azia.az
azia.az

Hadrut erməniləri İrana qaytarılsın: Biz Baş Plan hazırlayırıq

11-10-2021, 09:09


Qarabağla bağlı proseslər növbəti fazaya keçir. Buna postmüharibə dövrünün sülhyaratma mərhələsi də demək olar. Hər halda görünən budur: Azərbaycan dövləti Ermənistanın əsassız iddialardan əl çəkməsi halında sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib, İrəvandan da ara-sıra “hazırıq” fikirləri səslənməkdədir. Üstəlik, Paşinyan gürcü həmkarı İrakli Qaribaşvili ilə müzakirələrdən sonra Moskva yolçuluğuna hazırlıq görür.
Hadrut erməniləri İrana qaytarılsın: Biz Baş Plan hazırlayırıq
Heç də təsadüfi deyil, Putinlə telefon danışığından sonra Qarabağ məsələsində, Qərbin xeyir-duası ilə vasitəçilik etmək istəyində olan Gürcüstanın baş naziri ilə görüşün ardınca Rusiya səfəri...

Axı, Nikol üçün Vladimir Putinin sözü qanundur, “öl” desə, ölər, onun 9 noyabr 2020-ci ildəki xilaskarı. Digər tərəfdən də ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə bölgəyə gəlmək üçün tədarük görürlər. Hər halda, maraqlıdır, nə ilə gələcəklər, nə gətirəcəklər? Azərbaycan Prezidenti İlham Əliyev dövlətin və xalqın mövqeyini bəyan edib. Məntiq deyir ki, bundan sonra nəinki “status”, hətta “Dağlıq Qarabağ” ifadəsini işlədən olacaqsa, o, elə hava limanından geri qaytarılacaq, nəinki danışıqlara vaxt itiriləcək! Məsələ bu qədər sadə.

Gürcüstanın sülhyaratma prosesində önəmli rol oynayacağını söyləmək və bununla bağlı nikbin qənaətə gəlmək üçün əsaslar çox azdır. Təkcə ona görə yox ki, bu ilin iyununda ABŞ-ın istəyi, Tiflisin vasitəçiliyi ilə “mina xəritələri əvəzində hərbi əsirlər” mübadiləsi həyata keçirildi və məlum oldu ki, Ermənistanın təqdim etdiyi xəritələrin cəmi 25 faizi həqiqəti əks etdirir, qalanı saxtadır, özləri kimi! Bundan sonra Rusiyanın anoloji cəhdi də eyni nəticəni verdi. Deməli, Ermənistana bütün məsələlərdə ən uzağı 25 faiz etimad etmək olar. Bir vaxtlar əbəs yerə deyilməmişdi: “Türkün sadəcə sözünə, ingilisin imzasına etibar et, erməninsə nə sözünə, nə də imzasına inanma!” Biz də az-çox tanıyırıq, 1918-ci ildə İrəvanı güzəştə getdiyimiz zaman da bir daha Azərbaycan ərazilərinə iddia etməyəcəklərinə söz vermişdilər...

Deməli, bu dəfə daha ehtiyatlı olmaq lazım gələcək, Azərbaycan dövlətinin əmin əllərdə olması buna şübhə yeri qoymur. Hansısa mərkəzlərin və paytaxtların sülh tədarükü gördüyü bir ərəfədə Azərbaycan lideri tarixi səfərlərini etməkdə, qərarlarını verməkdədir. Bəli, Prezidentin bu ərəfədə, azad olunmasının 1-ci ildönümündə Hadruta (Ağoğlana) səfər etməsi sıradan bir məsələ deyildi, mahiyyətində böyük məna və mesajların da dayandığı addım idi. Bu, həm də ermənilərin, onların havadarlarının Hadrutla bağlı tökdükləri göz yaşlarına cavab idi: məsələ bitmişdir, cavabı! Son günlərədək bir dəstə İrəvan küçələrində səfirliklərin qapılarını döyür, onları Hadruta qaytarmaq üçün yalvar-yaxar edirdilər. Dövlətimizin qətiyyəti ortada. Bir az əvvəl Rusiya sülhməramlı missiyasının təqdim etdiyi xəritəyə də düzəliş edildi, Hadrut şəhərini də əhatə edən xətlər yığışdırıldı, çünki Azərbaycan xəbərdarlığını etmişdi: qırmızı xətti keçirsiniz, deyə!

Paytaxtlar sülh planı üzərində baş sındırır, necə etsinlər, hardan başlasınlar... Prezident Əliyevsə Hadrutun Baş Planından bəhs edir, özü də Hadrutun mərkəzində! Hətta arxitektorlara irad da tutur, daha yaxşısını hazırlamaq tapşırığı verir. Məhz sülh söhbətləri ərəfəsində...

Kiməsə aydın olmadısa, desin! Müzəffər ordumuzun Ali Baş Komandanı bununla bəyan etdi ki, Hadrut məsələsi Şuşa qədər Azərbaycan üçün önəmlidir və kimsə ayrı fikrə düşməsin! Təkcə ona görə yox ki, Şuşaya aparan yol Hadrutdan keçir, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmalıdır, bu, müzakirə mövzusu ola bilməz! Hə, bundan sonra gəlin, danışaq, görək həmsədrlər, elə irəvandakılar nə demək istəyir?

Prezident Hadrutun baş planına iradlarını bildirib

25 min erməni üçün status söhbəti ortaya atmağa cəsarət edənlər əvvəlcə Göyçə və Zəngəzurdan qovulmuş 300 min azərbaycanlıya status versinlər! Zəngəzur dəhlizi açılsın, sonra başqa mövzular masaya gəlsin, hələ bizim Laçın dəhlizi güzəştimiz var. Üstəlik də Gorus-Qafan magistralının 21 km-lik dəhlizində ermənilərə güzəşt edirik, hətta iranlılar da şikayətlənir. Yəni bu gün Azərbaycanın masada da mövqeyi qat-qat güclüdür, döyüş meydanında olduğu kimi. Dəmir yumruğu postsavaş dövründə dəmir məntiq əvəz edir! Prezident əbəs yerə xatırlatmadı: Hadruta ermənilər İrandan köçürülüb! Bu, həm də erməniləri yenidən qızışdırmaq istəyən İrana mesajdır, yəni çox istəyirsiniz, İrəvan küçələrindəki “hadrutlu” erməniləri yığın, aparın, status verin, istəsəniz, onlar üçün ostanlıq yaradın!

Düzdür, İran arxivindəki, Səfəvilərə aid materiallar, xüsusən də Qacarlar dövründə İrandan Azərbaycanın şimal torpaqlarına köçürülmüş ermənilərlə bağlı faktlar məhv edilib. Amma axı, arxiv materialları bütün ölkələrdə tam məhv edilməyib, amerikan, gürcü, rus, hətta erməni araşdırmaçılar özləri də Pyotrun 1724-cü il 10 noyabr fərmanından sonrakı kütləvi erməni köçü haqda açıq-aydın yazıblar. Prezident heç vaxt istinadsız və əsassız danışmayıb, 44 günlük müharibə günlərində dünyaya tarix dərsi keçdiyini də unutmamışıq.

Hadrutun baş planı ilə bağlı bir çox iradlarım olub - Prezident

Əlimizdə kifayət qədər faktlar, dəlil-sübutlar var, hətta ermənilərin az da olsa, həqiqəti dilə gətirən alimlərinin tədiqatları ortada! Bu mənada gərəkdir ki, tarixçilərimiz usanmadan çalışsınlar, erməni revanşistlərin səslərini qaldırmasına belə, imkan verməsinlər. Silahlar susanda diplomatiya, informasiya, həm də tarix müharibəsi gedir. Bu müstəvilərdə növbəti yüksəkliklərə bayrağımızı sancacağıqsa, o halda qələbə əbədilik bizimlə olacaq! Prezident bütün risklərə baxmayaraq, Hadruta səfər edir, cənnət kimi Tuğa qədəm basır, sakinlərlə elə yurd yerlərində görüşür, təməl daşlarını qoyur, üstəlik, tarixçilərimizə səslənir. Məşhur filmlərimizdən birində sərkərdənin ətrafındakılara dediyi kimi, “hanı sizin kəlamınızın qüdrəti?” Deyəsən, tarixçilərimiz çox arxayınlaşdılar, dövlətin rəhbəri tarix dərsinə başlayandan...



Elşad Paşasoy,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi