azia.az
azia.az

Uşaq müdafiə təşkilatının rəhbəri öz uşağını qayışla döyür – Hüquqşünas şok faktlar açıqladı

25-10-2019, 10:36


Teleqraf.com-un suallarını “Vətəndaş” İctimai Birliyinin rəhbəri Günel Səfərova cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
Uşaq müdafiə təşkilatının rəhbəri öz uşağını qayışla döyür – Hüquqşünas şok faktlar açıqladı
- Günel xanım, məişət zorakılığının son zamanlar bu qədər kütləvi hal almasını nə ilə izah etmək olar?

- Baş verən son cinayət işləri artıq məişət zorakılığından keçib. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun cəza mexanizmi yoxdur, ancaq müdafiə mexanizmi var. Bu yaxınlarda bir həftə ərzində 9 zorakılıq faktı oldu, səhv etmirəmsə, onun beşi ölümlə nəticələndi ki, bu, dəhşətli bir mənzərədir. Məişət zorakılığının artmasının səbəbi müxtəlifdir, məsələ individualdır.

Ola bilər bir qrupda sosial səbəblərə görədir, hazırda cəmiyyətin aqressiyası güclüdür. Ona görə də məişət zorakılığı faktlarının sayı artır. Bəzən fiziki zorakılıq ölümlə nəticələnir. Evləri gəzək, nə bilirik orada zorakılıq baş verir, yoxsa yox?! Çünki Azərbaycanda psixoloji, fiziki, iqtisadi və mənəvi zorakılıq halları yayğındır. İqtisadi zorakılıq həm kişilərə, həm də qadınlara qarşı törədilir. Amma daha çox qadının maliyyə resursuna əlçatımlılığının azaldılmasına, özündən asılı hala salınmasına çalışılır. Fiziki zorakılığa gəlincə, burada həm bilə-bilə xəsarət yetirmək, həm də həyatına son qoymaq hallarına rast gəlinir.

Məişət zorakılığı qohumluq əlaqəsində olan, yaxud əvvəlcə qohum olub sənin inamından istifadə edən insanın sənə qarşı törətdiyi zorakılıqdır. 2010-cu ildə qanun qəbul edilib, onun işlək mexanizmi bəzi hallarda yerinə yetirilsə də, bir çox hallarda yoxdur. Məişət zorakılığının müdafiə mexanizmindən ikisini qeyd edə bilərəm: qısamüddətli orderin verilməsi, uzaqlaşdırma və uzunmüddətli orderin verilməsi. Qısamüddətli orderi icra hakimiyyəti orqanları verir. Hansısa icra hakimiyyətinə gedib müraciət edək, görək hansı mərhələlərdən keçəcəyik və bu proses bizim üçün inzibati baxımdan necə olacaq. Mən onun tərəfdarıyam ki, bu prosesə nəzarət polis orqanlarına verilsin. Ona görə ki, onlar daha operativ işləyir, tez qərar verə bilir.

Uzunmüddətli order isə məhkəmə qərarı nəticəsində verilir. Bu proses isə uzun çəkir. Saya baxaq, indiyə qədər 20-yə yaxın order alınıb. Amma nə qədər məişət zorakılığı halları baş verib.

- Bu statistika hansı müddətə aiddir?

- Qanun qəbul olunandan bu yana cəmi 20 uzunmüddətli order alınıb.

- Bu qədər zorakılıq faktlarına rəğmən, say çox azdır. İnsanların order almaq üçün müraciət etməməsinin səbəbləri nə ilə bağlıdır?

- Birincisi, əhalinin maarifləndirilməsi o qədər yüksək deyil ki, uzaqlaşdırma ala biləcəyi barədə məlumatlı olsun. İkincisi, mürəkkəb tipli ailə quruluşuna malikik. Həyat yoldaşını uzaqlaşdıracaqsa, bəs özü harada qalacaq, çünki iqtisadi olaraq ondan asılıdır, zorakılığına dözür. Məişət zorakılığı haqda danışanda ümumi səbəb tapa bilmirik. Niyə deyirik, ailə sosial işçiləri olsun, qapı-qapı gəzib araşdırma aparsınlar. Biz zorakılığı tabu mövzusundan çıxarıb müzakirə mövzusuna keçirməliyik. O zaman zorakılığın səbəblərini də daha aydın görə biləcəyik.

- Deyirsiniz, araşdırma aparılsın, bəs ailələr sorğunun cavablandırılma prosesində nə dərəcədə səmimi olacaqlar?

- Həqiqətən əhali sorğunu cavablandıranda o qədər də səmimi cavab vermir. Təcrübəmdən bir misal gətirim, bizdə sorğular belə başlayır: yoldaşımdır, çox yaxşıdır, Allah köməyi olsun, yaxşı baxır, məni döymür. 1 saatlıq dərinləşdirilmiş sorğu keçirəndə belə bitir: Allah onun bəlasını versin, onu mənə calayanı Allah öldürsün. Tamam fərqli başlayır və tamam fərqli yekunlaşır. Ona görə də dövlət strukturları ilə vətəndaş cəmiyyəti birlikdə ciddi araşdırma aparılmalıdır. Məlumatı, statistikanı “JEK”dən almaq lazım deyil, həqiqətən ev-ev əhali ilə işləmək lazımdır.

- Bir həftə öncə bir qrup qadın zorakılığa qarşı etiraz yürüşü keçirdi. Bu aksiya ilə bağlı müxtəlif rəylər verildi, belə fikirlər də səsləndi ki, şüarları zorakılıq edənlər eşitdimi, bəlkə effektiv olması üçün yürüş müzakirə masalarına daşınsın?

- Mənim belə fikir səsləndirən insanlara təklifim var, yeni metodlar irəli sürənlər özləri niyə onu icra eləmirlər? Təşəbbüs göstərsinlər, müzakirə masaları qursunlar, biz də gedib iştirak edək. Bu fəaliyyət ardıcıl deyilsə, razıyam, effekti o qədər olmayacaq. Amma bu yürüş qadına şiddətə qarşı çıxan işıqlı gənclərin təşəbbüsü idi. Konkret rəhbər və ya təşkilatçı yox idi. Bu eqonu aşmışam: yaşım gənc deyil, orada təmsilçiliyim başqa cür başa düşülərdi, yaxud siyasi gözləntim yox idi. Vətəndaş, qadın və insan hüquqlarının müdafiəçisi kimi orada olmalı idim. Dinc yürüş idi. Siyasi mesaj yalnız İstanbul Konvensiyasının qəbulu ilə bağlı idi. Hökumət dəfələrlə bəyan edib ki, biz İstanbul Konvensiyasının hazırlıq mərhələsində iştirak etmişik. Oktyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketini hökumətə təqdim etdi.

Gözləyirdim ki, komitə özü bu aksiyaya dəstək versin. Çünki qadına qarşı şiddətdən əziyyəti yalnız bir fərd, yaxud onları müdafiə edənlər çəkmir. Bu cür dinc aksiyalar, fləşmoblar çox olmalıdır, çünki insanların diqqətini cəlb edir. Masa arxasında da tədbir keçirilsin, paralel olaraq da fləşmoblar olsun. Hüquqşünas kimi hesab edirəm ki, məişət zorakılığı məsələsi qanunvericilikdə daha da sərtləşməlidir. Bəzi maddələr İnzibati Xətalar məcəlləsindən götürülüb Cinayət Məcəlləsinə əlavə edilməlidir. Qadın və uşağa qarşı cinayətlərin cəzası ağırlaşdırılmalıdır. Bəzi ölkələr bu presedentdən istifadə edirlər. Eləcə də maarifləndirmə işi aparılmalıdır.

- İstanbul Konvensiyası özündə nəyi ehtiva edir?

- 2011-ci ildə mayın 26-da İstanbulda qadına qarşı şiddət və məişət zorakılığı əleyhinə Avropa Şurasının Konvensiyası qəbul olunub. İstanbulda imzalanmağa açıq olduğuna görə buna İstanbul Konvensiyası deyilir. Bu konvensiyaya Rusiya və Azərbaycan qoşulmayıb. Bəli, Azərbaycan hökumətinin BMT ilə birlikdə Konvensiya barədə gördüyü ciddi işlər var, amma bu konvensiyaya qoşulmaq lazımdır. İstanbul Konvensiyası yeganə hüquqi sənəddir ki, məcburi xarakterlidir, yəni imzalayan ölkə hüquqi öhdəlikləri üzərinə götürür. Ölkə həm də qanunvericilik bazasını Konvensiyaya uyğunlaşdırmalıdır, yəni qadına qarşı olan şiddətlə bağlı ağırlaşdırıcı hallar olmalı, məişət zorakılığı ilə bağlı cinayət məcəlləsində maddələr qeyd edilməlidir. Bu, asandırmı? Xeyr, çətin prosesdir.

Milli Məclisin, hüquqşünasların öhdəsinə çoxlu iş düşür. Amma bunu həyata keçirmək mümkündür. Konvensiyada həmçinin qabaqlayıcı tədbirlər nəzərdə tutulub. Qadına qarşı zorakılığın qarşısını almaq üçün maarifləndirmə və sair işlər daxildir. Eyni zamanda dövlətin KİV, QHT-lərlə birgə işi, hökumətin özünün qabaqlayıcı tədbirləri, əvvəlcədən hansısa məqamda problem hiss olunursa, onun qarşısının alınmasından söhbət gedir. İnfrastrukturun uyğunlaşdırılması ilə bağlı Konvensiyada maddələr var. Sığınacaqların, zərərçəkmiş qurbanlar üçün pulsuz tibbi mərkəzlərin yaradılması, zorakılıq edən insanla iş aparılması, zorakılığa məruz qalan insanın normal həyata inteqrasiyası də nəzərdə tutulub.

Çox mükəmməl, hərtərəfli Konvensiyadır. Əslində bizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun bu Konvensiyaya uyğunlaşdırılıb, amma tam yox. Bir şeyi də qeyd edim, bu model kifayət qədər bahalı modeldir. Zorakılıq qurbanına xidmət göstərən psixoloqlar yetişdirilməlidir. Bizim sosial işçi bazamız yoxdur.

- Ali məktəblərdə sosial iş ixtisasları yeni-yeni yaranır...

- Bəli, gəlin, sosial iş ixtisasının tədris olunduğu auditoriyalara gedək, tələbələrdən soruşaq, kim bu ixtisasa özü yiyələnmək istəyir? Bir dəfə bunu etmişəm, auditoriyada 60-dan çox tələbə olub, beşinin əli qalxıb. Sosial işçi asan vəzifə deyil.

Zorakılığa məruz qalan insanların vəziyyətinin qiymətləndirilməsi sadə məsələ deyil. Sosial işi akademik səviyyədə bilməklə yanaşı, etik dəyərləri daşımalı, standartları bilməlisən. Biz sosial xidmətçi ilə sosial işçini səhv salırıq. Bizə elə gəlir ki, xəstə insana evində yardım edən, yeməyini verən də, onu qiymətləndirən, o faktı üzə çıxaran da sosial işçidir. Xeyr, biri sosial xidmətçi, biri sosial işçidir. Bir sözlə, həm də sosial işçi bazası yaradılmalıdır.

Qurbanlarla və zorakılıq törədənlərlə işləyən professional həkimlər olmalıdır. İş aparılmalıdır ki, necə olur insanlar 10 ildir bir yerdə yaşayırlar, birdən-birə kişi zorakılıq törədir. Deməli, bunun da problemi var ki, adam öldürür. Bir insan digərini necə yandıra bilər? Bu şəxslə də iş aparmaq lazımdır. Konvensiya bütün bunları özündə ehtiva edir, buna görə biz tərəfdarıyıq ki, Azərbaycan ona qoşulsun, məcburi hüquqi öhdəliklərə imza atsın.

- Zorakılıq törədən şəxslərin qeyri-səmimi mövqedə olduğu hallar da kifayət qədərdir. Sosial media və ya ayrı-ayrı platformalarda qadın, uşaq hüququndan danışır, lakin həyatda tamam başqa obrazdadır. Son yürüşdə də belə fakt olub, açıq şəkildə dəstək ifadə edib, amma qadına zorakılıq tətbiq edir. Sizcə, yürüşlər, müzakirə masaları onlar üçün effektiv olacaqmı?

- Uşaq müdafiə təşkilatının rəhbərinin öz uşağını qayışla döydüyünü bilirəm. Qadın hüquq müdafiəsindən danışan bir neçə ekspert tanıyıram ki, həyat yoldaşlarını işləməyə qoymurlar, döyürlər, qızlarına məhdudiyyət qoyurlar. Demirəm, məhdudiyyət tam olmasın. Amma elə məhdudiyyətlər qoyur ki, onun həyatı üçün təhlükədir. Təbliğ etdiyimiz dəyəri yaşamırıqsa, o təbliğat heç kəsə lazım deyil. Stereotip dolu çıxışlara rast gəlirik: oğlunu evləndirəndə nəslini yoxlamalı, kökünə getməlisən. Deməzdim bir neçə adam bu düşüncədədir, çox adam məsələyə bu cür yanaşır. Zorakılıq mənə görə cinayətdir. Amma bu düşüncəni dəyişməyə çox vaxt lazımdır. Biz kortəbii şəkildə “qız alanda”, “qızımı ərə verəndə” və sair kimi ifadələr işlədirik, illərdir beynimizə oturub. Quşlar elə gözəl ev qururlar ki, peşəkar mühəndislər o cür ev qura bilməz.

Amma qadın haqda deyirlər ki, qadının ağlı quş ağlıdır. Təəssüf ki, bütün eybəcər müqayisələr qadınla bağlıdır. Yaxın dostumla “Bakı makiyajlı, silikonlu qadına oxşayır” fikirlərinə görə mübahisə etmişdim. Niyə qadınla müqayisə edirsiniz axı?! Ümumiyyətlə, mən kişi ilə də müqayisənin əleyhinəyəm. Niyə seksist yanaşma var? Beynimizə oturuşmuş düşüncə tərzini dəyişmək çətindir. Ümid edirəm, zorakılıq tətbiq edən insanlar artıq o şiddəti göstərməyəcəyi üçün bu aksiyalara qoşulurlar. Belə faktlar varsa, bu, qaldırılmalı, həmin insanlar cəmiyyətə məlum olmalıdır. Demirəm, onları mütləq ifşa edək. İş aparaq, bəlkə o insanın köməyə ehtiyacı var, psixoloji gərginlikdən əziyyət çəkir? Bu insan travma alıb, niyə belə edir?

- Bəzi insanlar hesab edir ki, bizdə ailə institutu, daşlaşmış mental dəyərlər var, bu mənada zorakılıq məsələsi aşırı dərəcədə ortaya atılmamalı, qabardılmamalıdır. Sizin yanaşmanız necədir?

- Daşlaşmış mental dəyərlər ailə institutunu qoruyurmu, daxildə məişət zorakılığını həll edirmi? Gəlin, boşanmaların sayına baxaq, bir ildə 16 min boşanma faktı nə deməkdir? Bu il boşanmaların statistikasının çox olacağını düşünürəm. Ümumiyyətlə, biz ağbirçək, ağsaqqal yanaşması prizmasından çıxmalıyıq. Məişət zorakılığına məruz qalan gedib polisə şikayət edir, biz mütləq barışdırıcı mövqe tuturuq, bir müddət sonra baxırıq ki, həmin qadın həyatını itirib, yaxud artıq dözməyib ərini öldürüb.

Zorakılığı cinsə görə bölmək istəmirəm. Biz nəyə görə qadına qarşı zorakılıqdan danışırıq? Çünki nəticə etibarilə qadınlar daha çox həyatını itirir, zorakılıq onlara qarşıdır. Bəli, mən də hesab edirəm ki, ailə institutu önəmlidir, ailəyə milli dəyərimiz kimi baxırıq. Zorakılıq faktı varsa, bu haqda danışıb həll etmiriksə, məgər bu özlüyündə həll olunur? Biz nəyi gözləməliyik? Gözləməliyik ki, kişi qocalıb əldən düşsün, artıq döymək və öldürmək imkanına malik olmasın? Biz fikirləşirik ki, bizim yaşı 50-yə yaxınlaşan qadınlarımızın hamısı niyə xəstəlik daşıyıcısıdır? Çünki susublar, içinə atıblar, travma alıblar, yaşamaq istədiyini məişət həyatında belə yaşaya bilməyiblər. O ailə institutu qadına ev daxilində rahat hərəkət etməyə icazə vermir.

Deyirlər: evdə qaynanan, qayınatan var, geyiminə, danışığına, gülüşünə diqqət elə. İnsanı bu qədər məhdudlaşdırsan, psixologiyası, əlbəttə, pozular. Mental dəyər müasir dövrə uyğun deyilsə, deməli onu müəyyən qədər dəyişməliyik. Biz nədən qorxuruq? Çox ənənəvi cəmiyyətik, istəsək də, istəməsək də dəyişəcəyik. Yeni nəsil texnologiya nəslidir, artıq düşünmürlər ki, yalnız Azərbaycan vətəndaşıyam, o hesab edir ki, dünya vətəndaşıyam, qlobal dəyər daşıyıcısına çevrilir.

- Qadınlarımız nəinki həyat yoldaşlarının təzyiqinə məruz qalır, xüsusilə regionlarda qızlar atasının, qardaşının da basqısı ilə üzləşir, bir növ onların girovuna çevrilirlər, təhsildən yayınma faktları da çoxsaylıdır. Bu istiqamətdə hansı işlər görülməlidir?

- Yaponların bir atalar sözü var, deyirlər, qız uşaq vaxtı atasının, yeniyetmə dövrü qardaşının, cavanlıqda ərinin həyatını yaşayır. Faktiki öz həyatını yaşamır. Yapon atalar sözü bizdə tətbiq olunur. Bizdə övlada mülkiyyətçi baxış var, öz uşağımdır, özüm bilərəm. Maarifləndirmə işi aparılanda valideyn faktoru ortaya çıxanda geri çəkilmə baş verir. Ailə uşağın həyatına risk təşkil edirsə, mütləq uşaq o mühitdən uzaqlaşdırılmalıdır. Zorakılıq qurbanını həmin yerdən götürmək prosesi bizdə çox çəkir. Bu barədə qərar verən insanların etibarlılığı haqda sual yaranır.

Çünki icra hakimiyyətlərində qəyyumluq şöbələri, yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar var, onlar da bu sahənin mütəxəssisi deyillər. Qıza qardaşın, atanın qoyduğu qadağalar təkcə regionlarda deyil. Davranışda qızla oğlan arasında fərq var: sən qız uşağısan, möhkəm gülmə, sən danışma, bilmirsən. Bu stereotiplər dağılmağa doğru gedir. Artıq dünya başqa şeylər tələb edir. Biz əvvəl təhsil almaq üçün mütləq məktəbə gedib kitabdan oxumalı idik. İndi internetdən bütün məlumatları almaq olur. Davranış dəyişikliyinə köhnə nəsil hazır deyil, amma bu, baş verəcək. Bunun az itki ilə baş verməsini təmin etmək üçün dövlət rol oynamalıdır. Demirəm dövlət ailəni tənzimləsin, amma doğru istiqamət versin ki, bu prosesdən az itki ilə çıxaq.

- Bu prosesdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rolu nədən ibarət olmalıdır?

- Hər şey təhsildən başlayır. Kitablardakı şəkillər, verilən mətnlərdən tutmuş müəllimin davranışına, məktəblərdəki bullinqə qədər hamısı zorakılığa şərait yaradan məsələlərdən biridir. Kitablarda bütün şəkillərdə ana mətbəxdədir, ata divanda oturub, bütün mövzularda uşağın tərbiyəsində atanın yox, yalnız ananın rol oynadığı göstərilir. Mətnlərdə xeyirxahlıq, humanizm, insan hüquqlarından daha çox başqa mövzular aşılanır. Klassik əsərləri, dastanları da oxumaq lazımdır, amma digər mövzuları yeni nəsil üçün formalaşdırmalıyıq. Tədris prosesi çox ağırdır, bizim dövrümüzdə 8-ci sinifdə keçdiyimiz riyaziyyat məsələlərini indiki uşaqlar 5-ci sinifdə keçir. Bununla uşaqlar yüklənir, onlarda aqressiya yaradır. Müəllimlərin uşaqlar davranış qaydalarında böyük problemlər var. Oxumayan uşağa müəllimlərimiz “qoyun” deyir. Siz bu uşaqdan gələcəkdə hansı şəxsiyyət yetişməsini gözləyirsiniz? Bir qrupa “oxumayan” adı damğası vurulur, bir qrup “sevimlilər” qrupu olur. Uşaqlar bir-birini sıxışdırır, sosial mühit fərqlidir. Bunların tənzimlənməsi təəssüf ki, təhsildə yoxdur. Bir məsələni vurğulamaq istəyirəm.

Londonda bir qız axşam saat 20:00-da ağaclıq olan parkda gəzirmiş, bir oğlan ona hücum çəkir, onu qorxudur, qız onu məhkəməyə verir. Hakim həmin oğlana 7 il 7 gün cəza verir. Vəkili niyə belə cəza verildiyini soruşanda hakim söyləyir ki, 7 gün onun həqiqi cəzasıdır, 7 il isə onun cəmiyyətə vurduğu ziyandır. Hakim bu qədər ağır cəzanı həmin oğlanın bütün ingilis qızların istədiyi saatda, məkanda, geyimdə rahat gəzməyinə qorxu, cəmiyyətə xof yaratdığı üçün verdiyini əsaslandırıb. Bir hadisənin vurğu ziyanlar nəzərə alınmalıdır. Zorakı tərəfə ona görə ağırlaşdırıcı cəza verilməlidir ki, sabah mən övladımın qurban olacağına qorxmayım. Cəza mexanizminin çəkindirici tərəfi var, cəmiyyətdə fikir formalaşdıracaq ki, uşağa qarşı bullinq etmək olmaz.

- Hətta bəzi ölkələrdə övladlarını təhsildən yayındıran valideynlər cəzalandırılır. Azərbaycanda belə modelin tətbiqi nəticə verə bilərmi?

- Səhv etmirəmsə, Estoniyada belə qanun var, həm müəllim, həm də valideyn məsuliyyət daşıyır, uşaq bir müddət məktəbə gəlmirsə, müəllim bu barədə müvafiq strukturlara məlumat verməsə, cəzalandırılır. Eləcə də uşaq gözündə ləkə, üzü şişmiş formada, döyülmüş faktı, psixoloji durumunun gərginliyi ilə gəlsə, müəllim bu barədə məlumat verməlidir. Bunu Azərbaycanda da tətbiq etmək olar. Effektli təhsilin ardınca gələn elementlər nəzərə almalıyıq.

Müəllif: Nərgiz Ehlamqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi