azia.az
azia.az

"Bu sahə xüsusilə xanımlar üçün çətindir" - Məşhur aparıcı ilə MÜSAHİBƏ

19-02-2021, 19:01

Nigar Sabirqızı: “Jurnalistika elə çətinlik deməkdir”
"Bu sahə xüsusilə xanımlar üçün çətindir" - Məşhur aparıcı ilə MÜSAHİBƏ
Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın budəfəki qonağı İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızıdır.

Nigar Sabir qızı Quliyeva 1976-cı ildə Bakıda doğulub. Paytaxtdakı 20 saylı orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsində davam etdirib. Hazırda İctimai Televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktor müavini vəzifəsində çalışır, “Diqqət mərkəzi” və “İTV Xəbər - Yekun” verilişlərinin aparıcısıdır.

- Nigar xanım, ilk olaraq jurnalistika peşəsinə yiyələnməyinizdən danışaq. Necə oldu ki, bu qərarı verdiniz? Arzu, yoxsa tale, qismət...

- Mənə elə gəlir ki, bunu yalnız qismətə bağlamaq doğru olmaz. Çünki insan arzusunda olduğu peşəni seçməlidir ki, uğur qazana bilsin. Jurnalist, daha doğrusu aparıcı olmaq məktəb yaşlarımdan arzusunda olduğum xəyal idi. Hələ 12-13 yaşlarımda əlimə qəzet alıb güzgünün qarşısında oturur və günün proqramını səsləndirirdim. O vaxtın diktorlarını izləyib, onlar kimi olmağa çalışırdım.
8-ci sinifdə oxuyarkən “Azərbaycan dili və ədəbiyyatı”nı tədris edən müəllimimiz “Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsiz” mövzusunda inşa yazmağı tapşırmışdı. Mənim inşam “Mən diktor olacam” cümləsi ilə bitirdi. Həmin inşa yazısından 5/5 almışdım. Müəllim mənim bu qiyməti aldığımı bütün sinfə elan etdi və dedi ki, sən arzuna mütləq çatacaqsan. O arzu məni Azərbaycan Radiosuna gətirdi və aparıcılıqla tanışlığım buradan başladı.
Jurnalistika fəaliyyətim isə İctimai Televiziyadan başlayıb. Əvvəl xəbər, daha sonra ictimai-siyasi proqramların aparıcısı oldum. İndi də fəaliyyətim bu istiqamətdə davam edir.

- Ailə və ya qohumlar içərisində sizinlə həmkar olan varmı?

- Xeyr. Nə ailəmdə, nə qohumlar arasında jurnalistika ilə məşğul olan insanlar var. Mən ilkəm... Bu sahədə fəaliyyətə başlayanda birmənalı qarşılamayanlar da oldu. Hətta atamı çətinliklə razı sala bildim. Amma məndəki o arzunu, istəyi gördükcə və zamanla uğur qazandığımın şahidi olduqca, məni dəstəkləməyə başladı.

- Uzun müddətdir televiziyada işləyirsiniz. Bəs yazılı mediada – qəzet və ya xəbər saytında işləmək istərdiniz?

- Bilirsiz, mənim sevgim televiziya və radioyadır. Mən ekran qarşısında olmağı, studiyanın gözqamaşdıran işıqlarını, mikrofonu, ən başlıcası da kameranı çox sevirəm. Həyatımı onlarsız təsəvvür edə bilmirəm. Mən istəyirəm ki, düşündüklərimi, hiss etdiklərimi, hər hansı məsələyə yanaşmamı tamaşaçı görsün. Bunu yazılı formada etmək mənə bir o qədər də zövq verə bilməz. Mən tamaşaçı ilə ünsiyyəti, onlarla kamera vasitəsilə göz-gözə gəlməyi sevirəm. Əslində bunu sözlə ifadə etmək çətindir. Bir sözlə, mən televiziya vurğunuyam.



- Telejurnalistikada kimi özünüzə örnək hesab edirsiniz?

- Həm keçmiş vaxtlarda, həm də indi özümə örnək hesab etdiyim insanlar var. Peşəmlə əlaqədar o zamanın diktorlarını çox sevirdim. Xüsusilə Roza Tağıyevanı, Nərgiz Cəlilovanı, Ülkər Quliyevanı (bu xanımı bəlkə də çoxları xatırlamır, amma mən onu diktor kimi çox bəyənirdim).

Jurnalistikada isə mogikanlar çoxdur - Qulu Məhərrəmli, Murad Hüseynov kimi peşəkarların adını çəkə bilərəm. Ünsiyyətdə olduğum bütün peşəkarlardan indi də nəsə öyrənməyə çalışıram. Çünki bizim peşəmiz elədir ki, tamaşaçının diqqətini cəlb etmək üçün gərək daim yenilənəsən, daha maraqlı olasan.

- Belə iddialar səslənir ki, hazırda xəbər saytları digər KİV-ləri, o cümlədən telekanalları üstələyir. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Yəqin ki, xəbər saytlarına baxış sayını nəzərdə tutursuz. Mən bunu onların telekanallardan daha yaxşı olması ilə əlqələndirə bilmərəm. Xəbər saytlarınınn üstünlüyü ondadır ki, onlar TV-lərdən fərqli olaraq xəbəri anında paylaşa bilirlər. TV kanalı isə bu informasiyanı xəbər buraxılışında yayımlayır. Təbii ki, istisnalar var. Məsələn, müharibə dövründə İctimai TV-nin xəbər buraxılışları hər saat efirə çıxırdı və tamaşaçı baş verənlərlə bağlı operativ məlumat ala bilirdi. Bir də məsələ burasındadır ki, xəbər saytının məlumatı yerləşdirməsi görüntü tələb etmir. Televiziya xəbərində ən önəmli məsələ həm də görüntüdür. Sən əgər xəbəri verirsənsə, onun tamaşaçını cəlb edən görüntüsü də olmalıdır. Bu baxımdan televiziyada xəbərin hazırlanması vaxt alır. Ona görə xəbər saytları TV kanallarını qabaqlayır. Həm də bəzən saytlarda qeyri-dəqiq informasiyaların da şahidi oluruq. Təəssüf ki, bu gün insanlar hər cəlbedici xəbər başlığına aldanaraq onu oxuyur və çox vaxt da inanır. Televiziyada isə şayiələr və ya ehtimallar əsasında xəbər hazırlamaq mümkün deyil.

- Hər bir peşədə olduğu kimi, jurnalistikanın da çətinlikləri var. Nə vaxtsa həmin çətinliklərlə üzləşəndə bu sahədən getməyi düşünmüsünüz?

- Mən bu çətinliklərlə demək olar ki, hər gün qarşılaşıram. Jurnalistika elə çətinlik deməkdir. Bu sahəni seçirsənsə, lazım gələndə yuxusuz gecələrə, vaxtında qidalanmamağa, daim stressə, “bunu edə biləcəmmi?” kimi narahatlığa, həyəcana və bir çox şeyi qurban verməyə hazır olmalısan. Bu sahə xüsusilə xanımlar üçün çətindir. Çünki televiziyada konkret iş rejimi anlayışı yoxdur. Xüsusilə xəbər sahəsində. İşinin nə zaman bitəcəyi o xəbəri necə və nə vaxt hazır edəcəyindən asılıdır. Bu iş rejimi ilə işləmək isə asan deyil. Və bunu ailə üzvlərinin də qəbul etməsi çətindir. Ona görə mən həmişə deyirəm ki, bu işi gərək o qədər sevəsən ki, heç bir çətinlik səni bu sahədən qopara bilməsin. Mən televiziyanı bu cür sevirəm. Ona görə də onun bütün çətinliklərinə dözürəm.




- Jurnalistikada reallaşdırmaq istədiyiniz arzunuz varmı?

- Mən jurnalist kimi bir çox uğurlara nail olmuşam. 2019-cu ildə Prezident İlham Əliyevdən müsahibə alan jurnalistlərdən biriyəm, 2020-ci ildə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Bir çox uğurlu verilişlərin, talk şouların aparıcısı olmuşam. Bütün bunları karyeramda uğur hesab edirəm. Əslində, işini sevirsənsə, heç bir təltif, heç bir tərif ummamalısan. İşini vicdanla yerinə yetirən insanı uğur özü mütləq izləyir. Amma zəhmətinin qarşılığını görmək, işinin qiymətləndirilməsi yaradıcı insan üçün əlavə stimuldur. Bu stimul isə məni daha həvəslə və daha məsuliyyətlə işləməyə sövq edir.

-Telejurnalist kimi çalışmağa başladığınız vaxtdan bu yana itkiləriniz daha çox oldu ya qazanclarınız?

- Həm itkilərim olub, həm qazandıqlarım. Qazandıqlarımı artıq sadaladım. Ən böyük qazancım tamaşaçı sevgisdir. Amma itirdiklərim də var. Müsahibəmiz əsnasında bu işin çətinliklərindən danışdım. Yəni, mən həyatımı televiziyaya qurban vermişəm. Bu da təbii ki, həyatda bir çox şeyi məndən alıb.

- Sizi əsasən ciddi verilişlərin aparıcısı olaraq tanıyırıq. Əgər televiziya rəhbərliyi əyləncəli proqrama aparıcılıq təklif etsə, reaksiyanız necə olar?

- Hər bir aparıcı həmin kanalın simasıdır və öz profili olmalıdır. Efirdə daha çox görünmək xatirinə hər verilişi aparmaq doğru deyil. Əminəm ki, İctimai Televiziyanın rəhbərliyi mənə heç vaxt əyləncəli veriliş aparmağı təklif etməz. Çünki onlar həm mənim xarakterimə bələddirlər, həm də İctimai TV ciddi kanaldır, burada hər xırda nüansa da çox diqqət edilir. Amma yaranan zərurətdən bir müddətlik sosial xarakterli veriliş təklif olunub, onu aparmışam.

- Bəs digər telekanallardan iş təklifi almısınız?..

-Xeyr. Belə bir təklif gəlməyib. Yəqin ki, İctimai Televiziyaya bağlılığımı hər kəs bilir...

- Bildiyimizə görə, əslən Kəlbəcər rayonundansınız. Kəlbəcərlə bağlı hansısa xatirəniz varmı?

- Mənim atam əslən Kəlbəcərdəndi. Məktəb illərimdə bütün yay tətillərim orada keçib. Kəlbəcər deyəndə gözümün önündə dolanbac yollar, Nadirxanlı kəndi, Tərtər çayı, uca dağlar canlanır. Uşaqlığıma qayıdıram. Nənəmin təndirdə bişirdiyi çörək, xüsusilə mənim üçün bişirdyi kökələr, hər gün evimizin yaxınlığındakı dağa çıxmağım, səhənglə su gətirməyim, böyüklərin söhbətləri, bir sözlə, xoş günləri xatırlayıram. Kəlbəcər həm də mənim üçün ona görə bu qədər əzizidir ki, atam illərlə onun işğaldan azad olunmasını gözlədi, illərlə o niskillə yaşadı, amma təəssüf ki, bunu görmədən dünyadan köçdü. Və mən Kəlbəcərin azad olunması xəbərini atamın məzarına gedərək ona çatdırdım. Kəlbəcər deyəndə mən atamı xatırlayıram. Bilirəm ki, onun ruhu şaddır.




- Teleaparıcı kimi sizə ən çox təsir edən və xalqa çatdırdığınız xəbər nə olub?

- Xəbər aparıcısı olduğum dövrdə tez-tez gələn şəhid xəbərlərini çatdırmaq çox ağır olurdu. Xüsusilə 2016-cı ilin aprel döyüşləri zamanı. Amma şükürlər olsun ki, mənə qələbə xəbərlərini də çatdırmaq, bu yöndə müzakirələr aparmaq qismət oldu. Vətən müharibəsi günlərində torpaqlarımızın işğaldan azad edilməsinin yaşatdığı sevinci tamaşaçı ilə bölüşmək gözəl hiss idi. Xüsusilə Şuşanın işğaldan azad olunduğu gün cənab Prezidentin xalqa müraciətindən sonra “Diqqət mərkəzi” verilişində hisslərimi ifadə etmək, o duyğunu tamaşaçılarla bölüşmək həyatımın ən unudulmaz anlarından oldu. Və təbii ki, ata yurdum Kəlbəcərin geri qaytarılmasının məndə yaratdığı xoşbəxtiyi sözlə ifadə etmək mümkün deyil.

- Çalışdığınız müddətdə başınıza gələn ən yadda qalan hadisəni bizimlə bölüşə bilərsiniz?

- Yaddaqalan hadisələr çox olur. Daha çox gözlənilməz və gülməli hadisələr olub. Ümumiyyətlə, canlı yayımdasansa, hər şeyə hazır olmalısan. Qonağın efirə gecikməyinə, xəbər oxuyarkən qarşına çıxan qeyri-adi anda gülməməyə, operatorun telefonuna gələn zəngin səsinə diksinməməyə, müsahibin suallara 2-3 cümlə ilə cavab verməsinin yaratdığı gərginliyə və sair. Belə hallar çox olur. Ona görə də bunlar bizim üçün artıq adi haldır.

- Son olaraq, jurnalistika peşəsini seçən gələcək həmkarlarınıza hansı məsləhətləri verərdiniz?

- Bir şeyi yadda saxlamaq lazımdır ki, həyat mübarizədir. Heç nə asan və bir anda əldə olunmur. Qarşınıza çox manelər, çətinliklər çıxacaq. Bunlar sizi yolunuzdan döndərməsin. İnanın ki, bütün çətinliklərdən sonra mütləq uğur gəlir. Yəni hər qaranlıq gecənin bir aydınlıq sabahı var. Nə olursa-olsun, yalnız və yalnız işinizi, peşənizi sevin. Çünki hər şeyin başlanğıcı sevgidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi