azia.az
azia.az

General Rüstəm Muradov Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırdı

9-04-2021, 20:13


Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general Rüstəm Muradov Ermənistan hakimiyyətini “yalançı və təxribatçı” adlandırıb. Virtualaz.org xəbər verir ki, general ötən gün “əsirlərin dəyişdirilməsi” barədə guya əldə edilmiş razılaşmanın pozulması barədə Ermənistan rəsmilərinin açıqlamalarına cavab olaraq belə deyib.
General Rüstəm Muradov Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırdı
Xatırladaq ki, ötən gün Ermənistan hökumətinin nümayəndələri, o cümlədən baş nazirin müavini Tiqran Avinyan Yerevanla Bakı arasında Rusiyanın vasitəçiliyi ilə “əsirlərin qaytarılması” (söhbət 10 noyabr razılaşmasından sonra Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərində ələ keçirilmiş erməni silahlılarından gedir, onlar hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycan hərbçilərinə və mülki şəxslərə hücumlar ediblər,-red.) haqda razılaşmanın əldə olunduğunu bildiriblər. Nəticədə həmin erməni silahlılarının yaxınları Bakıdan Yerevana uçan təyyarəni gözləməyə başlayıblar. Təyyarə “Erebuni” aerportuna enib, ancaq məlum olub ki, orada təkcə general Rüstəm Muradov var. Üstəlik “Flightradar” saytı təyyarənin Yerevana Bakıdan yox, Rostovdan uçduğunu göstərirdi.



Beləliklə, Ermənistan rəsmiləri “əsirlərin qaytarılması” haqda razılaşmanın Azərbaycan tərəfdən pozulduğunu iddia etməyə başlayıblar.

“Hraparak.am” saytının əməkdaşı bu gün Yerevanda parklama yerlərindən birində general Rüstəm Muradovu haqlaya bilib. Generalın mühafizəçiləri jurnalistin videoçəkiliş aparmasına mane olublar, amma o, Rüstəm Muradova sual verə bilib. “Nəyə görə dünən Ermənistanın vəzifəli şəxsləri əsirlərin qaytarılacağı haqda bəyanatlar verirdilər?”,-jurnalist soruşub.

“Bu, yalan və təxribatdır. Səbəbini onlardan soruşun. Onlar əhalini çaşdırırlar”,-Muradov bildirib. Əlavə edib ki, heç bir bu cür tədbir (əsirlərin qaytarılması) planlaşdırılmamışdı, onun Yerevana gəlişi “adi işgüzar səfərdir”.

“Belə başa düşürəm ki, indi baş nazir Paşinyanla görüşə gedirsiniz?”,-jurnalist avtomobilə əyləşən Muradova daha bir sual verib. “Heç bir şərh verə bilmərəm”,-rusiyalı general deyib.


Rüstəm Muradovun bu videosunun yayılmasından az əvvəl Ermənistan parlamentinin müdafiə məsələləri komitəsinin rəhbəri Andranik Köçəryan demişdi ki, “əsirlərin qaytarılması” barədə razılaşma həqiqətən əldə edilmişdi. Amma baş tutmadı. Onun sözlərinə görə, general-leytenant Rüstəm Muradov Bakıya məhz “əsirlərin arxasınca” getmişdi. Köçəryan deyirdi ki, “əsirlərin qaytarılması” Putin-Paşinyan danışıqlarından sonra baş tutmalıydı. Çünki Rusiya bu məsələnin həlli üçün səy göstərməyə cəhd edib.

“Məhz buna görə Rusiya Qəhrəmanı, general Muradov əsirləri müşaiyət etmək üçün Bakıya getmişdi. Ancaq əngəl yaranıb, hansı ki, bunu mən indi açıqlaya bilmərəm...Əgər razılaşma olmasaydı təyyarə niyə ora uçurdu? Əgər təyyarə uçmuş olsaydı belə, Muradov orada olmalı deyildi”,-Köçəryan deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi