azia.az
azia.az

SOS! Ətrafımızı “donuz qripi” bürüyüb- iki sərhəd ölkədə ölənlər artır

17-01-2020, 22:56


Gürcüstanda və İranda virusdan ölənlərın var; Çinə gedən azərbaycanlılara da rəsmi xəbərdarlıq edildi; baş infeksionistdən açıqlama
SOS! Ətrafımızı “donuz qripi” bürüyüb- iki sərhəd ölkədə ölənlər artır
Yeni ilin ilk günlərindən Gürcüstanda donuz qripi kimi tanınan A (H1N1) virusuna yoluxma halları qeydə alınıb. Məlumatlarda iki nəfərin bu virusdan öldüyü bildirilir.

İranda isə A (H1N1) tipli qrip virusundan ölənlərin sayı 114 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin idarəetmə mərkəzinin sədri Hüseyn İrfani məlumatı təsdiqləyib və deyib ki, son həftələr ölkədə B tipli qrip virusuna yoluxanların da sayı artmaqdadır.

Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kerman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

Xəstəxanalarda A və B tipli viruslara yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb. Bir sözlə, “donuz qripi” adlanan virus Azərbaycanla sərhəd olan üç ölkəni cənginə alıb.

Azərbaycan Turizm Bürosu isə ölkədəki turizm şirkətlərinə Çinin Uxan şəhərində koronavirusun yeni növünün müşahidə edilməsi ilə əlaqədar xəbərdarlıq edib.

Xəbərdarlıqda Uxan şəhərinə səfər edən azərbaycanlı turistlərin diqqətli olması barədə təlimat verilib. İndiyədək bu virusa 41 nəfər yoluxub, iki nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyi də Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar bu ölkəyə səfər edənlərə, o cümlədən ticarətlə məşğul olanlara xəbərdarlıq edib.

Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

Səhiyyə Nazirliyi Yeni ildə Azərbaycanda “donuz qripi”nə yoluxma hallarının qeydə alınmadığını açıqlayıb.

Yanvarın 15-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 2 nəfərin ölməsi xəbərləri də ölkədə “donuz qripi” virusunun olduğuna dair ehtimalları çoxaldıb.

Belə ki, Lerik rayon sakini 41 yaşlı Azad Qafarov, Binəqədi rayon sakini 35 yaşlı Rəşad Qəniyev ötən gün müalicə aldıqları Ağ Ciyər Xəstəlikləri İnstitutunda ölüb.

İnstitutun direktoru Həqiqət Qədirova isə bildirib ki, hər iki şəxs ağır vəziyyətdə olub, amma onların “donuz qripi”nə yoluxmaları ilə bağlı yazılanlar doğru deyil.

Qədirova əlavə edib ki, ötən il H1N1 virusu ilə müalicə alanlar olub. Lakin bu il ərzində “donuz qripi” şübhəsi ilə müraciət daxil olmayıb.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə “Yeni Müsavat”a bildirdi ki, adi qripdə ölüm 4 faiz ola bilir. Onun sözlərinə görə, xəstə halda işə gedən, özünə baxmayan adamlarda xəstəlik ağırlaşır: “Əsasən körpəsi olanlar, hamilələr, yaşlı adamlar diqqətli olmalıdırlar. İnsanlar özlərini gözləməlidirlər. Epidemiya o vaxt olur ki, hər 100 min nəfərdən 4 min nəfər xəstələnsin. Əlbəttə ki, bu gün dörd yanımızda xəstələnən insanlar var.

Hətta bəziləri xəstə vəziyyətdə işə gəlirlər. Amma hamısına virusa yoluxduğunu demək olmaz. Hazırda respublikada təsdiqi olunmuş “donuz qripi” virusu yoxdur”.

C.İsayev qeyd etdi ki, Çində yayılan koronavirusdur və “donuz qripi” ilə əlaqəsi yoxdur. Baş infeksionistin sözlərinə görə, əgər qonşu ölkələrdə H1N1 virusu yayılıbsa, Azərbaycana da gələ bilər: “Sadəcə, hələlik ölkədə kəskin respirator infeksiya yayılıb. Hamımızın ətrafında, dost-tanışında, ailə üzvləri arasında qriplə xəstələnənlər var. Bu, insanları qorxudacaq dərəcədə epidemik xarakterli deyil. “Donuz qripi” yayılması ehtimal olunan virusdur, amma indiyədək respublikada yoluxan yoxdur. Xəstələnməyin bir səbəbi də orqanizmin immun sisteminin zəif olmasıdır. İmmun sistemi zəif olan insanlar qripi, başqa xəstəlikləri ağır keçirir. İmmun sistemimizi gücləndirmək üçün də qidalanmağımıza fikir verməliyik”.

Onu da qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “quş qripi” təhlükəsinə görə Polşadan diri quş və quş əti idxalını müvəqqəti dayandırıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi