azia.az
azia.az

Tofiq Zülfüqarov: “Rusiya üçün Türkiyə ilə əməkdaşlıq daha sərfəlidir, nəinki ABŞ, Fransa ilə”

6-11-2020, 14:18


“Kremlin mövqeyi, onun dinamikası bizim üçün müsbət məcrada inkişaf edir”
Koronavirus səbəbilə özünü təcrid etmiş Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ məsələsi ilə bağlı “Kommersant” qəzetinə verdiyi müsahibədə diqqət çəkən məqamlar var. Xüsusilə də Rusiyanın Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyi və Dağlıq Qarabağdakı hərbi ssenarinin irəli çəkilməsinin qarşısını almaq üçün regiondakı bütün nüfuzundan istifadə edəcəyini deməsi rəsmi Moskvanın Qarabağ siyasətində yenilik sayıla bilər.

Qeyd edək ki, son vaxtlaradək Rusiya Türkiyəni Qarabağ məsələsinin tənzimlənmə prosesinə yaxın qoymaq istəmirdi. Ermənistanın hər vasitəyə əl ataraq Ankaranı ofsaydda saxlamaq istəyi isə sabun köpüyütək əriyib yox olub. Rusiya prezidenti Valdimir Putinin ötən həftə hərbi toqquşmaların dayandırılmasının ardınca Türkiyənin də iştirakı ilə Qarabağ məsələsinin danışıqlar masasında müzakirə edilməsi zərurətindən bəhs etməsi Ermənistana yaxınlığı ilə seçilən S.Lavrovun yanaşmasına da təsirsiz ötüşməyib. Bu mənada Rusiya baş diplomatının koronavirus yatağından belə müsahibə verərək Türkiyənin rolunu əhəmiyyətli sayması sıradan bir məsələ deyil. Rusiyalı nazir onu da qeyd edib ki, Moskva və Ankara çevik, praqmatik yanaşma göstərə bilən və bir-biri ilə əməkdaşlıq edərkən strateji baxışı rəhbər tutan iki sıx tərəfdaşdır. Lavrovun sözlərinə görə, Rusiya və Türkiyə diplomatları, hərbi və xüsusi xidmət orqanları arasında işgüzarlığın və maddi əməkdaşlığın canlı nümunəsi Suriya və Liviyada olandır. Bu və ya digər mövzularla bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla danışdıq:

- Tofiq bəy, Sergey Lavorv həm münaqişə tərəfləri, həm də xarici tərəfdaşlar üçün atəşkəs razılaşmalarına, nəzarət mexanizminin yaradılmasına və konkret cədvəllə mənalı danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etməyin vacib olduğunu vurğulayıb. Maraqli gəlişmədir. Lavrovun mövqeyi sizin üçün gözlənilməz olmadı ki?

- Yox. Biz bunu gözləyirdik axı, sizinlə bir yerdə...

- Yəni prezident Putinin mövqeyindən sonra gözlənilən idimi?

- Hesab edirəm ki, bu, Rusiyanın maraqlarına uyğun bir addımdır. Çünki biz başa düşürük ki, Rusiya üçün Türkiyə ilə əməkdaşlıq etmək daha sərfəli variantdır, nəinki qarşı tərəfdəki ABŞ Və Fransa ilə. O baxımdan bu, hadisələrin məntiqli davamıdıır. İkincisi də onlar başa düşürlər ki, indiki döyüşləri hansısa şəkildə dayandırmaq, heç olmasa bu və ya buna yaxın digər təmas xəttinin konfiqurasiyasını dondurmaq üçün verifikasiya mexanizmi lazımdır. Onlar başa düşürlər ki, Azərbaycanın verifikasiya mexanizmini bu və ya digər şəkildə qəbul etməsi Türkiyənin orada iştirakı ilə bağlıdır. Hesab edirəm ki, son açıqlamalar Rusiyadan bir növ siqnaldır ki, biz buna hazırıq.

- Deməli, proseslər 2+2 formatının reallaşmasına doğru gedir...

- Bəli. Amma biz hələ tələsməyək. Baxaq, görək Ermənistan buna nə cavab verəcək.

- Deyirsiniz yəni Ermənistanın cəsarəti çatacaqmı Rusiyanın razı olduğu həll yoluna “yox” desin?

- Cəsarətin çatıb-çatmamağını müzakirə etməyək. Lavrov cavab verdi, baxaq, görək Ermənistan nə deyəcək. Bəlkə indi biz razı olmadıq.

- Ardınca Türkiyə XİN rəhbəri növbəti dəfə həll yolunun birinci şərti kimi ərazilərin işğaldan azad edilməsi şərtini xatırladıb...

- Bəli. Amma o demək deyil ki, hərbi yolla. Bəlkə siyasi yolu nəzərdə tutur. Görək Ermənistan nə cavab verir. Biz niyə tələsməliyik ki? Ən azı ona görə tələsməməliyik ki, əgər bu, baş versə, bizim ərazimizdə baş verəcək, Ermənistanın, Rusiyanın, Türkiyənin yox. Yəni bu məsələdə söz sahibi biz olmalıyıq. Amma tərəflər bizdən xahiş eləsin. Baxaq, görək.

- İran rəhbərliyi də, həm Ali Lider, həm də prezident səviyyəsində birmənalı şəkildə Azərbaycana dəstək verdi, torpaqların işğaldan azad edilməsini tələb etdi. Bu barədə nə demək olar?

- Bu da gözlənilən bəyanat idi. Çünki İran ictimaiyyətinin əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyirdi. Təbii ki, İran rəhbərliyi də buna uyğun bir bəyanat verməliydi. Çünki rəhbərlik əhalini təmsil edir.

- Bəyanatda terrorçularla bağlı məqam var idi. Bunu necə izah etmək olar?

- Demədi ki, kimin tərəfində vuruşur. Bəlkə Ermənistan nəzərdə tutulur. Əvvəllər bizim adımız çəkilirdi. Indi isə bəyanatlarda heç kəsin adı çəkilmir. Hər halda, mövqe irəliləyişi var. Bir azdan bəlkə Ermənistanın adı konkret çəkiləcək. Yəni mövqe dinamikadadır, bu da müsbət məsələdir.

- Yeri gəlmişkən, bugünlərdə Azərbaycandakı Rus icmasının təşkilatçılığı ilə Ordumuza dəstək yürüşü keçirildi və əsgərlərimizə sovqat göndərildi. Rusiya və Türkiyə bayraqlarının qaldırıldığı yürüşlə bağlı fərqli yanaşmaların şahidi olduq. Sizin mövqeyiniz necədir?

- Hesab edirəm ki, biz reallığı görməliyik. Görməliyik ki, Rusiyanın mövqeyi, onun dinamikası bizim üçün müsbət məcrada inkişaf edir. Ona görə də biz hər bir məsələyə lazımi qiymət verməliyik. Bu mənada hesab edirəm ki, yaxşı siyasi bir addım idi. Bu da onu göstərir ki, istər-istəməz Rusiya elitasında belə fikirlər var ki, gələcəkdə hansı ölkə ilə əməkdaşlıq davam etdiriləcək. Azərbaycanın bu cür müsbət münasibət göstərməsi də yerinə düşür. Artıq Ermənistan gün-gündən Rusiyadan uzaqlaşır, biz bundan istifadə etməliyik. Rusiya, Azərbaycan və Türkiyə bayraqlarının yanaşı olmasından məhz indiki məqamda qorxmaq lazım deyil. Mən hesab edirəm ki, əksinə, bu, bizim xeyrimizədir.

- Bundan əvvəl Nikol Paşinyanın Rusiyaya kömək üçün etdiyi müraciətə Moskvadan verilən cavabı necə dəyərləndirmək olar?

- Rusiyanın Paşinyana cavabı təxminən belə olub ki, bu, Ermənistanın ərazisi deyil. Mən bu məsələ ilə bağlı müəllif yazısı da yazmışdım, feysbukdakı səhifəmdə də var. Ermənilər Rusiya ilə əməkdaşlıq və qarşılıqlı hərbi yardımla bağlı sazişə istinad edirlər. Bizim də Rusiya ilə analoji sazişimiz var. Hərbi yardım göstərilməsi məsələsi ermənilərlə sazişdə 2-ci bənddirsə, bizdə 4-cü bənddir. Ermənistan Rusiyadan məlum cavabı aldı. Əslinə qalsa, təcavüz Azərbaycana qarşı baş verir. Bəlkə biz Rusiyadan kömək istəyək, axı bizim ərazimiz işğala, təcavüzə məruz qalıb. Mən hesab edirəm ki, bu müraciət də yaxşı olar. (gülür)

- Amma biz öz gücümüzə arxalanırıq və heç kimdən kömək istəmirik. Yetər ki, neytral qalsınlar...

- Təbii. Amma siyasi-diplomatik dəstək baxımdan... Mən demirəm ki, qoşunları bura göndərsinlər. Dəstəyin müxtəlif növləri var. Bilirsiniz, bizim xeyrimizə olan tendensiyalardan bəlkə də istifadə etməliyik. Yəni dünən çox qəribə görünən məsələlər bu gün aktual ola bilər.

- Ermənistan çox istəyir ki, Rusiyanı bu proseslərə qatsın...

- Baş verən təxribatçı hallar onu göstərir ki, Rusiyanı öz tərəfinə çəkmək cəhdləri hələlik qurtarmayıb. Amma məncə, onlar həddindən artıq konkret cavab alıblar. Bu baxımdan onların bu cəhdləri, əksinə, onların ziyanına işləyir. Məsələlərin beynəlxalq ictimaiyyətə çatdırılması da aktual bir məsələdir. Mən istisna etmirəm ki, biz hansısa hallarda legitim olan və bizim ərazimizə təhlükə yaradan hədəfləri məhv edəcəyik. Bir neçə dəfə bu barədə fikirlərimi açıq şəkildə söyləmişəm.

- Azərbaycanın Müdafiə Nazirliyi də düşmənə bununla bağlı növbəti xəbərdarlığı etdi...

- Ermənilər birdəfəlik başa düşməlidirlər ki, birincisi, bu, onların xeyrinə işləməyəcək. İkincisi də özlərini o dərəcədə təhlükəsizlik şəraitində hiss etməsinlər. Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər tərəfdə onların situasiyanı öz xeyrinə istifadə etmək cəhdini istisna etmirəm. Yəni irəli rus postlarını verib, arxadan artilleriya, ya raket zərbələri endirmələri o demək deyil ki, biz buna dözəcəyik. Təbii ki, yox. Bəlkə də buna həm biz maraqlıyıq, həm də Rusiya hansısa mərhələdə maraqlı olacaq. Yəni birdəfəlik başa düşməliyik ki, Rusiya gəlib ermənilərin yerinə vuruşan deyil. Baxmayaraq ki, Ermənistan ərazisidir, yaxud da işğal olunmuş Azərbaycan əraziləridir. Və erməniləri yerində otuzdurmaq vaxtıdır. İkincisi də, ermənilər Rusiyadan “yox” cavabını almağı çox istəyirlər. Paşinyanın əsas məqsədi budur. Biz bilirik ki, bundan sonra nə baş verəcək. Rusiyaya, Gümrü bazasına qarşı təxribatlar, nümayişlər və sair hadisələr baş verəcək. Bu, ssenarinin davamıdır. Bu təxribatların yekununda Paşinyan Rusiyanı Ermənistandan çıxaracaq, ruslar bunu çox yaxşı başa düşürlər və bilirlər ki, nə baş verəcək.

- Paşinyanın ömrü çatsa...

- Baxın, real olmayan bir müxalifət simvolu Köçəryan “Moskvaya gedəcəyəm, Rusiyanı Azərbaycana qarşı qaldıracağam”, - deyə iddialar səsləndirirdi. Təkcə o yox, Ter-Petrosyan, Sərkisyan da getmək istəyirdi. Dedilər ki, yox, gəlməyin, lazım deyil. Ona görə də özünü tez diplomatik bir “xəstəliyə yoluxdurdu”. O oyunlar artıq qurtarıb və hamı açıq-açığına hərəkət edəcək.

- Bu arada ABŞ-ın başı seçkilərə qarışıb...

- Bəli. Biz hələ Amerikanın yadına düşmürük. Makronun da erməni diasporuna nə cavab verəcəyi bilinmir. Aydın olub ki, təxminən 200 milyonluq hərbi avadanlığı Azərbaycana məhz Fransa satıb. Yəni Avropa İttifaqından satılan hərbi avadanlığın əksəriyyəti, 200 milyondan çox məbləğdə olan hissəsini məhz Fransa satıb! Makronun bəyanatı bu yanda, hərbi avadanlıq məsələsi digər yanda. Ermənilər getsinlər soruşsunlar da...

Elşad PAŞASOY,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi