azia.az
azia.az

Qarabağ şəhidlərinin övladlarını Türkiyədə pulsuz oxudacaq qurumun rəhbəri danışdı MÜSAHİBƏ

29-04-2021, 20:41


Abdullah Ərən: “Türkiyə və Azərbaycan arasındakı münasibət Türk dünyasının arzu etdiyi səviyyəyə gəlməsi üçün gözəl bir örnək olacaqdır”

Qarabağ şəhidlərinin övladlarını Türkiyədə pulsuz oxudacaq qurumun rəhbəri danışdı MÜSAHİBƏ
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Yanında Yurt Dışı Türklər və Əqrəba Topluluqlar Başqanlığının başqanı Abdullah Ərən Musavat.com-un suallarını cavablandırıb.

Müsahibəni oxucularımıza təqdim edirik.



-Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri gündən-günə inkişaf edir. Bunu yaxın keçmişdə yaşadığımız II Qarabağ Müharibəsi zamanı daha yaxşı görmək imkanı oldu. Təbii ki, hər zaman yanımızda olduğunuz üçün sizlərə sonsuz minnətdarıq ... Keçək ikili münasibətlərə… Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz? Yurt Dışı Türklər və Əqrəba Topluluqlar Başqanlığının (YTB) əlaqələrimizə verdiyi töhfələr haqqında nələri bölüşmək istərdiniz?


-Hər fürsətdə vurğuladığımız kimi və yenə də, demək istərdim ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu səbəbdən bu qardaşlığın, bu yaxınlığın gərəkçəsi olaraq Türkiyə, Azərbaycanın öz ərazisi olan Qarabağdakı işğala son qoymaq üçün girişdiyi haqlı mücadiləsinə bütün imkanları ilə dəstək olmağa çalışdı. Bu müddətdə prezidentlərimiz cənab Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasındakı sıx birlik həm millətimizin fərdləri həm də, qurumlarımız arasında özünü göstərdi. YTB ​​olaraq fəaliyyət sahələrimizdə bu həmrəyliyə töhfə verməyə çalışdıq. Müvafiq dostlarımla qurumun rəhbəri kimi Azərbaycana dəstək səfəri etdim. Diaspora Komitəsinin sədri Fuad Muradov bəylə görüşdük. Yenidən Gəncədə, Ermənistanın günahsız mülki insanları hədəf aldığı və təmas nöqtəsi sayılan bölgəni gördük. Şəhidlərimizin dəyərli ailələrinə başsağlığı verdik. Türkiyə məzunu şəhidimiz general Polad Həşimov və polkovnik Şükür Həmidovun ailələrini ziyarət etdik. YTB ​​hər zaman xüsusilə təhsil və mədəniyyət kimi gələcəyə aparan addımlarla Türkiyə və Azərbaycan münasibətlərini daha da inkişaf etdirməyə çalışır. Ümid edirəm layihələrimiz və proqramlarımız iki ölkənin nəsillərini əl-ələ verərək mövcud bir zəmində yüksək potensilada yetişdirməyə yardımçı olacaqdır.


-Rəhbərlik etdiyiniz qurum YTB, hər keçən zaman kəsimində xarici tələbələr üçün yeni və sərfəli təqaüd imkanları təqdim edir. Bunlardan biri də “Türkiyə Bursları” kimi bilinən xarici tələbələr üçün təklif edilən təqaüd proqramıdır. Bu təqaüd proqramı haqqında bir az danışaq…


-“Türkiyə Bursları” başda qardaş gördüyümüz ölkələr olmaq üzərə Türkiyənin bütün dünyaya açdığı ali təhsil üçün beynəlxalq bir təqaüd proqramıdır. Bu proqram çərçivəsində ölkəmizdə təhsil alacaq tələbələrin universitetə yerləşdirilməsi, türkcə dil kursu alması, sağlıq sığortası, ölkəsindən Türkiyəyə gediş-gəliş biletinin təmin olunması və aylıq təqaüd alması kimi ehtiyacları qarşılanır. Ayrıca, Türkiyənin dünyaya açılan bir markası konumunda olan “Türkiyə Bursları” tələbələrimizin şəxsi kariyeralarında yüksəlmələrindən başqa, vətəndaşı olduqları ölkələr ilə Türkiyə arasındakı insani və bilimsəl bağları inkişaf etdirməyə böyük töhfələr verməkdədir. Dünyanın 170-dən çox ölkəsindən rekord sayda müraciətlər alan bu təqaüd proqramı çərçivəsində hər il ortalama hesabla 3000 tələbə tam təqaüdlü təhsil almaqdadır.

Məzun olan tələbələrimiz ilə də əlaqələrimizi kəsmirik. Məzun olduqdan sonra hazırda 150 min üzvü olan Türkiyə Məzunları ailəsinə qatılan tələbələrimiz dünyanın fərqli nöqtələrində yaşayan Türkiyə Məzunları Dərnəkləri aracılığı ilə həm öz aralarındakı əlaqəni, həm də, Türkiyə ilə olan əlaqələrini davam etdirməkdədirlər. Bir şeyi də, diqqətinizə çatdırım ki, “Türkiyə Bursları” tələbələrə ali təhsildən başqa həyata keçirdiyimiz “Beynəlxalq Tələbə Akademiyası” aracılığı ilə Türkiyəni və Anadolunu, onun mədəniyyətini yaxından tanıma imkanı verən zəngin proqramlar da təklif edir.


-Bildiyimə görə, Qarabağ zəfərində şəhid olan qəhrəmanlarımızın övladlarına bu il “Türkiyə Bursları” çərçivəsində özəl bir kontenjan ayrılacağı deyilirdi. Bu, gerçəkləşdimi?

-Bəli, doğru məlumatdır. Qarabağ döyüşlərində şəhid olan qəhrəmanlarımızın övladlarına məxsus “Türkiyə Bursları” çərçivəsində özəl kontenjan ayırdıq. Qeyd edim ki, bu, qurumumuzun tarixində bir ilkdir. Düşünürəm ki, bu vəsilə ilə şəhidlərimizin övladlarına az da, olsa dəstək olacağıqsa, bu bizi də, sevindirər. İnanırıq ki, şəhidlərimizin övladları bu təqaüd proqramı çərçivəsində alacaqları keyfiyyətli təhsilin sonunda həm Azərbaycanın istiqbalına, həm də, Türkiyə-Azərbaycan qardaşlığına dəyərli töhfələr verəcəklər.

-YTB-nin xarici tələbələr üçün həyata keçirdiyi layihələr diqqətlərdən qaçmamaqdadır. Dünyanı bürüyən qlobal problem ‘’Covid dönəmi’’ hər ölkədə olduğu kimi Türkiyədə də bir çox sıxıntılara yol açıb. Bununla bağlı tələbələrə nə demək istərdiniz?

-Bu virus yaşatdığı bütün çətinliklərlə bərabər, həm də, beynəlxalq müstəvidə yardımlaşma və dayanışma (həmrəylik) göstərmək üçün bütün dünyaya fürsət verdi. Ancaq, təəssüf ki, dünyanın bu fürsəti yaxşı şəkildə dəyərləndirə bildiyini söyləmək çətindir. Buna rəğmən Türkiyənin qlobal dayanışmada örnək bir ölkə olduğunu çox böyük rahatlıqla söyləyə bilərik. Belə ki, dünyanın fərqli nöqtələrindəki vətəndaşlarını yalnız buraxmamaqla bərabər, Amerikadan Afrikaya qədər, bir çox ölkələrə yardım göndərdi.

YTB də dövlətin rəsmi qurumu olaraq xidmət etdiyi fəaliyyət sahələrində eyni məsuliyyətlə hərəkət etdi. Bu minvalda ilk etapda tələbələrimizə virusla bağlı xəbərdarlıq və bilgiləndirmələr etdik. Onlara bu dönəmdə Türkiyədə qalmaq və ya öz ölkələrinə dönmək kimi seçim şansı tanıdıq. Tələbələrimizin böyük bir qismi Türkiyədə güvəndə olduqlarını və Türkiyənin virus salqınına qarşı göstərdiyi çabaların yetərli olduğunu vurğulayaraq, ölkədə qalmağı seçdilər və onların bütün ehtiyacları qarşılandı. Hər şeydən önəmlisi isə sağlamlıqlarının qorunması üçün diqqət göstərildi. Təbii ki, bu nəvaziş sadəcə təqaüd proqramında yer alan tələbələrimiz üçün deyil, Türkiyədə təhsil alan və bizdən dəstək istəyən bütün tələbələrimizə göstərildi. Və tələbələrimizdən nigaran qalan onların ailələri ilə də daim əlaqədə olduq. Qarşıda səbr etməmiz gərəkən az bir zaman qaldığına ümid edirik. Tələbələrimizə isə bu dönəmi ən səmərəli şəkildə dəyərləndirmələrini və özlərini virusdan qoruyacaq bütün önləmlərə diqqətlə əməl etmələrini tövsiyə edirəm.


-Bəs bu il bu təqaüd proqramına müraciətlər nə yerdədir? Nə qədər müraciət daxil olub və nəticələr nə zaman açıqlanacaq?


“Türkiyə Bursları”na hər il olduğu kimi bu il də yenə də, rekord sayda müraciət aldıq. Belə ki, 178 ölkədən 165.500 tələbə namizədi müraciət etdi. Bu durum bizi həm sevindirir, həm də qürur verir. Eyni zamanda isə üzərimizə böyük məsuliyyət yükləyir. Müraciət edən bütün tələbə namizədlərimizə təşəkkür edirik. Siz də, bilirsiniz ki, bu qədər çox namizəd arasından ən layiqlisini seçmək bir az uzun zaman tələb edir. Biz də bu yolda çalışmalarımızı sürdürürük. Mümkün olan ən qısa zaman kəsimində nəticələri açıqlayacağıq.


-Son olaraq, Azərbaycan oxucularına nə söyləmək istərdiniz?


-Öncəliklə sizlərə Azərbaycandakı bacı və qardaşlarıma əlaqə fürsəti verdiyiniz üçün təşəkkürümü bildirirəm. Türkiyədən bütün Azərbaycan diyarına qucaq dolusu salam və sevgilərimizi göndərirəm. Türkiyə və Azərbaycan bir bədəndə iki candır. Bir millət iki dövlətdir. Hər iki ölkə arasındakı münasibət Türk dünyasının arzu etdiyi səviyyəyə gəlməsi üçün gözəl bir örnək olacaqdır.




Fidan Afər
Ankara


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi