azia.az
azia.az

"Dövlətin siyasətinə mane olmağa çalışanları erməni Aşotla bərabər tuturam"- Sabiq icra başçısı ilə müsahibə

2-09-2020, 01:06


İstefada olan polkovnik: "Daxili İşlər Nazirliyinin mövcud fəaliyyəti göz qabağındadır və təqdirəlayiqdir"
"Dövlətin siyasətinə mane olmağa çalışanları erməni Aşotla bərabər tuturam"- Sabiq icra başçısı ilə müsahibə
AzNews.az analitik-informasiya portalin suallarina Laçın rayonunun keçmiş icra başçısı,ehtiyyatda olan polkovnik Akif Səlimov cavab verir

- Akif müəllim,hazırda nə işlə məşğulsunuz ?

- Koronavirusun yaratdığı şərtlər daxilində yaşamaq məcburiyyətindəyik. Əsas məşğuliyyət nəvələrlə oturub-durmaq, tətil vaxtı dərs tapşırıqları ilə yaxından maraqlanmaqdır. Birdə döyüşmüş dostlar, döyüş ruhlu qazilərlə əlaqə saxlamaqla hal-əhval tutmaq...

- Aktiv sosial şəbəkə istifadəçilərindən birisiniz, yəqin ki, ictimai-siyasi müzakirələri də izləyirsiniz. Ölkədə ümümi ab-hava sizcə necədir?

- Ökədə uzun müddət stabil bir durum vardı. Hərkəs bu vəziyyətə uyğun yaşayır,işləri ilə məşğul olurdu. Ölkə prezidenti İlham Əliyevin respublikada islahatlara zəruri ehtiyac var, fikrini səsləndirməsindən sonra, cəmiyyətdə bir tərpəniş hiss olundu. Kimsə bu islahatların nədən ibarət olacağı, necə reallaşacağı haqqında dəqiq bir təsəvvürə malik olmasa da, hərkəs bir yeniliyin olacağına ümid edirdi. Sürətli kadr dəyişiklikləri maraq doğuran anlaşılmazlıq yaratsa da, ilk addımlar göstərdi ki,vaxtında görülmüş tədbirdir və iş imkanları tükənmiş köhnə kadrların yeniləri ilə əvəz olunması vəziyyətin diqtəsidir. Cavan, yüksək intellektli, müasir təffəkkürlü, peşakar, təşkilatçı və operativ icraçı kadrların təyinatı ilk bəhrələrini verəndə insanlar tam anladı ki, islahatçı prezidentin istəklərinin reallaşdırılması üçün gənc qüvvələrə necə bir ehtiyac varimiş. Ədalət naminə deyək ki, bu dəyişikliklər ziyalıların, təmiz və patriot məmurların, bütovlükdə xalqın ürəyincə oldu. Təbii olaraq islahatlar narahatlıqlarda yaratdı və bir qrup köhnə vərdişlilərin ürəyinə yatmadı. Kadr islahatları dərinləşdikcə əhalinin dövlətimizə, prezidentimizə güvən və etibarı daha da artdı. Reallaşan bu tədbirlər və ətrafımızdakı düşmən gedişləri Azərbaycan ictimaiyətini xeyli fəallaşdırdı. Bu fəallığın pozitiv tərəfləri və neqativ istəklər dərhal özünü biruzə verdi. Ölkədə ki ab-havaya, adətən muxalif quvvələrin, siyasi partiyaların fəaliyyətləri birbaşa, yaxud dolayısı ilə təsir etmək imkanında olur. Hal-hazırda müxalifət düşərgəsində bir süstlük, ətalətlilik, tükənib-bitmişlik, məqsədsizlik və başgirələmək meyilləri üstünlük təşkil edir. İki-üç nəfər müxalifət partiya liderlərinin sosial şəbəkələrdə yazıları, çıxışları onu gostərir ki , bu insanlar öz adlarından daha çox fikir söyləyirlər, nəinki partiya mövqeyindən. Bu, artıq partiyaların siyasi iflası, tükəndiyi qənaəti yaradır ictimaiyətdə. Bütün muxalifət partiyaları bir yerə toplansa və bir məqsəd uğrunda mübarizələrini elan etsələr belə, cəmiyyətin beş faizinə təsir etmək iqtidarında deyillər əslində. İqtidar partiyası, hökumət və idarəetmədə şəxsən prezidentin təşəbbüsü ilə aşkar edilən noqsan və çatışmamazlıqlar və cinayətlər, bu hadisələr haqqında ölkə ictimaiyətinə dolğun,dürüst məlumatların çatdırılması ictimai-siyasi ab-havanı saflaşdırdı. İnsanlar gördü ki, prezident ölkə ictimaiəti qarşısında elan etdiyi, görmək istədiyi tədbirlərin arxasındadır və etdirmək əzmindədir. Həmin anlara qədər toxunulmaz hesab edən yüksək mövqeyli kadrların bəzilərinin qovluğu qoltuqlarına veriləndə, heç kəsdə şəkki-şübhə qalmadı ki, prezident qətiyyətlidir və bu işin sona çatdırılması qaçılmazdır. Adətən xeyirdə, şərdə, toplantı və yığıncağlarda camaat arasında bir möhkəm fikir formalaşdığını görməmək deyildi. “Prezident yaxşı adamdır,amma ətrafı...” Prezidentin atdığı addımlar əslində xalqın danışdıqlarının təsdiqi idi. Əhali bir çox rəsmilərin yaramazlıqlarını,sədaqətsizliklərini,etibarsızliqlarını, bərk ayaqda prezidenti qoyub qaça biləcəklərini gördü və şahidi oldu. Prezidentin fəaliyyətinə daxildən zərbə vuran və hakimiyyətə iddialı qeyri müxalif qurumların,bu xalqın qanını sorub,ona arxa çevirənlərin sifətlərini görmək imkanı da əldə etdi xalq. Hüzünlü, sallaq sifətli, bədrəng üzləri və ölü qoyun gözlüləri də gördü xalq. Xalq barometri ilə prezidentimiz İlham Əliyevin reytinqi son illərdə ki ən yüksək səviyyədədir. Bu yaxınlarda Ramiz Mehdiyevlə əlaqəli hadisəyə münasibətdə ölkə prezidentinin mövqeyi, qanunun aliliyinin təmin edilməsi, İlham Əliyev tərəfdarlarının sayını xeyli artırdı. Müxalif qüvvələr tərəfdən gələnlər və neytral gənclər hesabına bir təəssübkeşlər ordusu yarandı. Nazirlərin, yüksək mövqeylərə irəli çəkilən cavanların təyinatında kadrların iş qabiliyyəti əsas götürülür. Xalq bu haldan çox məmnundur. Qanun qarşısında insanlarımız bərabər olduğu kimi, kadr məsələlərində də əsas kriteriya haqq-ədalət olmalıdır.

- Keçmiş döyüşçü, peşakar hərbiçi kimi Tovuz döyüşləri sizdə hansı təəssüratlar yaratdı?

- Tovuz döyüşləri şəxsən mənim Qarabağda ermənilərin axırına çıxacağıq inamıma inam caladı. Bu döyüşlər Azərbaycan ordusunun peşakarlığını, döyüşkənliyini təsdiq etdi, idarə etmədə səriştəlilik, bacarıq və operativlik təmin olundu əhali təşvişə düşüb,yerlərini tərk etmədi və mülkü idarə etmə ilə, hərbi rəhbərlik fəaliyyətlərini düzgün kordinə edə bildilər. Arxa xidməti ilə səngər arasında operativ təminat qüsürsuz icra edildi Azərbaycan ordusu və xalqımızın şüuruna səngər generalı nümunəsi həkk olundu. Gənclik kütləvi surətdə orduya dəstək verdilər insanların simasina sevinc qondu. Ali Baş Komandan döyüşün idarə edilməsini yüksək səviyyədə təmin etdi. Prezident olaraq vəziyyəti beynəlxalq aləmə doğru-düzgün və operativ surətdə çatdırmaqla,düşmən tərəfi və onun havadarlarını çıxılmaz vəziyyətə saldı. Bu döyüşlər barədə Putinlə telefon danışığında ona bütün iradlarını bildirdi. Prezidentin bu hərəkəti əhalinin böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılandı. Tovuz şəhidlərinə ümümixalq diqqəti və onların ailələrinə prezident qayğısı hərkəsi riqqətləndirdi.

- Azərbaycan üçün bir sıra təhdidlər var. Bu təhdidlər arasında ictimai asayişi pozmağa meyilli qüvvələrin fəaliyyəti xüsusi nəzərə çarpır. Keçmiş polis rəisi kimi DİN-nin hazırki fəaliyyətini necə dəyərləndirirsiz?

- Real vəziyyətdə Azərbaycanda ictimai asayışın qorunması üçün qanuni tədbirlər həyata keçirilir, sabitliyin təmin olunması istiqamətində mümkün olan bütün tədbirlər görülür. Lakin ictimai asayışın pozulması üçün müxtəlif maraqlara xidmət edən təhdidlərin ola bilmə halı həmişə gözləniləndir. Siyasi məqsədlərə,xarici ideologiyalara, dini ayrımçılıq və radikalizmə, milli-etnik səpgili ayaqlanmalara, klanlara xidmət edən cinayətkar qrupların fəallaşmalarına, qanuni oğru dünyası və kriminal qrupların məqsədlərinə, narkoticarət mafiyalarına onların məqsədlərinə xidmət edən təhdidlər əlverişli şərait yaranan anda reallaşdırılmaq üçün istiqamətləndirilirlər. Daxili İşlər Nazirliyinin mövcud fəaliyyəti göz qabağındadır və təqdirəlayiqdir. Xalq DİN-in fəaliyyətindən razıdır. Qanunsuz mitinq və toplanışlar vaxtı polisin qanuni qətiyyəti,kriminal aftoritetlərə qarşı keçirilən tədbirlər,narkotiklərə qarşı mübarizədə əhəmiyyətli nəticələr,ümumən cinayətkarliğa qarşı mübarizənin effektliliyi, insan haqqlarına hörmət sahəsində ciddi dönüşlər hərkəsə məlumdur artıq. Koronavirus qadağaları vaxtı Azərbaycan polisi əsil xalq polisi olduğunu təsdiq etdi. Nazirimiz Vilayət Eyvazovu xidmət etdiyim dövrdən tanıyıram. Bir faktı insanlarımıza xatırlatmaqla nazir Vilayət Eyvazov şəxsiyyəti barədə təsəvvür yarada biləcəyimi düşünürəm. 2003-cü ildə Azadliq meydanında baş verən hadisələr zamanı dövlətçiliyimizin ciddi zərər görə biləcəyi və çox təhlukəli anlar yaşananda ağıl,tədbir,cəsarət öz işini gördü. O hadisələr və polisin fəaliyəti barədə yazdığım bir məqalədə bu sözlər getmişdi.. “...nazir Ramil Usubovun qətiyyəti, Vilayət Eyvazovun cəsarəti xilas etdi Azərbaycan dövlətçiliyini.” Zabit şərəfi yüksək tutulan orqanda əməli fəaliyyət həmişə nəticəli olur.

- Türkiyə ordusu Azərbaycan Silahlı Qüvvələri ilə birgə təlimlər keçdi. Bu təlimlər Qafqazda marağı olan dövlətlərə hansı mesajlar verdi ?

- Türkiyə ordusu vətənə bağlı, Türk döyüş ənənələrinə sadiq, professional, milli mənafeyə sədaqatlə xidmət edən millətçi fanatiklərdən ibarət yenilməz bir ordudur. Bu ordu təkcə təlimlərdə hazırlanmayıb. İkinci dünya müharibəsindən sonra hərgün döyüşür Türk əsgəri və zabitləri. NATO standartları ilə hazırlanan Türk ordusundan öyrəniləsi çox şeylər var. Qardaşlarımızla birgə təlimlərin, gələcəkdə birgə fəaliyyət baxımından nəqədər əhəmiyyəti varsa,ondan az əhəmiyyət kəsb etməyən siyasi nəticələri, perspektivə yönəlik uzantılarda var. Ermənistan Rusiyanın Qafqazda son dayağıdır. Çar Rusiyasının vaxtından Gümridə hərbi hissələr yerləşdirilib. “Qala”adlanan və Türkiyəyə yaxın bu ərazilər hərbi baxımdan çox əlverişli yerdədir. Suriyada son illər hərbi platsdarm əldə etmiş Rusiya şərqə yolun üstünə oturduğundan həmin ərazilərdə söz sahibinə çevrilməkdə idi,gözü ayağının altın görmürdü. Afrində, İdlibdə Türkün tərs şilləsini üzündə hiss edəndə ayıldı elə bil Rus. Zəif bildiyi, saya salmadığı danışıqlarda özünə bərabər qəbul etmədiyi Türkiyə təkcə “Dron”ları ilə rusun yerüstü,çətin vurulan qurğularını darmadağın etdi. Dünya da etiraf etməli oldu ki Türk silahlı qüvvələri rus qoşunlarını məğlub etdi. Türkiyə Naxçıvanda bizim əlahiddə qoşunlarımızı çox yüksək səviyyədə hazırlayıb. Azərbaycanın bütün ərazilərində qoşun növlərinin hamısının iştiraki ilə keçirilən təlimlər,nümayiş etdirilən silah,texnika və ortada olan Türk ruhu Ermənistanı və onu quyruqlayan dostlarını bərk narahat edib. Türkiyənin heçbir diplomatik yumuşaltmaya söykənmədən elan etdiyi mövqey Rusiyada və İranda şok effekt yaratdı. Rusun düşmən mövqeyi sayəsində Azərbaycan praktiki olaraq əhatəyə alınmışdı. Naxçıvan və başqa ərazilərdəki birgə təlimlər və dirçələn Türk ruhu soyuq duş təsiri bağışladı ruslara. Açığın deyək ki, belə bir qətiyyət belə bir dönüşü gözləmirmiş Rusiya Türklərdən.

- İcra başçısı kimi vəzifənizdən azad olunduqdan hərzaman prezident İlham Əliyevi dəstəkləyən mövqe bildirirsiniz. Doğrudanmı,heç küskünlük yoxdur sizdə ?

- Mən 29 yaşımdan şüurlu olaraq, qəlbən dərk edərək Heydər Əliyev şəxsiyyətini böyük Azərbaycanlı, millətin fəxri olaraq qəbul etmişəm. İnamimda yanılmamış, sədaqətimdə büdrəməmişəm. Heydər Əliyevə münasibətim üzərində formalaşıb İlham Əliyevə bağlılığım. Nədir axı vəzifə? Küskünlük kişi keyfiyyətləri sırasına tam aid olmayan psixoloji təzahürdür. Bəzi insanların vəzifəyə bağımlılıq həvəsi və kresloya aşırı yapışqanlığı ikrah yaradıb həmişə məndə. Vəzifəyə görə prezidentdən narazı qalanlarda, sizin təbirinizcə desək, küskün olanlarda kişilik keyfiyyətlərinin qıtlığı var imiş demək. Əbədi olmayan vəzifə və mövqə hər kəs üçün müvəqqətidir. Vəzifəyə həris, kürsüyə aşiq, marağa qul olan insanlar küsəyən olurlar. Yolumuz Heydər yoludur, liderimiz İlham Əliyevdir. Məqsədimiz Qarabağın azad edilməsi, Zəngəzurun, Dərələzin, İrəvanın, Dilican dərəsinin, Amasya səmtlərinin erməni əsarətindən qurtulmasıdır.

- Ancaq birçoxları müxalifətə yaxınlaşır, yaxud dövlətin siyasətinə mane olmağa çalışırlar. Bu barədə nə düşünürsünüz ?

- Vəzifədən gedən adamın müxalifətə məqsədli qoşulmasını, mən şəxsiyyətin tənəzzülü, plastikləşməsi hesab edir, yediyi çörək təhnəsinə tüpürən şərəfsizə bənzədir, tez-tez ünvan dəyişən yelbeyin məxluqlara tay tuturam. Dövlətin siyasətinə mane olmağa çalışanları isə, erməni Aşotla bərabər tuturam. Üzü olan insan utanar. Balaca bir ölkədə praktiki olaraq, qiyabi də olsa, hamı bir-birini tanıyır. Dünəninizə nəzər salın utanın. Heç olmasa, arvad-uşaqdan utanın, ay dünən pencəyinin döşündə Heydər Əliyev nişanı gəzdirib, bu gün çıxaranlar.

- Siz həm də Yeni Azərbaycan Partiyasının üzvüsünuz. AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzovun istefasından sonra YAP-da islahatların zəruriliyi ilə bağlı fikirlər səslənir. Bu fikirlərə sualınız necədir ?

- İndiki vəziyyətdə respublikanın siyasi həyatında ideoloji vakuum var. YAP reallıqda İlham Əliyev şəxsiyyəti sayəsində adına layiq hörmətdədir. Heydər Əliyev tərəfdarları YAP-a əvvəlki sədaqətləri ilə bağlıdırlar. İdarəetmədə olduğu kimi partiya rəhbərliyinədə cavan kadrlar gətirilməlidir. Özlərinə vurğun olan bəzi partiya mövqelilərindən, onların əməl və hərəkətlərindən camaat bezib artiq. Partiya ondan mənsəbə çatmaq üçün istifadə edənlərdən təmizlənməli insanlar vahid ideologiya ətrafında vahid birlik tapmalıdırlar. İlk partiya təşkilatlarının bir çoxunda dərin formalizm mövcuddur, partiya sıralarına qəbulda ciddi əyintilər var. Təəccüb edirəm, Heydər Əliyevin qatı əlehdarları, onların yaxınları necə qəbul edirirlər bu partiyaya, hansı sevgi onları cəlb edir bizim sıralara ? Cəbhə hakimiyyəti vaxtı Heydər Əliyevin portretini evində saxladığına görə bir vəzifəli tərəfindən təhqirlərə məruz qalan insan o dünyadadır, vəzifəli isə yüksək məqamda. İqtidar partiyasının çiyinlərində hakimiyyətin məsuliyyət yükü və önündə Qarabağ problemi var. YAP-da aparılacaq islahatlara indidən xalqımız, dövlətimiz üçün düşərli olsun deyirəm.

AzNews.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi