azia.az
azia.az

İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və… – Stalin onu niyə qoruyurdu?

18-10-2021, 13:03

İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və… – Stalin onu niyə qoruyurdu?
1940-cı illərin sonunda “Leninqrad işi” ilə bağlı 23 nəfər güllələnməyə, 241 nəfər vəzifəli şəxs isə azadlıqdan məhrumetmə cəzasına məhkum ediləndə Lavrenti Beriya və Georgi Malenkov daha bir şəxsin həbs edilməsi üçün Stalinə rəsmi məktub ünvanlayıblar. Stalin məktubla tanış olduqdan sonra üzərinə dərkənar qoyub: “Müharibə illərində, Leninqrad 900 gün mühasirədə qalanda həmin şəhərə “həyat yolu” çəkən bir şəxsi həbs etmək ən böyük cinayətdir…”

Söhbət kimdən gedib? Stalinin həbsinə imkan vermədiyi şəxs 16 il SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Aleksey Kosıgin olub.

İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və… – Stalin onu niyə qoruyurdu?
Onun adı heç vaxt qalmaqallı hadisələrdə hallanmayıb – nə korrupsiyada, nə vəzifədən sui-istifadədə, nə də zəngin həyat tərzində. İstər yerli, istərsə də xarici mətbuatda Aleksey Kosıgin haqqında heç vaxt tənqidi yazılar dərc olunmayıb. O, SSRİ-nin özündən əvvəlki və sonrakı hökumət başçılarından tam fərqlənib, həm iş üslubuna, həm də həyat tərzinə görə.

1904-cü ildə Sankt-Pterburqda sadə bir ailədə dünyaya göz açan Kosıgin orta təhsilini başa vurduqdan sonra 7-ci orduda, hərbi-səhra tikinti hissəsində xidmət edib. Tərxis olunduqdan sonra Petroqrad Kooperativ Texnikumunda, daha sonra Leninqrad Tekstil İnstitutunda təhsil alıb. 1937-ci ilə qədər Tümendə, Novosibirskdə, İrkutskda kiçik vəzifələrdə işləyən Kosıgin həmin il Leninqradda “Oktyabr” fabrikinin direktoru təyin olunub. Bu vəzifə onun gələcək karyerasında yeni mərhələ açıb. Onun iş bacarığı, təşkilatçılığı, məsuliyyəti rəhbərliyin də diqqətindən yayınmayıb. 1938-ci ildə Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Andrey Jdanovun təşəbbüsü ilə Kosıgin Leninqrad şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub. Cəmi bir ildən sonra isə o, nazir kürsüsünə əyləşib, SSRİ Yüngül Sənaye Komissarlığına (nazirliyinə) rəhbərlik edib.

İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və… – Stalin onu niyə qoruyurdu?
Müharibə illərində Kosıgin SSRİ Xalq Komissarları yanında Təxliyyə Şurasına sədrlik edib. Eyni zamanda ordunun əşya və ərzaq komitəsinin sədr müavini olub. Müharibə zamanı Kosıginin gərgin əməyi nəticəsində Ladoqa gölünün üzərindən mühasirədə olan Leninqrada yanacaq çatdırılması üçün kəmər çəkilib və mühasirədə qalan leninqradları soyuqdan qoruyan bu kəmər “həyat yolu” adlandırılıb.

İosif Stalin Aleksey Kosıginin fəaliyyətini yüksək qiymətləndirib. Dövlət Müdafiə Komitəsinin iclaslarında sovet lideri onun haqqında yüksək fikirlər söyləyib. Kreml məmurları Kosıginin ən yaxın gələcəkdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunacağına şübhə etməyiblər.

Vəzifə pillələrini sürətlə qalxan Kosıgin əvvəlcə Rusiya Nazirlər Sovetinin sədri, sonra SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsinə yüksəlib.

Stalinin vəfatından sonra Aleksey Kosıginin vəzifə karyerasında durğunluq dövrü başlayıb. O, Baş nazir müavini vəzifəsindən uzaqlaşdırılaraq yüngül sənaye naziri təyin edilib, 1960-cı ildə isə SSRİ Dövlət Plan Komitəsinə sədr vəzifəsinə gətirilib.

İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və… – Stalin onu niyə qoruyurdu?
Xruşovla Kosıginin münasibətlərində fikir ayrılığı yaşanıb. Xruşovun ölkə iqtisadiyyatı ilə bağlı atdığı yanlış addımlar Kosıgin tərəfindən həmişə ciddi tənqid olunub. Təbii ki, bu da çılğın baş katibin qəzəbinə səbəb olub. Araşdırmaçıların qənaətinə görə, Xruşov Kosıgini siyasi elitadan kənarlaşdırmaq üçün məqam gözləyib. Amma hər şey əksinə baş verib. Xruşovun özünü hakimiyyətdən kənarlaşdırmaq üçün məqam daha tez yetişib. Kosgin bu məqamda onun əsl qiymətini Mərkəzi Komitənin plenumunda aşağıdakı kimi verib:

“Siz hakimiyyətdə təsadüfi bir şəxssiniz, ölkə iqtisadiyyatına vurduğunuz zərbələr rəqmlərə sığışmır. Həmçinin siz bir kommunist kimi də yararsızsınız, çünki siz leninçi deyilsiniz…”

Brejnev hakimiyyətə gəldikdən sonra vəzifə bölgüsündə Kosıgin SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə təyinat alıb. Bu təyinat Brejnevin ürəyincə olmasa da, baş katibin başqa çıxış yolu qalmayıb. Brejnev yaxşı anlayıb ki, Xruşovun dağıtdığı iqtisadiyyatı yalnız Aleksey Kosıgin dirçəldə bilər.

İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və… – Stalin onu niyə qoruyurdu?
Kosıgin SSRİ-də böyük nüfuz sahibi olub. Xalq, sıravi vətəndaşlar ona böyük ehtiram və sevgi bəsləyib. Sadəliyi, səmimiyyəti, eyni zamanda xarici görnüşü ilə milyonların sevimlisinə çevrilən Kosıgin SSRİ və onun vətəndaşları üçün böyük işlər görüb. Ölkədə fəhlə və qulluqçuların 5 günlük iş rejiminə keçirilməsi, aztəminatlı ailələrdə uşaqlara müavinətlərin verilməsi, mağazalarda ərzaq çeşidlərinin çoxalması, sovet vətəndaşlarının istirahəti üçün yeni sanatoriyaların, istirahət evlərinin istifadəyə verilməsi, mənzil təminatının yaxşılaşması, zavod və fabriklərin açılması və bu kimi bir çox məsələlərin həlli məhz Kosıginin gərgin əməyinin nəticəsi olub.

Aleksey Kosıgin sözçülüyü qəbul etməyən, müşavirələrdə saatlarla protokol naminə çıxışlardan uzaq olan məmurlardan sayılıb. O, bütün çıxışlarında fikrini qısa və konkret bildirib. Həmçinin baş nazir Brejnevin ov əyləncələrində, bağ ziyafətlərində də nadir hallarda iştirak edib. Boş vaxtlarını ailəsinə həsr edən Kosıgin digər məmurlar kimi dövlət büdcəsinin hesabına qurulan kef məclislərindən uzaq olub.

İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və… – Stalin onu niyə qoruyurdu?
Kosıginin günü-gündən artan nüfuzu Brejnevi ciddi narahat edib. Baş katib konkret məsələlərdə də Kosıginə qarşı dolayısı yolla narazılığını ifadə etməkdən çəkinməyib. Məsələn, sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsinə Kosıgin etiraz edib və müvafiq sənədə imza atmayıb. Brejnev bundan möhkəm hiddətlənib və Kosıginin bu addımını az qala, partiya əleyhinə aksiya kimi qiymətləndirib.

Bəziləri baş naziri sərt adam kimi xarakterizə ediblər. Bu da səbəsiz deyil. Kosıgin Siayasi Büronun üzvü olaraq dəfələrlə büro üzvlərinə konkret mövzu üzərində müzakirələrin aparılmasını, haşiyə çıxmamalarını irad tutub. Hətta bu məsələ ilə bağlı Kosıgin büro iclaslarının birindən əsəbi halda yarımçıq çıxıb. Belə ki, Siyasi Büronun iclaslarının birində mühüm dövlət məsələsi həll olunarkən xokkey azarkeşləri olan Brejnev, Podqornı və Qreçko hansısa oyun haqda qızğın fikir mübadiləsi aparıblar. Bir neçə dəqiqə bunlara qulaq asan Kosıgin əsəblərinə hakim kəsilməyərək əlini stolun üstünə çırpıb və iclası tərk edib.

İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və… – Stalin onu niyə qoruyurdu?
Kosıgin yaxşı anlayıb ki, Brejnev Ukrayna klanı ilə bigə nə vaxtsa onu baş nazir kürsüsündən uzaqlaşdıracaq. Amma vəzifə düşkünü olmayan Kosıgini vəzifəsini itirmək qorxutmayıb.

1980-ci ildə Aleksey Kosıginin səhhətində problemlər yarananda o, qısa müddətli müalicəyə yollanıb. Bundan istifadə edən Brejnev baş naziri ziyarət edən zaman ona vəzifədən getməyi, daha çox müalicəsinə, sağlamlığına vaxt ayırmağı “tövsiyə” edib. Kosıgin baş katibin nə demək istədiyini yaxşı anlayıb. 1980-ci ilin oktyabr ayında o, səhhəti ilə bağlı “könüllü” ərizə yazaraq bütün vəzifələrindən azad olunub. İki aydan sonra isə 76 yaşlı sabiq baş nazir vəfat edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi