azia.az
azia.az

Güclü Azərbaycan kimləri narahat edir? - TƏHLİL

28-10-2020, 13:01

Güclü Azərbaycan kimləri narahat edir? - TƏHLİL

Azia.Az xəbər verir ki, Davam etməkdə olan Vətən müharibəsi bir həqiqəti də üzə çıxardı. Güclü Azərbaycan heç də bir çox dövlətlərin marağına uyğun deyil.

Politoloq Elçin Mirzəbəyli də belə hesab edir ki, regionda güclü Azərbaycanın olması zəif Ermənistanın olması deməkdir: “Bu aspektdən Ermənistanı müdafiə edən dairələr şübhəsiz ki, Azərbaycanın güclənməsindən, regionda əsas söz sahibinə çevrilməsindən narahatlıq keçirirlər. Digər tərəfdən, bu müddət ərzində Azərbaycan öz potensialını və ordusunun gücünü göstərdi. Mübarizə əzmini sona qədər davam etdirəcəyimizi ortaya qoymuşuq. Xalqımız dünyanın çox nadir ölkələrində rast gəlinən bir mütəşəkkillik nümayiş etdirir. Zaman sübuta yetirdi ki, bu günə qədər Azərbaycana nə qədər təslimçilik ruhu aşılamağa çalışsalar da, bu tamamilə əks-effekt verib. Bu xalqın hər nümayəndəsi Azərbaycan uğrunda döyüşməyə, canını fəda etməyə, düşmənin canını almağa hazırdır. Özünün prinsiplərindən ölkəmiz bir addım da geri çəkilməyəcək. Digər tərəfdən, Azərbaycan liderinin timsalında bu günlər ərzində tamamilə yeni bir lider obrazı ortaya çıxdı. Söhbət konkret olaraq təkcə cəsarət nümayiş etdirməkdən getmir. Yüksək zəka və intelekt nümayiş etdirməkdən də söhbət gedir. Bu gücün, potensialın arxasında xalqın birmənalı dəstəyi dayanır. Bu da ciddi bir fenemonə çevrilir.

Dünyanın bəzi xarizmadan kənar liderlərini təbii ki, bu qane edə bilmir. Azərbaycan və Türkiyə liderlərinin xarizmasının kölgəsində bəziləri yox olur. İki qardaş ölkə arasındakı əməkdaşlıqdan da narahat olanlar az deyil. Bunu müxtəlif istiqamətlərə yozanlar var. Hətta qonşu ölkələr də bundan narahatlıq keçirirlər. Baxmayaraq ki, Azərbaycan dəfələrlə regionda sabitlik mənbəyi olduğunu bəyan edib. Regionda sabitliyin təminatçılarından biri olduğumuzu hər zaman nümayiş etdirmişik. Balansın qorunması üçün Türkiyənin regionda mövcudluğuna böyük ehtiyac var. Digər tərəfdən, Azərbaycanın şübhə doğurmayan böyük qələbəsindən sonra regionda tamamilə yeni reallıqlar yaranacaq. Bu günə qədər mövcud olan əməkdaşlıq formatları tamamilə sıradan çıxıb. Dövlət adları çəkməkdən uzağam. Amma düşünürəm ki, yaranacaq birliklərin konturları artıq görünməkdədir. Beləliklə, qeyd olunan qüvvələr zəif Ermənistanın timsalında regiona təsir imkanlarını itirirlər. Ermənistan regional güclərin iradəsi ilə barışmaq məcburiyyətində qalıb. Regionun böyük dövlətləri bir araya gələrək, tamamilə yeni bir düzən yaradırlar. Bununla qlobal proseslərə təsir etmək imkanları əldə edilir. Bu da ayrı-ayrı gücləri narahat edən məqamlardan biridir. Şübhəsiz ki, onlar proseslərdən sonrakı konturları cızmağa başlayıblar. Azərbaycanın prosesdən güclü çıxmasını istəmirlər. Bu güc gələcəkdə əməkdaşlıq formatlarının əsas özəklərindən birini təşkil edəcək. Yanaşmalar bundan ibarətdir. Amma artıq qatar gedib. Həmin qüvvələrin istək və arzuları heç nəyi dəyişmir. Söhbət burada təhlükəsizlikdən, milli varlığın qorunmasından gedir. Region ölkələrinin xarici təsirlərdən qorunması da burada çox önəmli faktordur. İstəklərinə nail ola bilməyəcəklər”.

Politoloq Əhəd Məmmədli də düşünür ki, güclü Azərbaycan İranın maraqlarına uyğun deyil: “90-cı illərdə cənub qonşumuza şiə Azərbaycanın deyil, xristian Ermənistanın yanında nə üçün olması barədə sual verilib. Belə cavab verilib ki, müharibədə qalib gəlsələr, Türkiyə ilə sərhədləri birləşdirəcəklər. Bu, böyük Turana rəvac yaradacaq. Təbii ki, bu da bəzilərini ciddi narahat edir. İran üçün dini maraqlardan çox dövlət maraqları əsasdır. Rus mətbuatını daim izləyirəm. Türkiyə-Azərbaycan yaxınlığından çox narahatdırlar. Bunların bütün günü əsas mövzuları Ərdoğan olur. Ərdoğan Makrona nə dedi, o nə üçün cəzalandırılmır, Türkiyə Rusiyanın içərilərinə qədər girib və s. Osmanlı Türkiyəsinin qayıtmasından çox narahatdırlar. Rusiyanın dövlət maraqlarına təbii ki, bunlar cavab vermir. Açıq şəkildə deyirlər ki, Azərbaycan Cənubi Qafqazda regional liderə çevrilir. Türkiyə ilə qardaş bir dövlətin regional liderə çevrilməsi şimal və cənub qonşumuzu ciddi narahat edir. ”Bir millət, iki dövlət" şüarı rusları çox qıcıqlandırır. “Bir millət, altı dövlət” də deməyə başlayıblar. Bilirsiniz ki, bu da Orta Asiyanın türk dövlətləridir. Türk dünyasının güclənməsi yuxularını ərşə çəkib. Amma ədalətsiz mövqedən çıxış etmək başqa, reallıqlar isə tamam başqa şeydir. Türkiyə faktoru məsələlərin həllidir. Ölkə Prezidenti son çıxışında açıq dedi ki, xarici müdaxilələr olsa, qarşılarında F-16-ları görəcəklər. Bu mesaj birbaşa Rusiya və İrana idi ki, nəbadə birdən Ermənistan tərəfindən hərbi müdaxilə edərsiniz".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi