azia.az
azia.az

Korrupsiyalaşmış məmurların həbsi davam edəcək - Komissiya üzvündən anons

14-11-2020, 12:05

Arzu Nağıyev,
Milli Məclisin üzvü
Korrupsiyalaşmış məmurların həbsi davam edəcək - Komissiya üzvündən anons



Arzu Nağıyev: “Dövlət məmurunun biznes fəaliyyəti qanunla yasaqdırsa, bu tələbə əməl edilməlidir”
Artıq uzun illərdir ki, korrupsiya Azərbaycanda ölkə həyatının bütün sahələrində kök salmış, cəmiyyəti ciddi şəkildə narahat edən bəlaya çevrilib. Ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı müxtəlif istiqamətlərdə mübarizə tədbirləri, proqramlar hazırlanaraq həyata keçirilib. Bundan əlavə, əhalinin ən çox istifadə etdiyi 300-dən yuxarı xidmət Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin(ASAN) mərkəzləri tərəfindən təqdim olunmağa başlanıb.

Bütün bunlara rəğmən, Azərbaycanda korrupsiyanın səviyyəsi cəmiyyəti narahat edəcək səviyyədə qalmaqda davam edir. Dünya ölkələrində korrupsiyanın səviyyəsini müəyyənləşdirən Beynəlxalq Şəffaflıq Təşkilatının 2019-cu ildə açıqladığı Korrupsiyanı Qavrama İndeksində (KQİ) Azərbaycanın mövqeyində ciddi geriləmə müşahidə olunub. Təşkilatın 180 ölkədə apadığı qiymətləndirmələrin yekunu olaraq, Azərbaycan 2018-ci ildəki mövqeyindən 30 pillə geriləməklə 152-ci yeri tutub. 2018-ci ildə Azərbaycan 31 balla 122-ci yerdə idi, hətta bir il öncəkindən bir pillə irəliləmişdi.

Onu da qeyd edək ki, 2019-cu ildə Azərbaycanda xeyli sayda yüksək vəzifəli dövlət məmuru fəaliyyətində yol verdiyi korrupsiya əməllərinə görə həbs olunub. 2020-ci ildə də davam etdirilən bu proses zamanı 6 rayon icra hakimiyyətinin başçısı, müxtəlif nazirliklərdə yüksək vəzifə tutan şəxslər bilavasitə cinayət əməli törədərkən yaxalanaraq həbs olunublar. Eyni zamanda korrupsiya fəaliyyətlərinin genişlənməsində, himayəçilik biznesinin inkişafında yüksək rolu olan məmurlar vəzifələrindən alınıblar. Lakin cəmiyyətin bu sahədə gözləntiləri hələ qalır, ölkə həyatının, iqtisadiyyatının müxtəlif sferalarında korrupsiya hallarının qarşısının alınması üçün hökumətdən daha təsirli addımların atılması istənilir.

İşğal altındakı torpaqlarımızın azad olunması həmin ərazilərdə geniş miqyaslı tikinti-bərpa işlərinin aparılması zərurəti yaradır. Bu işlərin minimum xərclər hesabına və keyfiyyətlə icra olunması dövlət xərcləmələri sahəsində şəffaflıq və hesabatlılığın artırılmasını, korrupsiya imkanlarının isə aradan qaldırılmasını tələb edir.

Xatırladaq ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əsasən, Azərbaycan Respublikasında korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirir. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. Komissiyanın 5 üzvü Prezident, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Korrupsiyalaşmış məmurların həbsi davam edəcək - Komissiya üzvündən anons
Bu il ərzində hər 3 tərəfdən komissiyaya yeni üzvlər müəyyənləşdirilib. Sentyabrın 15-də ilk iclasda Prezident Administrasiyasının rəhbəri Komissiyanın sədri seçilib. İclasda həmçinin qanunun aliliyinin və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə açıqlıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, vətəndaşlara dövlət xidmətlərinin korrupsiya hallarını istisna edən şəraitdə, operativ və resurslara qənaət etməklə göstərilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə və innovativ həllərin tətbiqinin genişləndirilməsi kimi məsələlər müzakirə olunub. İctimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması məsələsinə baxılıb. Qanunvericiliyin təkmilləşdirilməsi üçün zəruri olan istiqamətlər qeyd edilib, habelə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Arzu Nağıyev: Heç bir vəzifəli şəxs qanunun tələblərinə hörmətsiz yanaşa bilməz

Arzu Nağıyev

Milli Məclis tərəfindən Komissiya üzvü təyin olunan millət vəkili Arzu Nağıyevlə müsahibəmizdə həm təmsil olunduğu qurumun fəaliyyət perspektivləri, həm də ümumiyyətlə, ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədədir. Müsahibəni təqdim edirik:

- Arzu bəy, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin mövcud vəziyyətini qiymətləndirin, zəhmət olmasa: mübarizəni korrupsiya səviyyəsinə adekvat hesab etmək olarmı?

- Düşünürəm ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin indiki vəziyyəti kifayət qədər irəliləyib. Əsas məsələ ondan ibarətdir ki, korrupsiyaya qarşı mübarizəni həyata keçirən müstəqil qurum kimi Komissiya formalaşdırılıb. Komissiyada Milli Məclis, Konstitusiya Məhkəməsi və cənab Prezidentin müəyyənləşdirdiyi üzvlər təmsil olunurlar. Bundan əlavə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. Eyni zamanda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin də korrupsiya cinayətlərinə qarşı tədbirlər görmək hüququ var. Bütün bunlarla yanaşı, bütün nazirliklərdə daxili nəzarət funksiyasını icra edən şöbələr mövcuddur.

- Sizcə, hazırda hansı sahələrdə korrupsiya imkanları daha genişdir?

- Daxil olan şikayətlərdən, müxtəlif qurumlara ünvanlanan məktublardan aydın olur ki, uşaq bağçalarının ərzaq təminatı, vətəndaşların sənədlərindən sui-istifadə, iş adamlarından məcburən rüşvət tələb olunması, onların müəyyən işlərə cəlb edilməsi, torpaq sahələrinin ayrılması, onlardan qeyri-qanuni istifadə, qanunsuz tikintilərin aparılması kimi məsələlər vətəndaşların ən çox narazılıq etdiyi məsələlərdir. Bundan başqa, yerli icra hakimiyyətlərinin müəyyən vəzifələrə təyinatlarında, onların həyata keçirdiyi təmir-tikinti işlərində korrupsiya halları, kommunal-təsərrüfat işçilərinin maaş kartlarının əllərindən alınması və sair qanunsuzluqlar da nisbətən çoxluq təşkil edir.

- Üzvü olduğunuz Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib. Komissiyada yanaşma necədir: qarşıda duran ən mühüm vəzifələr hansılardır?

- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya sentyabrda yeni tərkibdə ilk iclasını keçirib. İclasda ilk olaraq Komissiyanın sədrini seçdik, daha sonra bir sıra mühüm istiqamətlərdə müzakirələr aparıldı, işçi qruplar yaradıldı. Azərbaycanın beynəlxalq səviyyədə təmsilçiliyi, beynəlxalq korrupsiya reytinqlərində ölkəmizin mövqeyinin yaxşılaşdırılması imkanları mühüm məsələləri müzakirə etdik. Müzakirə olunan məsələlər üzrə gələcəkdə görülməli olan işlərlə bağlı təkliflərimizi verdik. Bu sıradan, dövlət qurumları yanında ictimai şuraların yaradılması prosesinin sürətləndirilməsi, Rəqabət Məcəlləsinin qısa müddətdə qəbulunu xüsusilə mühüm məsələ hesab edirəm.

- Komissiya üzvü olaraq korrupsiyaya qarşı mübarizənin hansı sahələrdə daha sərt aparılmasını məqsədəuyğun hesab edirsiniz?

- Hesab edirəm ki, dövlətin sosial siyasətinə kölgə salan, ictimai işlərə cəlb olunan insanların kartlarını əlindən alan, haqqını tapdayanlara qarşı mübarizə mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda həm dövlətin, həm ayrı-ayrı təşkilatların pandemiyadan zərərçəkən ailələrə göndərdiyi yardımların mənimsənilməsi hallarının qarşısı alınmalıdır. Bir sözlə, vətəndaşların rifahının yaxşılaşmasına yönəlik tədbirlərə mane olanlar ciddi cəzalandırılmalıdır.

- Bir çox ekspertlər Azərbaycanda yalnız Milli Məclisə tabe olan müstəqil korrupsiyaya qarşı mübarizə qurumunun yaradılmasını təklif edirlər. Siz bu təklifi necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, Azərbaycanda korrupsiya ilə mübarizə aparan qurumlar öz vəzifələrinin öhdəsindən yetərincə gəlirlər. Kimə tabe olmalarından asılı olmayaraq, həmin strukturlarda təmsil olunan rəhbərlər də Korrupsiyaya qarşı mübarizə Komissiyasının üzvləridir. Eyni zamanda qanunverici orqan olaraq Milli Məclis də Komissiyada təmsil olunur. Gələcəkdə bu məsələ aktuallaşarsa, bəlkə də baxıla bilər. Lakin indiki halda mən buna lüzum görmürəm.

- Arzu bəy, bildiyiniz kimi, son iki ildə korrupsiya cinayətinə yol verən yüksək vəzifəli məmurlara qarşı sərt addımlar atılır, onlar bir çox hallarda cinayət başında, öz iş otaqlarında yaxalanırlar. Bu addımların davam etdirilməsinə ehtiyac varmı?

- Bəli, davam etməlidir və əminəm ki, davam edəcək də. Çünki nə qədər insanlıq var, çirkli əllərlə, vicdansızlıqla qanunsuz gəlir əldə etmək istəyənlər çox olaraq qalacaq. Hazırda Azərbaycanda da belələri var. Onlar cinayət əməllərini davam etdirirlər. Cənab Prezidentin də qeyd etdiyi kimi, belə şəxslərə qarşı mübarizə davam etdiriləcək. Sadəcə olaraq, əvvəla, pandemiyanın yaratdığı çətinliklər, daha sonra Azərbaycanın Vətən Müharibəsi proseslərdə müəyyən fasiləyə səbəb oldu. İnşallah, hər iki istiqamətdə işlər qaydasına düşdükdən sonra həm iqtisadiyyatda, həm sosial sahədə, həm də digər sahələrdə sərt nəzarət tədbirləri davam etdiriləcək. Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin pisləşməsinə gətirib çıxaran əməllərə yol verən şəxslərə qarşı mübarizə davamlıdır.

- Məmurların biznesdən əlinin yığışdırılması istiqamətində tədbirlərin davamına ehtiyac duyursunuzmu? Prezident İlham Əliyev bir il əvvəl bu barədə kəskin danışıb, sahibkara uzanan əllərin kəsiləcəyini bildirmişdi.

- Hər bir ölkədə biznesin inkişafı dövlətin iqtisadi, eləcə də siyasi gücünün artması deməkdir, o cümlədən də Azərbaycanda. Kimsə dövlətin məmuru olaraq öz vəzifə səlahiyyətlərindən istifadə edərək hansısa sahədə biznesin inkişafının qarşını alırsa, korrupsiya ilə məşğul olursa, birmənalı şəkildə ciddi cəzalandırılmalıdır. Dövlət məmurunun biznes fəaliyyəti qanunla yasaqdırsa, hər bir məmur bu tələbə əməl etməlidir. Etməyənlərin, cənab Prezidentin də qeyd etdiyi kimi, əlləri kəsilir və kəsiləcək də. Hamımızın gördüyü kimi, bu sahədə çox ciddi addımlar atılır, düşünürəm ki, bu proses davamlı olacaq.

QEYD: Müsahibə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqat və rəy sorğusunu aparılması” layihəsi çərçivəsində hazırlanıb.

Dünya SAKİT,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi