kadr hazırlığına da xüsusi diqqət yetirdiyini bildirib: "V.Volobuyev 20 namizədlik və 5 doktorluq dissertasiyasının rəhbər və məsləhətçisi olub. Onun tələbələri bu gün ölkəmizdə və xaricdə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, su-duz balansı, ekomeliorativ qiymətləndirmə, yeni texnologiyalardan istifadə etməklə şorlaşma xəritələrinin tərtibi, münbitlik göstəricilərinin yaxşılaşdırılması ilə bağlı elmi tədqiqat işlərini davam etdirir, çoxsaylı tövsiyə və monoqrafiyalar nəşr etdirirlər".

M.Mustafayev akademik V.Volobuyevin xatirələrdə torpaqşünaslıq və meliorasiya sahəsində tanınmış görkəmli alim, tələbkar, sakit təbiətli, ciddi insan, çalışqan və savadlı mütəxəssislərin yetişməsində böyük əməyi olan rəhbər kimi qalacağını deyib.

Tədbirdə çıxış edən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq biologiyası laboratoriyasının müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pirverdi Səmədov, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin Drenaj laboratoriyasının müdiri texnika elmləri doktoru, professor Eyvaz Eyvazov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Meliorasiya su təsərrüfatı tikintisi kafedrasının professoru texnika elmləri üzrə fəlsəfə doktoru Yaşar Qəhrəmanlı, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq proseslərinin dinamikası laboratoriyasının müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Niyazi Süleymanov görkəmli alimin həyat və elmi fəaliyyətindən danışaraq akademiklə bağlı xatirələrini bölüşüblər.


AMEA Rəyasət Heyətinin aparatı
Mətbuat və informasiya idarəsi
İctimaiyyətlə əlaqələr
şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi