azia.az
azia.az

Millət vəkili: "Azərbaycanda qəbul imtahanları ləğv olunmalıdır"

4-06-2019, 07:56


"Mənə elə gəlir ki, qəbul imtahanları ilə bağlı hələ də ciddi işlər aparılmalıdır. Bizdə bu sistemin mövcudluğunun əsas səbəbi universitetlərə inamın itməsi ilə bağlıdır. Universitetlərdə xoşagəlməz hallar olurdu. Məhz ona görə bu sistem tətbiq edildi ki, istedadlı, aztəminatlı ailələrin uşaqları universitetdə təhsil ala bilsin. Dövlət maliyyəsi hesabına bunu həyata keçirə bilsinlər”.
Millət vəkili: "Azərbaycanda qəbul imtahanları ləğv olunmalıdır"
Bu sözləri "Yeni Sabah”a builki qəbul imtahanlarının nəticələri ilə bağlı fikrini bildirərkən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib. Onun sözlərinə görə, əslində universitet sistemində də müvafiq islahatlar həyata keçirilməlidir:

"Qəbul sistemində də islahatlar olacaq ki, biz beynəlxalq təcrübəni tətbiq edə bilək. Hələlik tələbə qəbulu imtahan sisteminin təkmilləşdirilməsi, bu istiqamətdə müəyyən addımlar atılmasına ehtiyac var. Ancaq ciddi universitetlər dəyişəndən sonra biz dünya təcrübəsinə keçə bilərik.

Çünki dünya ölkələrində bir imtahan var, o da buraxılış imtahanıdır. Bunun əsasında da universitetlər özləri üçün tələbələri seçirlər. Amma bizdə sovet ənənələrinə son qoyulmadığına görə, tələbə qəbulu ilə bağlı vahid imtahan sistemi mövcuddur. Universitetlər həm buraxılış imtahanının nəticələrinə, həm də abituriyentin məktəbdəki fəaliyyətinə, maraqlarına uyğun olaraq tələbə seçirlər. Bu təcrübə hər yerdə var.

Bir məsələni də düşünmək lazımdır. Tələbələrin təhsilinin maliyyələşməsi üçün necə edək ki, burada sosial təminatı zəif ailələrin istedadlı uşaqlarını təhsillə təmin etmək mümkün olsun. Çünki zəngin ailələr müəyyən vəsait tapıb uşağını oxutdururlar. Cəmiyyəti maraqlandıran ən əsas məsələ istedadlı aztəminatlı uşaqların təhsilidir”.

A.Mollazadə universitetlərdə hansı dəyişikliklərə ehtiyac olduğundan da danışıb. O bildirib ki, universitetlər sovet ənənələrinə son qoymalıdır:

"Universitetlərdə də mütləq dəyişikliklər olmalıdır. Ali məktəblər sovet ənənələrinə son qoymalıdırlar. Onun üçün də əsasən diqqət biliyə verilməlidir. Universitetlərimiz dünya təcrübəsindən bəhrələnərək cəmiyyətdə inamı doğrultmaq, qaytarmaq üçün müvafiq dəyişiklikləri həyata keçirməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi