azia.az
azia.az

Siyasətin ağsaqqalı xəbərdarlıq etdi: sarsıntı ən gözlənilməz yerdə ola bilər

1-10-2021, 07:42


Siyasətin ağsaqqalı xəbərdarlıq etdi: sarsıntı ən gözlənilməz yerdə ola bilər


Qazaxıstanın lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev bu yaxınlarda bəyan etdi ki, Əfqanıstandakı vəziyyət Mərkəzi Avrasiya məkanında dərin dəyişikliklər prosesinin katalizatoruna çevrilib və bununla əlaqədar bölgənin təhlükəsizliyinin mövcud mexanizmlərinin möhkəmləndirilməsi, habelə yeni mexanizmlərin yaradılması tələb olunur.

Siyasətin ağsaqqalı, təbii ki, haqlıdır. Postamerika Əfqanıstanı doğrudan da bölgədə dərin dəyişikliklər üçün katalizator rolunu oynayır və bunun nəticələrini hələ dərk etmək lazımdır. Üstəlik, bu proseslər Mərkəzi Asiyanı bölüb: Tacikistan özünü antitalib koalisiyasının lideri rolunda görür, Özbəkistan və Türkmənistan Talibanla münasibətlər qurmağa çalışır. Qazaxıstan və Qırğızıstan da bu prosesdə öz yerlərini axtarır.

Nazarbayev əbəs yerə xəbərdarlıq etməyib: regional təhlükəsizlik sistemi zəifləyib
Siyasətin ağsaqqalı xəbərdarlıq etdi: sarsıntı ən gözlənilməz yerdə ola bilər
Və bütün bunlar heç də vakuumda baş vermir: “Taliban” hakimiyyətə gələndən sonra Əfqanıstandan qaçan Əşrəf Qani hökumətinin bir qrup siyasətçisi və məmuru bu günlərdə mühacirət hökuməti yaratdıqlarını elan edib. Bu hökumətin hərbi qanadı kimi isə Əhməd Məsudun rəhbərlik etdiyi Milli müqavimət Cəbhəsi (MMC) göstərilib.

İki həftə əvvəl isə ABŞ Silahlı qüvvələrinin Mərkəzi komandanlığının (CENTCOM) başçısı general K. Makkenzi Qazaxıstanın müdafiə naziri Bektanovla görüşdə “qazaxları şərq sərhədlərində Əfqanıstan islamçıları tərəfindən gözləyən” təhlükələrə birbaşa eyham vurub. Bu eyhamı hər cür anlamaq olar - ancaq istənilən halda həyəcanlı vəziyyətdir.

Mərkəzi Asiyada otuz il davam etmiş və bölgənin hərbi-siyasi sabitliyinin zəmanətçisi rolunda Rusiyanın olduğuna əsaslanan köhnə təhlükəsizlik sistemi artıq ömrünü başa vurub. Və təkcə ona görə yox ki, amerikalılar Əfqanıstanı taliblərə təhvil verməklə onu təməldən məhrum edib. Həm də ona görə ki, son onilliklərdə Mərkəzi Asiya respublikalarının heç də həmişə “zəmanətçi” Rusiyanın maraqları ilə üst-üstə düşməyən şəxsi maraqları formalaşıb. Bir də ona görə ki, yeni qüvvələr və oyunçular peyda olub. Söhbət bölgə dövlətlərinə əməkdaşlığın yeni cəlbedici perspektivlərini təklif edən Çin və Türkiyədən gedir.



Makkenzi Bektanova təhlükələrə birbaşa eyham vurub

Bu isə öz növbəsində Mərkəzi Asiyada yeni rəqibləri xoşlamayan və bunun qarşısını almaq üçün imkanlara malik olan kənar oyunçuların fəallaşmasına aparıb çıxarır. Söhbət iqtisadi təzyiqdən başlamış “idarə olunan qeyri-sabitliyin” təşkilinə qədər müqavimətin ən geniş spektrindən gedir.

Nazarbayev öz çıxışında Qazaxıstan ordusunun güclənməsini, ekstremizm və separatizmin qarşısının alınması üçün tədbirləri vurğulayıb. Əlbəttə, bunlar lazımlı və vacibdir. Ancaq hər şeyin qaynadığı, hərəkətə gəldiyi, sarsıntıların ən gözlənilməz yerdə başlaya biləcəyi bölgədə sabitlik və təhlükəsizlik adacığı qurmaq mümkün deyil. Bunu etmək üçün qonşuların və sistemli kənar oyunçuların birgə səyləri tələb olunur. Elə bu vaxt da əsas problemlər başlayır - qonşular pərakəndədir, kənar oyunçuların maraqları isə köklü şəkildə bir-birinə ziddir.

Mərkəzi Asiyada yeni “Böyük oyun”un başlanması üçün bütün şərtlər yaranıb. Bu oyunun nəğməkarı və təbliğçisi Redyard Kaplinq onun “yalnız hamı öləndə bitəcəyini” yazmışdı. Və Nursultan Nazarbayevin idealda “Böyük oyun 2.0”-ın qarşısını almalı, yaxud heç olmasa onun neqativ nəticələrini minimuma endirməli olan yeni təhlükəsizlik sisteminin qurulması ilə bağlı çağırışı çox vaxtında edilib.

Problem də ondadır ki, bunu kimin edəcəyi, əsasında hansı strateji konsepsiyanın dayanacağı, mümkün iştirakçıların öz ambisiyalarından və qarşılıqlı iddialarından nə dərəcədə imtina etməyə hazır olduqları qətiyyən bəlli deyil. O da bəlli deyil ki, onlar kənar oyunçularla - Çin və ABŞ, Rusiya və Türkiyə ilə razılaşa biləcəklərmi? Düşünmək və cavab tapmaq üçün vaxt isə azdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi