azia.az
azia.az

Ordumuzun arsenalına yeni dağıdıcı silah gəlir - Türkiyə-Azərbaycan alyansı güclənir

1-05-2019, 09:43

Ordumuzun arsenalına yeni dağıdıcı silah gəlir - Türkiyə-Azərbaycan alyansı güclənir
Müdafiə Sənayesi Nazirliyi Türkiyənin ASELSAN şirkəti ilə birgə “QFAB-250" lazer bombalarının sınaq versiyasını hazırladı; bu gün isə qardaş ölkə ilə növbəti birgə hərbi təlimlər başlayır; erməni KİV-i: ”Bu təlimlərin əsas hədəfi odur ki...“
30 ildir erməni işğalı ilə üzləşən Azərbaycan danışıqlar prosesi nəticə vermədiyindən, özünün hərbi qüdrətini artırmaqda davam edir. Bundan ötrü həm Ermənistandan üstün olan maliyyə imkanları hesabına yeni müasir silahlar və döyüş sistemləri alır, həm yerli sənaye kompleksini inkişaf etdirir, həm də dost-müttəfiq ölkələrlə vaxtaşırı keçirilən birgə hərbi təlimlərlə silahlı qüvvələrin döyüş bacarığını artırır və təkmilləşdirir.
Ordumuzun arsenalına yeni dağıdıcı silah gəlir - Türkiyə-Azərbaycan alyansı güclənir
Bu ölkələr sırasında qardaş Türkiyə öncül yerdə qərar tutur. O Türkiyə ki, nüfuzlu beynəlxalq hərbi təhlil mərkəzlərinin etiraf elədiyi kimi, xüsusən də son illər öz hərbi-sənaye kompleksini xeyli modernləşdirib və inkişaf etdirib, silah alan dövlətdən sürətlə silah satan dövlətə çevrilməkdədir. Hesabatlara görə, Türkiyə ötən il hərbi xərcləri ən çox artıran ölkələrdən biridir. O, həmçinin ordusu böyük döyüş təcrübəsinə malik ölkədir.

Daim dinamik yüksəlişdə olan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı şübhə yox ki, həm də düşmənə və onun havadarlarına, dünyaya Dağlıq Qarabağ məsələsində Azərbaycanın tək olmadığının mesajıdır, siyasi güc nümayişidir.Ordumuzun arsenalına yeni dağıdıcı silah gəlir - Türkiyə-Azərbaycan alyansı güclənir
Yeri gəlmişkən, dünən məlum olub ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (ETİ) Türkiyənin ASELSAN şirkəti ilə birlikdə hazırladığı lazerlə yönləndirilən aviasiya bombasının inert versiyası sınaqlar üçün artıq hazırdır. Bu barədə “Azeri Defence”yə eksklüziv olaraq İstanbuldakı İDEF-2019 sərgisində iştirak edən Müdafiə Sənayesi Nazirliyinin təmsilçiləri məlumat veriblər.

Məlumata görə, bombanın ilk prototipindən 3 ədəd hazırlanıb. Gövdə qismi bir müddət əvvəl ASELSAN tərəfindən yaradılmış Lazer Yönləndirmə Dəsti (LGK- Lazer Güdüm Kiti) ilə uyğunlaşdırılmaq üçün Türkiyəyə göndərilib. LGK üzərində kiçik dəyişikliklər edilməklə Azərbaycan istehsalı olan aviasiya bombasına inteqrasiya olunub.

İnstitutun baş direktoru Novruz Abdullayevin sözlərinə görə, inert versiya sınaq üçün hazırdır və müəyyən edilmiş tarixdə Azərbaycanda sınaqlar həyata keçiriləcək. Daha sonra, sifarişdən asılı olaraq yönləndirmə dəstinin 250 kiloqramlıq qəlpəli-fuqas bombalara inteqrasiyası həyata keçiriləcək.
Onu da bildirək ki, LGK-nın inteqrasiya edildiyi Azərbaycan istehsalı olan “QFAB-250" aviasiya bombaları buraxıldığı hündürlükdən asılı olaraq 12 km-dək məsafədə hədəfləri maksimum 10 metr yanlışla vurmağa imkan verəcək. Bu, NATO standartlarına uyğun yaradılmış LGK yönləndirmə dəstinin sovet standartlarına uyğun aviasiya bombasına ilk inteqrasiyasıdır.

Azərbaycanla NATO üzvü Türkiyə arasında hərbi sahədə əməkdaşlıq başqa istiqamətlərdə də davam edir. Elə bu gün - mayın 1-də iki qardaş ölkə Azərbaycanda “Mustafa Kamal Atatürk-2019" kod adı ilə ortaq hərb təlimlərə başlayır. Rəsmi məlumata görə, mayın 5-dək davam edəcək təlimlərdə əsas hədəf hərbi birləşmələrin qarşılıqlı koordinasiya şəraitində fəaliyyəti, ordunun döyüş qabiliyyətinin artırılması və birgə əməliyyatlar təcrübəsini inkişaf etdirməkdir. Ortaq təlimlərə hər iki tərəfdən tank əleyhinə və havadan müdafiə sistemləri, artilleriya qurğuları, hərbi nəqliyyat vertolyotları, zenit-raket kompleksləri cəlb olunacaq.

Gözlənildiyi kimi, Azərbaycanla Türkiyənin budəfəki ortaq təlimləri də ən çox işğalçı Ermənistanda təlaş yaradıb.

“Böyük bir sirr açmarıq, desək ki, bizim şərq və cənub qonşularımız (Azərbaycan və Türkiyə nəzərdə tutulur - ”YM"), hansılar ki, 25 ildən artıqdır ölkəmizi Qarabağ məsələsində güzəştə vadar eləmək üçün blokadada saxlayır, faktiki surətdə təhlükəsizliyimizə potensial təhdiddir. Bu xüsusda Türkiyə-Azərbaycan hərbi-siyasi bloku ilə bağlı istənilən proses erməni media və ekspert dairələrinin diqqətinə layiqdir". “Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1in.am portalının dünənki baş məqaləsində bildirilir.

Məqalədə daha sonra deyilir: “Hərb ekspertlər əlbəttə ki, şübhə eləmirlər ki, bu Türkiyə-Azərbaycan təlimlərində ən azı, nəzəri cəhətcə, əsas düşmən qismində məhz Ermənistan nəzərdə tutulacaq. Bütövlükdə iki müttəfiq dövlətin silahlı qüvvələrinin iştiraklı ilə belə təlimlər son illər tez-tez Türkiyə və Azərbaycanın strateji, etnik və siyasi yaxınlaşması ilə paralel surətdə həyata keçirilir. Tez-tez də təlimlər Naxçıvanda keçirilir”.
Yazının sonunda müəllif Bakı-Ankara hərbi alyansının, Türkiyənin Güney Qafqazda artan fəallığının guya Moskvaya da təhdid olduğunu iddia edir. Bundan ötrü Vladimir Yevseyev tipli ermənipərəst rusiyalı ekspertin fikirlərinə məmnuniyyətlə yer verir.

Ancaq nə Azərbaycan, nə də ələlxüsus qardaş Türkiyə Ermənistana hücum etməyə hazırlaşmır. Bu olmayan təhlükəni qabartmaq yalnız Rusiyadakı müəyyən hərbi-siyasi çevrələrə, hərbi-sənaye kompleksinə sərf edir ki, Ermənistanda və bütövlükdə Güney Qafqazda Rusiya hərbi mövcudluğuna haqq qazandırsınlar. Təəssüf ki, erməni tərəfi on illərdir könüllü şəkildə bu planın tərkib hissəsi olmaqdadır. Halbuki Azərbaycanın qardaş ölkə ilə hərbi və hərbi-texniki əməkdaşlığında yalnız bir hədəf güdülür: ordumuzun döyüş qabiliyyətini və müharibə hazırlığını artırmaq və məqbul geosiyasi şərtlər yetişən kimi ərazi bütövlüyümüzü bərpa eləmək, işğala son qoymaq.

Yəni Azərbaycan Ordusu Ermənistan adlı qondarma dövlətin ərazisinə girib orada Rusiya qüvvələri ilə toqquşmaq niyyətində deyil. Bakıya bu, lazım da deyil. Bizə beynəlxalq hüquq, o sırada BMT TŞ-nin Qarabağa dair məlum qətnamələri əsasında öz sərhədlərimiz daxilində antiterror əməliyyatı keçirib ərazi bütövlüyümüzü bərpa eləmək lazımdır - o da sülh danışıqları nəticə verməzsə.

Bu mənada silahlı qüvvələrimizin arsenalına yeni və daha dağıdıcı silahların daxil olması, habelə Türkiyə ilə ortaq təlimlər, işğalçı tərəfə bir daha aydın mesaj olmalıdır ki, “daşı ətəyindən nə qədər tez töksə”, bir o qədər onun üçün yaxşı olacaq. Əks halda, qat-qat genişmiqyaslı aprel “sindrom”larına hazır olmalıdır...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi