azia.az
azia.az

Paşinyan rejimini fiaskoya uğradan qətiyyət

27-10-2019, 13:43


Əyyub ƏYYUBOV,
Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor, fəxri turizm işçisi

Paşinyan rejimini fiaskoya uğradan qətiyyət
Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qarabağ problemi ilə əlaqədar bəyan edilən fikirlər və ortaya qoyulan qətiyyətli mövqe dünyanın siyasi gündəmində böyük rezonans doğurdu.

İllərdir davam edən bu hərbi münaqişənin sülh yolu ilə və beynəlxalq hüququn normaları çərçivəsində həllində maraqlı olduğunu göstərən Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev səbrin də bir hüdudu olduğunu mötəbər tribunadan gur səslə bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Etiraf etmək lazımdır ki, siyasi hakimiyyətə gəldiyi ilk günlərdən etibarən əsassız, populist çıxışları və bəyanatları ilə hakimiyyətdaxili mövqelərini möhkəmləndirməyə çalışan Nikol Paşinyan ilhamvericiləri tərəfindən onun üçün öncədən müəyyən olunmuş qırmızı cizgiləri belə tapdalamağa meyilləndi. El arasında deyildiyi kimi, iştah yemək zamanı artır. Paşinyanın normal siyasətçiyə yaraşmayan sərsəm iddia və bəyanatlarından təəccüblənən beynəlxalq qurumlar da nələrin baş verdiyindən düzgün nəticə çıxara bilmirdi. Nikol Paşinyanın və digər dövlət rəsmilərinin Dağlıq Qarabağa qanunsuz son səfərləri Ermənistan ictimaiyyətini əslində qurtuluşu olmayan bir bataqlığa və fəlakətə sürükləyirdi. Bu həm də hadisələrin sonrakı və həlledici axarı ilə bağlı mövcud düşüncələrə yeni fərqli münasibətin yaranmasına yol açırdı. Dərin təhlil göstərir ki, erməni siyasətçilərinin Dağlıq Qarabağa səfərlərini səbirlə izləyən Azərbaycan dövləti əslində Ermənistanın yeni rəhbərliyindən Qarabağ separatçıları ilə davamlı təmas qurub onları beynəlxalq cinayət yolundan çəkindirməyi gözləyirdi. Amma Paşinyan bunu da çirkin və sərsəm iddialarının güdazına verdi. O, utanmadan hətta BMT-nin tribunasından Qarabağla bağlı həyasız iddialarını səsləndirməkdə davam etdi. Bu, artıq sözün bitdiyi yer idi və bu cür sərsəm sayıqlamalar cavabsız qala bilməzdi. Cənab Prezident İlham Əliyevin "Valday”dakı çıxışı bu mənada ədalətə və cəsarətə söykənən qətiyyət nümunəsi idi: "Mən Ermənistan baş nazirinin təəccüb doğuran "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ Aranlı-Dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır.

Ermənistanın özü bu qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Azərbaycanın ilbəil artan iqtisadi və hərbi gücü fonunda ölkəmizin beynəlxalq siyasi aləmdə mövcud yeri və çəkisi daha da artır. Ermənistan isə iqtisadi, sosial, mədəni, demoqrafik və hərbi sahələrdə tənəzzülə uğrayan zavallı dövlət imicinə sahibdir. Zəifliyi və çarəsizliyi məsuliyyətsiz bəyanatlarla sığortalamağa çalışan erməni baş nazir xalqını və dövlətini daha böyük fəlakətə və bədbəxtliyə sürükləyir. Prezident İlham Əliyevin məşhur "nida işarəsi” əslində beynəlxalq aləmə Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin konkret mövqeyinin bir daha nümayişidir.

Biz özümüzün olanı kimsəyə güzəştə getmək niyyətində deyilik və istənilən an hərbi gücümüz sayəsində düşmənə layiqli cavab verə bilərik. Paşinyan sərsəm bəyanatlarını davam etdirdiyi halda Azərbaycan istənilən yolla öz torpaqlarını azad etməli olacaqdır.

Prezident İlham Əliyevin çıxışı həm də beynəlxalq hüquqa və dəyərlərə ədalətsiz mövqe nümayiş etdirən beynəlxalq qurumlara da bir çağırış kimi tarixləşdi. Rusiyanın birinci kanalına müsahibə verən cənab Prezident bir daha bu ədalətsizyin təəssüfverici olduğunu bəyan etdi: "Əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur. BMT Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə, qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da bu dünyəvi təsnifat müəyyən dərəcədə nüfuzdan salınır”.

Hesab edirəm ki, bu bəyanat həm beynəlxalq siyasi qurumlara, həm də populist bir baş nazirin girovuna çevrilmiş erməni ictimai fikir tərzinə düşünüb-daşınmaq üçün verilən daha bir fürsətdir. Bu fürsətin doğru-düzgün dəyərləndirilərək nəticə çıxarılması üçün hələ vaxt bitmiş deyil. Ermənistan cəmiyyəti onu gözləyən fəlakət burulğanından qurtulmaq şansını itirməməlidir. Bunun üçün onlardan sadəcə bir gerçəkliyi dərk etmək tələb olunur, Prezident

İlham Əliyev demişkən: "Qarabağ Azərbaycandır və nida işarəsi”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi