azia.az
azia.az

ATƏT seçkiyə 380 müşahidəçi göndərəcək

28-12-2019, 12:10


Orta hesabla hər dairəyə 10 iddiaçı

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün dekabrın 26-dək 1329 namizəd müraciət edib. Namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb. 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədliklərini irəli sürüb. Müraciət edən şəxslərinin 1042 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 829 nəfəri isə imza vərəqələrin artıq götürüb. 60 nəfəri qaytarıb və onlardan biri qeydə alınıb.
ATƏT seçkiyə 380 müşahidəçi göndərəcək
Dünən isə məlum olub ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycana müşahidəçi missiyası göndərəcək. Bu barədə ATƏT DTİHB-nin dekabrın 19-21-də Bakıda olmuş qiymətləndirmə missiyasının hazırladığı məruzədə bildirilir.

Qeyd olunur ki, seçkilərlə bağlı ATƏT DTİHB Azərbaycana 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi ezam edəcək. Seçkilərdə tanınmış şəxslərin namizədliklərinin irəli sürülməsi isə davam edir. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) daha iki tanınmış üzvünün seçkilərdə namizədliyini rəsmiləşdirib.
Bunlar hazırkı deputatlar Hüseynov və Fəzail İbrahimlidir. Hər iki deputat hazırda təmsil olunduqları dairələrdən seçkilərə qatılıblar-Rafael Hüseynov 58 saylı Kürdəmir-Hacıqabul dairəsindən, Fəzail İbrahimli 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsindən. Onlar artıq 5-ci dəfə VHP-dən seçkilərə qatılırlar.

Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş tanınmış ictimai-siyasi xadim Oktay Qasımov isə 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyini verib.

Azərbaycan Qran-prisinin siması olan-Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə 9 fevral parlament seçkilərində namizədliyini 29 saylı Səbail Seçki Dairəsindən irəli sürüb.

Xanım Arpadarainin seçkilərə qatıldığı dairəni parlamentdə hazırda hakim Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, hazırkı deputat Şəmsəddin Hacıyev təmsil edir. N. Arpadarainin məhz buradan namizədliyini irəli sürməsi isə Ş. Hacıyevin artıq ya həmin dairədən namizəd olmayacağını, ya da, ümumiyyətlə, yenidən namizəd göstərilməyəcəyini işarə edir.

Əməkdar jurnalist Azər Həsrət də dekabrın 27-də rəsmən deputatlığa namizədliyini irəli sürüb. A. Həsrət sənədlərini 55 saylı Xaçmaz şəhər seçki dairəsinin dairə seçki komissiyasına (DSK) təqdim etdiyini bildirib.

Ədalət Partiyası isə 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edib. Bu barədə partiyanın sədr müavini Mütəllim Rəhimli məlumat yayıb. M.Rəhimli qeyd edib ki, seçkilərin gedişi prosesində və sonda ona münasibətimizi ifadə edəcəyik: “İndi isə bütün iddiaları bir tərəfə qoyub siyasi partiyanın üzərinə götürdüyü missiyanı yerinə yetirməyə çalışacağıq. Çünki siyasi partiyanın əsas vəzifələrindən biri də öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışmasıdır”.

Etibar SEYİDAĞA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi