azia.az
azia.az

Cəlaloğlunu ermənilərlə nə birləşdirir? – Sensasion müsahibə

14-09-2019, 11:56


Axar.az politoloq, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı ilə müsahibəni təqdim edir:
Cəlaloğlunu ermənilərlə nə birləşdirir? – Sensasion müsahibə
- Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun iqtidar-müxalifət dialoqu zamanı BMT Nizamnaməsinə istinadla insanların “üsyan hüququ”nun olması iddiasına cavabınız çox böyük rezonans doğurdu. Bu gün “Yeni Müsavat”ın canlı yayımında məsələ ətrafında müzakirə də aparıldı. Siz Sərdar Cəlaloğlundan belə aqressiv, etik əndazəni aşan reaksiya gözləyirdinizmi?
Cəlaloğlunu ermənilərlə nə birləşdirir? – Sensasion müsahibə
- Sərdar Cəlaloğlu ilə heç vaxt aramızda buna bənzər mübahisə və ya dartışma olmamışdı. Amma onu tanıyanlar həmişə S.Cəlaloğlunun avantürist olduğunu deyirdilər. Mən də bu gün “Yeni Müsavat”ın canlı debatında bunun şahidi oldum. Adamın həddindən artıq avantürist, yalançı, heç bir həqiqətə söykənməyən iddiasını “əsaslandırmaq” üçün məntiqə sığmayan üsullara əl atması, mövzunu bir kənara buraxıb, özünəxas şərləmə təcrübəsi nümayiş etdirməsi, üstəlik, etik normalar çərçivəsində müzakirə qabiliyyətinin olmadığını göstərməsi, açığı, məni məyus etdi. Bir daha təəssüf etdim ki, Azərbaycan müxalifətində bu cür aşağı səviyyəli, özündən bədgüman, savadsız və məntiqsiz insanlar var. Özü də S.Cəlaloğlu partiya sədridir, hakimiyyətə iddialı bir şəxsdir, prezident seçkilərində namizəd qismində iştirak edib. Onun bu davranışı sadəcə utancvericidir və təəssüf ki, S.Cəlaloğlu özünə kənardan baxmağı bacarmır. Bu insanlarmı Azərbaycanda hakimiyyətə iddialıdır? Bir anlıq təsəvvür edin ki, Allah eləməmiş, bunun əlində inzibati resurslar və səlahiyyət var, onda ölkə və insanlar hansı günə qalar?

- Gəlin, həqiqəti bir daha müəyyənlşdirməyə çalışaq. Sərdar Cəlaloğlu əvvəlcə BMT Nizamnaməsinin 26-cı maddəsini misal göstərsə də, daha sonra yanlışlığa yol verdiyini deyərək, səsləndirdiyi fikirlərin 29-cu maddədə öz əksini tapdığını söylədi. Sizcə, S.Cəlaloğlu bu açıqlamalarla nəyə nail olmağa çalışır?

- Sərdar Cəlaloğlu, əslində, uduzduğunu bilir. Yalanının üzə çıxdığını və öz sözlərinin əleyhinə çevrildiyini də, güman edirəm, anlamış durumdadır – əks təqdirdə, onun haqda artıq fikir demək yox, ona diaqnoz qoymaq lazım gələr ki, bu da bizim yox, Sərdar Cəlaloğlunun həkim həmkarlarının işidir. Məsələn, bugünkü debatdan sonra mənə müxalifət cameəsindən xeyli insan zəng edərək, bu barədə danışıb. Onlar deyirlər ki, S.Cəlaloğlu “üsyan hüququ” haqda fikirlərini 20 ildir deyir və biz də araşdırmadan sadəlövhcəsinə inanırıq ki, Ümumdünya İnsan Haqları Bəyannaməsində doğrudan da “üsyan hüququ”nun olması ilə bağlı maddə var. Onlar hətta mənə dedilər ki, siz onun uzun illərdir “müəlliflik” etdiyi yalanı bu gün darmadağın etdiniz. Belə mötəbər bir sənədin üzərində saxtakarlıq etmək sadəcə olaraq avantüradır. Əvvəla, S.Cəlaloğlu birinci saxtakarlığı onda elədi ki, həmin tədbirdə BMT Nizamnaməsinin 26-cı maddəsinə "əsaslandı". Halbuki BMT Nizamnaməsində ümumiyyətlə belə bir “hüquqlar” əksini tapmayıb.

Mən bu məsələni araşdıranda BMT Nizamnaməsi ilə yanaşı, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə də baxdım ki, bəlkə, Sərdar Cəlaloğlu Nizamnamədən yox, bu Bəyannamədən söhbət açır. Yəni bu gün S.Cəlaloğlunun İnsan Hüquqları Bəyannaməsini əlində bayraq etməsini də biz ona xatırlatmışıq ki, Nizamnamədə elə şey yoxdur, İnsan Hüquqları Bəyannaməsinə bax!

Amma məsələ burasındadır ki, Bəyannamənin 29-cu maddəsindəki 3 bəndin də heç birində insanların “üsyan hüququ”ndan, ümumiyyətlə, söhbət getmir. S.Cəlaloğlu çarəsizcəsinə “preambula”ya üz tutub və sizi əmin edirəm ki, məqsəd “üsyan” sözünü tapmaq olub. Yəni harda işlənib, necə işlənib - fərqi yoxdur, təki bu "üsyan" sözü olsun. S.Cəlaloğlunun axır ki, “tapdığı” və bərk-bərk yapışdığı “üsyan” sözü isə preambulada belədir:

“İnsanın son vasitə kimi istibdad və zülmə qarşı üsyana qalxmağa məcbur olmamasını təmin etmək üçün insan hüquqularının qanuni hakimiyyət tərəfindən müdafiə olunmasının zəruriliyini nəzər alaraq...”

Göründüyü kimi, burada söhbət hakimiyyətlərə tövsiyədən gedir. Yəni hakimiyyətlər insanların son çarə kimi üsyana qalxmasının qarşısını almaq üçün qanunlara riayət etməlidirlər. Bu, hakimiyyətlərə göstərilən yoldur və burda da BMT missiyasına, fəlsəfəsinə uyğun, zorakılıqdan çəkinmək təlqin edilir. Buradan insanların “üsyan hüququ”nun olması barədə nəticə çıxarmaq hansı məntiqin məhsuludur? Amma S.Cəlaloğlu bunu sanksiya kimi irəli sürür, cəmiyyəti, toplumu yanlış yönə istiqamətləndirir ki, sənin “üsyan etmək hüququn” var.

Əvvəldə də dediyim kimi, bu, tamamilə BMT-nin məram və prinsiplərinə, fəlsəfəsinə ziddir. Çünki BMT bir təşkilat olaraq aqressiyaya və zorakılığa qarşıdır. BMT istənilən mübahisəli məsələdə tövsiyə edir ki, problemi sülh və dialoq yolu ilə həll edin.

- Canlı debatdan siz ayrılandan sonra S.Cəlaloğlu BMT-nin aqressiya və zorakılığa qarşı olması barədə sözlərinizdən istifadə edərək, bunu Dağlıq Qarabağ probleminə gətirdi və...

- Elə bayaq bu məqama toxundum ki, bu adamda məntiqi ardıcıllıq yoxdur və o, istənilən ağlagəlməz “müqayisələrlə” müzakirənin istiqamətini dəyişməyə cəhd edə, məsələn, kosmosun tədqiqi haqda müzakirə zamanı “qoyun yununun da insana faydası olduğu” müqayisəsini verib, adamı heyrətə sala bilən tipdir. Amma məsələ burasındadır ki, S.Cəlaloğlunun “üsyan hüququ”, çox hörmətli politoloq Elçin Mirzəbəylinin dediyi kimi, erməni məntiqindən başqa bir şey deyil, Dağlıq Qarabağ erməniləri də böyük məmnuniyyətlə Sərdar Cəlaloğluna qoşulub, “üsyan hüququ”ndan istifadə etdiklərini iddia edə bilərlər. Bu nə ağıl-məntiqdir? Dağlıq Qarabağda separatizm var, işğal var və işğala artıq İnsan Hüquqları Bəyannaməsi ilə deyil, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə reaksiya verilir və verilib. BMT TŞ-nin qətnamələrindən isə hamının xəbəri var və ümid edək ki, S.Cəlaloğlu da xəbərdardır.

- Sizə tutulan iradlardan biri də jurnalist olduğunuz halda S.Cəlaloğluna cavab verməyinizdir. Bildiyimiz qədərilə, Sərdar Cəlaloğlu da ixtisasca hüquqşünas və politoloq deyil...

- Sərdar Cəlaloğlu tipi unikaldır, belə adamlar bütün vasitələrdən istifadə edirlər – baxmayaraq ki, arqumentləri nəhayətdə özlərinə qarşı çevrilir. Əvvəla, mən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişəm, ixtisasca politoloqam. İkinci tərəfdən, 2005-2010-cu illərdə Milli Məclisin üzvü olmuşam və ictimai-siyasi fəaliyyətim, təcrübəm var. Digər tərəfdən, mən uzun illərdir jurnalistikadayam. Ən ciddi araşdırmaları jurnalistlərin ortaya qoyduğu haqda uzun-uzadı danışmağa da ehtiyac yoxdur. Mən S.Cəlaloğlunun adını çəkdiyi və çəkmədiyi sənədləri qarşıma qoyuram, oxuyuram və görürəm ki, qeyd olunanlar S.Cəlaloğlunun dedikləri ilə daban-dabana ziddir. İndi necə olur ki, jurnalist, politoloq, 5 il millət vəkili olmuş bir insan hansısa hüquqi sənəddən fakt təqdim edə bilməz, amma uzun illər məhkəmə-tibb eksperti olmuş, el dilində desək, “ölüyaran” işləmiş, politologiya və hüquq təhsili olmayan adam hüquqi təfsir verə bilər?

S.Cəlaloğlu 20 ildir dediyi yalanı hara qədər davam etdirmək istəyirdi ki? Yalan dediyini 20 ildən sonra üzünə çırpan şəxsə “sənin ixtisasın deyil” demək, sizcə, nəyə sığır?

Yeri gəlmişkən, o hətta millət vəkili Qüdrət Həsənquliyev barədə də “BDU-nun hüququnu bitirib dəə” kimi aşağılayıcı tərzi-halla reaksiya verdi. Özü haranı bitirib? Yoxsa sanır ki, “ölüyaranın” beynəlxalq hüquqla bağlı “təfsirinə” Oksfordun professorları cavab verməlidir?

- Ötən gün verdiyiniz açıqlamada iqtidarın S.Cəlaloğlu səviyyəsində olan siyasilərlə dialoqa maraqlı olmadığını söyləmişdiniz. “Yeni Müsavat”ın bu gün baş tutan canlı yayımındakı diskussiya sizi fikrinizi redaktə etməyə sövq etmədi ki?

- Əksinə, bugünkü müzakirələr mənim tamamilə haqlı olduğumu göstərdi. Dünənki açıqlamamda demişdim ki, iqtidar bu səviyyədə olan siyasətçilərlə eyni masada oturmağa niyə maraqlı olmalıdır? S.Cəlaloğlu canlı yayımda özünün davranışları, əxlaq normasına, etik çərçivəyə sığmayan fikirləri və açıqlamaları ilə dediklərimi sübut etdi. Doğrudan da siyasi mübarizə yüksək intellekt, savad, məntiq, geniş dünyagörüş tələb edir. S.Cəlaloğlu sübut etdi ki, bütün bu sözlərin əhatə etdiyi məfhumdan o, bir neçə min kilometr uzaqdadır. İndi bu “bir neçə min kilometr uzaqda”, obrazlı desək, təfəkkür baxımından Suriyada yerləşən adamla Bakıda necə dialoq qurmaq olar?

- S.Cəlaloğlunun “Yeni Müsavat”ın canlı yayımındakı mövqeyindən sonra onunla debata çıxarsınızmı?

- İstənilən məntiqi, normal təfəkkürü, intellekti olan adamla debata çıxmağa hazıram. Amma dediyim kimi, təəssüf edirəm ki, S.Cəlaloğlunun təyinində bu sözlərdən istifadə olunmur.

Təsəvvür edin ki, bu təfəkkürdə olan adam biologiya üzrə Nobel mükafatı almağa iddia edir. Hansı ki, Nobel mükafatları nominasiyaları arasında biologiya üzrə nominasiya yoxdur. Nobel mükafatları elmdəki hansısa parlaq kəşfə görə verilir. O isə deyir ki, apardığım araşdırmanı Nobel mükafatına təqdim edəcəyəm. Ərəb dilini bilmədiyi halda, deyir ki, Quranın təfsirini vermişəm. Onun Qurani-Kərim haqqında təfsiri də, biologiya ilə bağlı araşdırması da, çox güman, İnsan Hüquqları Bəyannamənin maddələrinə verdiyi təfsir səviyyəsindədir. Bu adamla debata, müzakirəyə ehtiyac varmı?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi