azia.az
azia.az

Ermənistandan Ağdama köçürülən 66 ailə necə yaşayır...

2-08-2019, 09:31


“Kavkazskiy uzel” portalı 2000-ci illərin əvvəllərində Ermənistandan Azərbaycanın işğal altındakı Ağdam rayonuna köçürülən 66 ailənin güzarənı haqda reportaj dərc edib. Virtualaz.org xəbər verir ki, reportajdan Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində 2000-ci illərin əvvəllərində başlatdığı qanunsuz məskunlaşdırma proqramının vəsait yoxluğu üzündən faktiki iflasa uğradığı aydın olur. Amma bu da faktdır ki, Ermənistan Qarabağın heç vaxt ermənilər yaşamayan ərazilərində məskunlaşma başladıblar və vaxtilə ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyası da bunu təsdiqləmişdi.
Ermənistandan Ağdama köçürülən 66 ailə necə yaşayır...
Həmin ermənilər Ağdam şəhərinin xarabalıqları üzərində “Uxtasar” adlı kənd icması yaradıblar və indi şikayətlənirlər ki, 2001-ci ildə Ermənistan hökumətinin vədlərinə inanıb bu ərazilərə köçsələr də onların problemləri ilə maraqlanan yoxdur. Belə ki, Ağdamda, təmas xəttindən təxminən 10 kilometr aralıda qanunsuz məskunlaşmış bu ermənilər susuzluqdan, məskunlaşdırma proqramı çərçivəsində onlara evlərin qəzalı vəziyyətdə olmasından, yolsuzluqdan və digər problemlərdən şikayət edirlər.

Məsələn, Vardtiter və Artur Sərkisyan adlı ər-arvad deyir ki, onlar meyvə bağı, üzümlük salıblar, amma suvarmağa su yoxdur. İçməyə suyu güclə tapırlar və susuzluq üzündən tərəvəz becərə bilmirlər, maşınla Əsgərandan alıb gətirməli olurlar. Hazırda “Uxtasar”da 366 erməni yaşamaqdadır. Artur Sərkisyan deyir ki, burada yaşamaq üçün şərtlər yaradılmalıdır, bunun üçün isə dövlətin dəstəyi lazımdır.
Ermənistandan Ağdama köçürülən 66 ailə necə yaşayır...
Digər “sakin” Alvard Martirosyan isə deyir ki, onun yaşadığı ev qəzalı vəziyyətədir, döşəməsi çürüyüb, divarlarında iri çatlar var. 2016-cı ilin aprel müharibəsi zamanı kəndin ərazisinə düşən mərmilərdən çatlar daha da böyüyüb. İndi isə onlara yeni ev tikmək üçün kömək edən yoxdur.

Martirosyanın dediyinə görə, əvvəllər suvarma suyu ilə bağlı problem yox idi. Lakin sonradan çayın kənarında iri təsərrüfat yaratdılar və kəndə gələn su kəsildi.

Saaykanuş Akopyan adlı erməni qadın da 2002-ci ildə köçürüldüyünü deyir, bildirir ki, onlara verilmiş ev elə ilk vaxtlardan dağılmağa başladı. Yeni ev tikəcəkləri haqda vəd versələr də əməl edən olmayıb. Kənddə cəmi 50 ev var və onlardan 44-ü 2001-2005-ci illərdə məskunlaşdırma proqramı çərçivəsində tikilib, qalanlarını isə gələnlər özləri tikiblər. İndi evlərin 24-ü qəzalı vəziyyətdədir.

Xatırladaq ki, Ermənistan işğal altındakı ərazilərdə, o cümlədən Dağlıq Qarabağ ətrafındakı rayonlarda məskunlaşdırma proqramını yenidən dirçəltməyə, bu işə erməni diasporundan pullar cəlb etməyə çalışır. Qanunsuz məskunlaşdırmanın miqyasını böyütmək üçün Ermənistandan Qarabağa üçüncü yolun çəkilməsi də planlaşdırır. Bu yol Qafan şəhərini Xocavəndə birləşdirməlidir və məqsəd Arazboyu ərazilərdə yeni yaşayış məskənləri yaratmaqdır.

ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının hesabatına əsasən işğal altındakı ərazilərə 2000-ci illərin ortalarına qədər 10 minə qədər erməni köçürülmüşdü. Onlar işğal altındakı Laçın, Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl və qismən də Ağdam rayonlarında məskunlaşdırılıblar. Daha sonra Suriyada müharibə başlayanda bu ölkədən Ermənistana qaçan ermənilərin də bir qismi (təxminən bir neçə yüz nəfər) Qarabağda yerləşdirilmişdi.

Rəsmi Bakı Ermənistanın işğal altındakı ərazilərdə həyata keçirdiyi hər hansı məskunlaşdırmaya kəskin reaksiya verib beynəlxalq vasitəçilərin nəzərinə çatdırmalıdır ki, potensial irimiqyaslı hərbi əməliyyatlarda həmin qanunsuz yaşayış məskənləri Azərbaycan ordusu üçün legitim hədəf olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi