azia.az
azia.az

Sabir Rüstəmxanlı: “O qədər meyit Ermənistana getsə, ölkədə yer yerindən oynayar”

22-10-2020, 18:16

Sabir Rüstəmxanlı: “O qədər meyit Ermənistana getsə, ölkədə yer yerindən oynayar”

“Azərbaycan ordusu Ermənistanın hay-küylü, guya möhtəşəm, əyilməz olan ordusunu bir neçə günə əydi, ayaq altına saldı”
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı böyük vətən savaşı, ordumuzun qələbələri, Türkiyənin dəstəyi, digər türk dövlətlərinin bu məsələdəki mövqeyi və sair məqamlarla bağlı Azi.Az-a müsahibə verib.

- Sabir bəy, son bir neçə əsrdə ilk dəfə Azərbaycanın itirdiyi torpaqları qaytardığı deyilir...

- Son 200 ildə ilk dəfə verdiyimiz torpağı geri qaytarırıq fikri tamamilə yanlışdır və tarixə ziddir. 1918-ci ildə, yəni Cümhuriyyətimiz dövründə biz həmin torpaqları işğaldan azad etmişdik. O zaman Soltan bəy ordunun komandanı təyin olunmuşdu, eyni zamanda Nuru paşanın komandanlığındakı ordunun köməkliyi ilə Qarabağ torpaqlarının tamamilə erməni quldurlarından təmizləmişdik. Hətta Andranik də o zaman qaçıb İrandan keçərək getmişdi. Yəni, bu ilk dəfə deyil. Qarabağı o vaxt da ermənilərdən təmizləmişdik.

- Artıq xalqımız qələbə əhval-ruhiyyəsindədir, insanlar müharibənin taleyinin əsasən həll edildiyini düşünür. Həqiqətən də belədirmi, siz necə düşünürsünüz?

- Bəli, müharobənin taleyi artıq görünür. Həm Ermənistanın, həm Azərbaycanın mətbuatında, həm iki ölkə rəhbərliyinin məsələyə münasibətində, həm ordumuzun bizə bəxş etdiyi qələbə sevinclərindən, ən çətin istehkamları yarıb keçməsindən- hamısından görünən odur ki, Azərbaycan bu savaşı udur. Belə də olmalı idi. Çünki Azərbaycan prezidentinin də dediyi kimi biz haqq savaşındayıq. Öz torpaqlarımızın azadlığı uğrunda vuruşuruq. O torpaqlar ermənilərə aid deyil, onların haqq etmədiyi torpaqlardır. Ona görə də daşı daş üstə qoymayıblar, bütün şəhərləri, kəndləri məhv ediblər, vəhşicəsinə dağıdıblar. Dünyanın heç bir savaşında bu baş verməyib. Ermənilər sanki torpaqdan, daşdan, divardan qisas alıblar. Nəyin qisasın alıblar, bəlli deyil. Həm də guya o torpaqlarda məskunlaşmaq, dünyanın müxtəlif ölkələrindən gətirilmiş insanları orada yerləşdirmək istəyirlər. Əgər belə bir niyyətləri varsa, niyə dağıdırdılar, məhv edirdilər? Niyə bizim tarixi abidələrimizi, qəbiristanlıqlarımız, məscidlərimizi vəhşicəsinə dağıdırlar? Nə birinci, nə də ikinci dünya savaşında belə vəhşilik olmayıb, tarixə toxunmayıblar. Ona görə də bu, həm erməni xislətini göstərir. Həm də nə qədər dünyaya hay-küy salsalar da, burada müvəqqəti olduqlarını göstərir. Bilirlər ki, günün birində bu torpaqlardan rədd olub gedəcəklər. Bu savaşda artıq son dərəcə strateji yerlər alınıb, bütün İran boyu bizim rayonlarımız təmizlənib. Bu bölgələr çox mürəkkəbdir, bir tərəfdə sərhəd , digər tərəfdə isə dağlar, yüksəkliklərdir. O yüksəkliklər də ermənilərin əlində idi və istənilən vaxt bizim ordumuzu atəşə tuta bilirdilər.

Laçına doğru Həkəri çayı boyunca qalxan vadi də asan yer deyil. Hər tərəfdə dağlardır, bir tərəfdə Ermənistan sərhədi, bir tərəfdə isə Dağlıq Qarabağın yüksəklikləri. Buna baxmayaraq , ordumuz gedir, hamısının üstündən adlayıb keçir və dünyada indiyə kimi tayı-bərabəri olmayan bir savaş aparır. Bir dənə mülki obyektə toxunmur, bir nəfər mülki insana atəş açılmır. Hər hansı yüngül dağıntı varsa da, o Gəncə hadisəsindən sonra olub. Ən böyük rəzalət isə odur ki, ermənilər özlərinin atdığı raketlə Gəncədə dağılan binanın şəklini dünyaya göstərib yazırlar ki, guya bizim ordumuzun Xankəndində törətdiyi qırğınlardır. Ən xırda şeydən yalan və riyakarlıqla istifadə edirlər, bu onların xislətidir.

Müharibədə humanizm göstərmək çətindir, ağırdır. Ancaq buna baxmayaraq, bir tərəfdə Azərbaycan yüksək mənəviyyatı ilə, yüksək ruhu ilə, insan sevgisi ilə, mülki əhalinin yaşadığı evlərə toxunmadan, ancaq hərbi obyektləri dağıda-dağıda, Azərbaycana qarşı ölüm saçan o mənbələri yox edərək, tarixi torpaqlarımızı azad edirlər. Aldığımız yerlər hamısı bizim öz torpaqlarımızdır. Biz Ermənistana girmirik və orada gözümüz yoxdur. Hərçənd ki, Ermənistan torpaqlarının da hamısı qədim Göyçə və Zəngəzur mahallarıdır, bundan o yana isə İrəvan xanlığının torpaqlarıdır. Buna baxmayaraq, artıq o ərazilər indi Ermənistanın beynəlxalq aləmdə tanınmış sərhədləridir. Bizim oraya iddiamız yoxdur. Biz sadəcə öz torpaqlarımızı azad edirik, bu bizim haqqımızdır. 30 il gözləmişik. Nə BMT-nin qətnamələri, nə ATƏT-in vasitəçiliyi , nə Avropa parlamentinin qərarı- heç biri rol oynamayıb, ermənilərə təsir etməyib, onlar iddialarından əl çəkməyiblər. Əksinə, yeni torpaqlar üstündə döyüşə hazırlaşıblar. Bu torpaqlarımız hələ onlara azlıq edirdi. Dağlıq Qarabağla yanaşı əlavə 7 rayonu da onlar öz xəritələrinə salmışdılar. Şuşada- qədim şəhərimizdə bizim millətimizin ruhuna toxunmuşdular, onun cavabı verilməli idi. Bu gün də Azərbaycan ordusu o cavabı verir.

- Güneyli soydaşlarımızdan da çox böyük dəstək var, 50 milyon azərbaycanlının qəlbi Qarabağla döyünür. Xudafərin körpüsünün azad olunması bu əlaqələrdə nə kimi rol oynayacaq?

- İranın rəsmi siyasəti nə olursa, olsun, Güney Azərbaycan bizim yanımızdadır. Artıq İranın siyasəti də yavaş-yavaş bizim xeyrimizə dəyişir. Güneylilər bizim qanımızdan olan insanlardır, qohum, qardaş, əmioğlu, dayıoğludurlar. Başqa cür mümkün də deyil. Güney orada yanırdı ki, niyə bu körpünün o yanında erməni dayanır. Nəhayət, o yanğıya son qoyuldu. O körpü o tayla bu tayı bağlayan, bizi birləşdirən körpü idi. Bizi düşmənlə bağlayan körpü deyildi. Xudafərinin azadlığı simvolik bir hadisə idi. O körpünün qayıtması ilə bizim böyük tariximizlə, qəhrəmanlıq ənənələrimizlə bu günümüz arasında bütün körpülər bərpa olundu.

- “Böyük qayıdış”la bağlı gözləntiləriniz nədir?

- Mən əminəm ki, insanlarımız o torpaqlara qayıdacaqlar. Ən azı milyon yarım insandan söhbət gedir. O yerləri görən insanlar bilir ki, necə bərəkətli torpaqlardır, suyu bol, havası gözəl. Dünyanın, eləcə də Azərbaycanın hər yerində torpağın qiyməti gündən-günə bahalaşır. Bu torpaqlara xarici sərmayədarlar da gələcəklər. Orada əvvəlkindən daha abad, daha gözəl şəhərlərimiz, kəndlərimiz tikiləcək. Qarabağlılardan da əlavə, küll halında əvvəlkindən daha artıq kütlə qayıdacaq. Biz də gedib orada şəhər və kəndlərimizi abadlaşdırıb, daha möhtəşəm bir hala qaytaracağıq.

- Sabir bəy, Türkiyə istisna olmaqla, digər türkdilli dövlətlərdən biz niyə lazımi dəstəyi görmədik. Turan birliyi niyə Qarabağ məsələsində bir ola bilmədi?

- Türk Şurası Azərbaycanı dəstəkləyir. Ancaq kənar dövlətlər bəlkə də kifayət qədər məlumatlı deyillər. Yaxud da tərəddüd edirlər, çətinlikləri var. Ancaq bütövlükdə türk dünyası Azərbaycanın tərəfindədir. Turan məsələsini rus mediası xeyli şişirdir. Guya qələbənin sabahı günü Turan quracağıq. Turan onsuz da mövcuddur, Turan yenidən qurulmur ki... Avrasiya başdan-başa türk xalqlarının torpaqlarıdır və orada türk xalqları yaşayır. Ötən əsrdə Stalinin qərarı ilə türk xalqlarını parçaladılar, süni surətdə elə böldülər ki, xalqlar arasında narazılıq, soyuqluq yaransın. Ancaq hər halda türk dünyası yerindədir. Azərbaycanın həyata keçirdiyi eneji layihələri türk dünyasının təhlükəsizliyi üçün bir təminatdır.

Türkiyə ilə bizim münasibətlərimizə gəlincə, bu da təzə deyil. Ermənilər dünyaya belə təqdim etməyə çalışırlar ki, guya Türkiyədən gəlib bizim əvəzimizə vuruşurlar. Türkiyə ilə Azərbaycan birgə hərbi təlimlər keçirib, necə ki, Ermənistan ordusu da Rusiya ordusu ilə və təhlükəsizlik müqaviləsinə qol çəkən ölkələrlə birgə təlimlər keçir. Bu gün dünyada NATO hərbi təlimlər keçirir. Başqa ölkələr təlim keçir. Bu qəbul olunmuş bir haldır. Bu o demək deyil ki, bu savaşda bizim əvəzimizdə türkiyəlilər vuruşur. Türkiyə bizə mənəvi dəstək verir. Türkiyədən də, İsraildən də silah alırıq. Ermənilər Rusiyadan da, İrandan da, Serbiyadan da, hətta balaca ölkə olan Sloveniyadan da silah alırlar. Dünyanın bir çox ölkələri silah alverinə ciddi bir qazanc mənbəyi kimi baxırlar. Azərbaycan ordusu Ermənistanın hay-küylü, guya möhtəşəm, əyilməz olan ordusunu bir neçə günə əydi, ayaq altına saldı. Göstərdi ki, Azərbaycanın döyüş taktikası və silahları Ermənistandan qat-qat güclüdür. Ona görə də silah-sursatlarını qoyub qaçırlar. Azərbaycan -Türkiyə münasibətləri qardaşlıq münasibətləridir, bir millətin 10 milyonu burada, 85 milyonu orada yaşayır.

- Ermənistan Azərbaycana bu iddia ilə çıxış etsə də, özü xaricdən terrorçuları gətirib muzdlu döyüşçü adı ilə Dağlıq Qarabağa yığır...

-Bəli, Sərkisyanın belə bir açıqlaması var ki, ermənilər dünyanın hər yerindən gəlib Qarabağda savaşa bilərlər. Hərçənd ki, onlar ermənini gətirmirlər, terroristləri gətirirlər. Onlar savaş meydanında ölür, humanitar atəşkəs elan olunanda biz gözləyirik ki, onlar gəlib meyitləri götürsünlər. Ancaq ermənilər meyitlərini götürmürlər. O qədər meyit Ermənistana getsə, o ölkədə yer yerindən oynayar. Görərlər ki, orada nə qədər insan itiriblər. Onların çoxu muzdlu əsgərlərdir, heç bilinmir ki, haraya göndərəcək, harda dəfn edəcək.

Erməni məntiqi ilə dünya azərbaycanlılarını götürsək, bizim də Güneydə 35 milyon soydaşımız yaşayır, Gürcüstanda yaşayanlar var, Türkiyənin doğusunda, İğdır, Qars tərəfdə 3 milyona yaxın Azərbaycan türkü var. İraqın və Suriyanın quzeyi tər-təmiz bizim millətdir, biz də oradan gətirə bilərik. Ancaq gələn yoxdur. Errməni məntiqi ilə yanaşsaq dünyanın harasında azərbaycanlı varsa, gəlib bizə kömək edə bilər. Ancaq Azərbaycan o köməyi istəmir, ölkədə səfərbərlik də tam deyil, qismən həyata keçirilib, bu bizə bəs edir.

- Hazırda əhalidə ən böyük qorxu beynəlxalq güclərin təsiri ilə müharibənin yarıda qalması, status-kvo məsələsinin gündəmə gəlməsi ilə bağlıdır. Ancaq dövlət başçısının iradəsi, xalqa müraciəti, savaşın gedişatı bunu istisna edir. Siz proseslərin gedişatını necə görürsünüz, belə ehtimal varmı?

- Ehtimal var, ancaq onun gerçəkləşməsinə Ermənistanın ağılsız rəhbəri Paşinyan özü mane olur. Humanitar atəşkəs elan olunandan bir neçə dəqiqə sonra Gəncədə atəşkəsi pozdular, ikinci dəfə yenə də elə oldu. İddiaları böyükdür. Guya əldən verdikləri torpaqlarımızı yenidən özlərinə qaytaracaqlar. Ona görə irəli atılırlar, nə qədər də itki verib geri qayıdırlar. İndi xarici işlər nazirləri Amerikaya gedə bilərlər. Amerika burada Rusiyanın irəli çıxmasını, təşəbbüskarlığını qəbul edə bilmir. Bu meydanda biz də varıq demək istəyir. Həm də prezident seçkiləri ərəfəsində problem yaranmasın deyə çağırırlar. Ancaq sülh çağırışları olsa da, Azərbaycan tərəfi prezidentimizin şərtlərini deyəcək, işğalçı ordu öz ölkəsinə rədd olub getsin, biz də savaşı dayandırıq. Biz dayandırsaq belə, Ermənistan rəhbərliyi dayandırmayacaq. Ona görə də mən o görüşlərin perspektivinə inanmıram.

- Çağırışlar necə olsa da, adətən sonda, hamı güclünün və qalibin yanında olur, bu dəfə belə olacaqmı?

- İllər uzunu bəlkə də dünya Azərbaycan sözünü bu qədər eşitməmişdi. Azərbaycanın öz torpaqlarından erməniləri qovduğunu, bu torpaqların bizə məxsus olmasını, erməni terrorçuları tərəfindən işğal olunduğunu, bu barədə aydın bir mövqenin səsləndirilməsini eşitməmişdi. Hər kəs bilir ki, yalnız erməni quldurları çıxdıqdan sonra danışıqlara gedilə bilər, indiki halda heç bir danışıqdan söhbət gedə bilməz. Azərbaycanın humanist mövqeyini göstərən məsələlər var. Bu gün Ermənistanda, Dağlıq Qarabağda 1 nəfər də olsun azərbaycanlı qalmayıb. Bir dənə salamat ev, məscid qalmayıb. Bu gün ölkəmizdə 30 min erməni yaşayır, erməni kilsəsi var. Ölkə başçısı dəfələrlə deyib ki, dinc ermənilərin yaşaması üçün problem yoxdur, biz işğalçı ermənilərin torpaqlarımızdan çıxmasını istəyirik. Dünya kar və ya kor deyil ki, bunları görür. Azərbaycanın bu mövqeyinin haqlı olmasını dünyada daha çox görürlər, dərk edirlər. Bu mənada bizi dəstəkləyənlərin sayı da gündən-günə artacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi