azia.az
azia.az

KORONAVİRUSDAN BETƏR KORRUPSİYAYA YOLUXMUŞ YOLUXUCU XƏSTƏXANA

7-05-2020, 13:03

KORONAVİRUSDAN BETƏR KORRUPSİYAYA YOLUXMUŞ YOLUXUCU XƏSTƏXANA
Koronavirusa qarşı mübarizədə insanların sağlamlığının keşiyində duran səhiyyə işçiləri ön cəbhədədirlər və onların xidmətini dövlətimiz, xalqımız yüksək dəyərləndirir. Prezident bu sahədə çalışanların maaşlarının artırılmasına sərəncam verir, vətəndaşlar onları əl çalaraq alqışlayırlar. Jurnalistlər də bu humanist peşənin layiqli təmsilçilərinin fədakarlıqlarını işıqlandırırlar.

Amma çox təəssüflər olsun ki, bəzi səhiyyə işçiləri COVİD-19 epidemiyasından bir növ “toxunulmazlıq” statusu kimi istifadə etməyə, öz yarıtmaz fəaliyyətlərini pərdələməyə çalışırlar. Söhbət baş həkimlərdən, onların kadr və idarəetmə siyasətindəki neqativ məqamlardan gedir. Bəzi səhiyyə müəssisələrinin rəhbərləinə elə gəlir ki, onlar hazırki şəraitdə işçilərinə qarşı hətta korruptiv hüquqpozmalara belə yol versələr də, heç kəs onlardan hesab sormalı deyil. Nə var – nə var, yoluxucu xəstəliyə qarşı mübarizə aparırlar. Belələrinin nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, korrupsiya da ümumbəşəri bəladır və ölkəmizdə möhtərəm prezidentimizin qətiyyətli iradəsi ilə bu xəstəliyə qarşı mübarizə çoxdan elan olunub, hələ də davam etməkdədir.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 6 ünvanında yerləşən 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında baş həkim vəzifəsini 2019-cu ildən müvəqqəti olaraq Güllü Əhmədova icra edir. Güllü xanımın iş başına keçməsindən sonra sözügedən xəstəxanada rüşvətxorluğun baş alıb getdiyi, saxta arayışların verildiyi, ştatda adı gedən “ölü canlar”ın maaşlarının rəhbərlik tərəfindən “pay-püşk” edildiyi, pasientlərə olduqca laqeyd münasibət göstərildiyi, tibbi avadanlıqların nasazlığı və çatışmazlığı, hətta müəssisə rəhbərliyinin xəstəxananın ərazisindən qonşuluqdakı villanın sahibinə torpaq sahəsi satdığı və başqa qanunsuzluqlara rəvac verməsi barədə KİV-də məlumatlar dolaşır. Bildirilir ki, xəstəxananın bu ilin başından TƏBİB-in tabeliyinə keçməsi də vəziyyəti dəyişməyib.
Əlbəttə, başqa mətbu və elektron nəşrlərdə bu mövzuda nə yazıldığını məxsusi olaraq araşdırmaq ağlımıza gəlməzdi, əgər birbaşa Nyus.az saytının redaksiyasına mənbədən məlumat daxil olmasaydı. Həmin məlumatda da yuxarıda sadalanan neqativ hallar yer almış, amma həm də əlavə bir mühüm nüans da diqqətimizi çəkmişdi: Mənbə bildirirdi ki, Güllü Əhmədova onunla həmkəndli olan, ona çörək verib bu xəstəxanaya işə götürən və şöbə müdiri vəzifəsinə qədər yüksəldən sabiq baş həkim Raisə xanımın haqqında yuxarı instansiyalara davamlı anonim “donons”lar yazıb və onun vəzifədən kənarlaşdırılmasına nail olub. Hazırda baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədova tezliklə həmin vəzifəyə birdəfəlik təsdiqlənmək arzusundadır.
Bu və digər məsələlərə münasibətini öyrənmək üçün Güllü Əhmədova ilə telefon əlaqəsi saxlayıb suallarımızı verdik. Mövqeyini təmkinlə bildirmək əvəzinə o, çox acıqlı tərzdə informasiyanın mənbəyinin həmin müəssisədə 8 ay işləyəndən sonra qovulmuş Pərvanə Hacıyevanın olduğunu bildiyini dedi və onun ünvanına nalayiq ifadələr işlətdi: “Əxlaqsız birinin sözünə inanırsınız. Raisə xanım işində yol verdiyi nöqsanların ucbatından işdən çıxarılıb. Pərvanə isə iş yerində uşaqları deyil, gətirdiyi kişiləri masaj edib onlarla əxlaqsız hərəkət etdiyinə görə “statya” ilə işdən qovulub. O qadın iki uşağı əlindən alınaraq Gəncədən “deport” olunub...”
G.Əhmədovaya söhbətin sonunda verdiyi cavaba görə təşəkkürümüzü bildirdik. Görünür, müvəqqəti baş həkim bizə deməyə yaddan çıxardığı hələ çox sözlər olduğundan, onun tapşırığı ilə müavini və eyni zamanda xəstəxana həmkarlar təşkilatının sədri olan Zübeydə Qurbanova redaksiyamıza zəng vurdu. Özünü təqdim edəndən sonra bizim sualları cavablandırmaq əvəzinə özü sual verdi: “Mən “prosto” bilmək istəyirəm ki, işdən azad olmuş Tağıyeva Pərvanənin sözü ilə 251 nəfərlik kollektivi narahat edirsiniz? O qadın burda kişiləri qəbul edirdi...”
Baş həkimin müavininə sual verdik ki, bəs elə idisə, Pərvanə Tağıyevaya müdiri olduğu Güllü Əhmədova və sabiq baş həkim Raisa xanım niyə şərait yaradırdı, niyə məhz Raisə xanımın rəhbərliyi dönəmində kollektiv Pərvanə Tağıyevanın əməllərinə etiraz etmirdi, Raisə xanım vəzifədən gedəndən sonra G.Əhmədova onu işdən çıxarıb. Z.Qurbanova bildirdi ki, P.Tağıyevanın işdən çıxarılmasınadək ona töhmət, verilib, ən nəhayət, Səhiyyə Nazirliyi ilə razılaşdırılaraq işdən qovulub. Axır sözü bu oldu ki, indiki halda jurnalist araşdırması aparmaq CİNAYƏTDİR(!)
Bu mövzuya qayıdacağıq. G.Əhmədova ilə Tağıyeva – Z.Qurbanova cütlüyünün arasındakı nifaqın əsl səbəblərini öyrənib oxucularla bölüşməyə çalışacağıq.

Nyus.Az
Redaksiya olaraq Nyus.az saytının dərc elədiyi yazıya qarşı tərəfin münasibətini öyrənməyə çalışsaq da zənglərimizə cavab verən və özünü baş həkimin köməkçisi kimi təqdim edən(adını demir) xanım, "yazdıqlarınızın heç biri həqiqətə uyğun deyil, onsuz da Prezidentdən də yazırlar, nə yazırsınız yazın yazınıza guya baxan var"-deyə danışığa son verdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi