azia.az
azia.az

“Vaxtilə qucaqda gedən uşaqlar bu gün Qarabağa tank üstündə qayıdırlar” - Atəş altındakı bölgələrimizdə son vəziyyət

7-10-2020, 19:06

“Vaxtilə qucaqda gedən uşaqlar bu gün Qarabağa tank üstündə qayıdırlar” - Atəş altındakı bölgələrimizdə son vəziyyət

Xəbər verdiyimiz kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Belə ki, Beyləqan, Bərdə, Tərtər, Ağcabədi, Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistan tərəfindən atəşə tutulub. Bir sıra rayon və şəhərlərimizin atəşə tutulması davam edir. Baş Prokurorluqdan 5 okyabr tarixində verilən məlumata görə, 27 sentyabrdan Ermənistanın hücumları nəticəsində 24 mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır. 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 30-u qadın, 7-i uşaqdır.

Azia.Az atəş altındakı bölgələrimizin sakinləri ilə həmsöhbət olub, əhali əhalinin əhval-ruhiyyə ilə maraqlanıb. Beləliklə;

Tamara Məmmədova (Gəncə): “Ermənilərin atdığı raket erməni əsilli şəxslərin bizimlə birgə yaşadıqları məhəlləyə düşüb. Orada erməni kilsəsi də var. İş yerim oraya yaxındır. Həmin məhəllədən uzaqda yaşayan qohumlar, tanışlar da səs-küyü eşidiblər. Əhvalımızı soruşası olsanız, əvvəlki kimi. Həyatımıza olduğu kimi davam edirik. Hətta, deyərdim, düşmənə qarşı indi daha da güclü, iradəli hiss edirik özümüzü. Gəncəlilər belə şeylərdən qorxası deyil, tək qorxmalı olan ermənilərin özləridir. Bizim dədə-baba torpaqlarımızı öz adlarına çıxmaq bəs deyilmiş kimi, hələ mülki əhalinin yaşadığı ərazilərə raket də atırlar. Bunun bir adı var - azğınlıq”.

Şəhriyar Ağayev (Tərtər): “Ordumuz Ali Baş Komandanın döyüş əmri ilə irəli atılıb. İndi biz hamımız əsgərik. Müvəqqəti çətinliklər olsa da, bunlar heç bizim gözümüzə görünmür. Bu, müharibədir, itkilər də olur, ağrılar, acılar da. Bizi isə Vətən torpağı səsləyir. Biz o səsin yolunu tutub ancaq irəli baxırıq, irəlidə Qarabağ torpağı – bütöv Azərbaycan bizi gözləyir. Buralarda hər kəsin əhvalı yerindədir, qələbə bizi səsləyir”.

Günel Hümbətova (Goranboy): “Oğlumun beş yaşı var. Gecə səsə arada diksinir, durub yanıma gəlir. Belə məqamlarda, onu hər qucaqlayıb başına sığal çəkəndə, bağrıma basanda şəhidlərimiz gəlib durur gözümün önündə. Bu dava neçə ananı balasına həsrət qoydu, bu, haqda düşünəndə bağrım yanır. Mən arzu edirəm ki, bu gün cəbhədə döyüşən oğullarımız qələbə ilə geri – analarının, ailələrinin yanına dönsünlər. Bu dava bizim qələbəmizlə sona çatsın, nə mənim oğluma qalsın, nə də başqa balaca balalarımıza”.

Hümbət Eyvazov (Şəmkir): “Erməni çoxdan başını itirib, heç özü də bilmir hara atır, neynir. Hərbçilərimizin qarşısında tab gətirə bilmirlər, yenə namərdlik edib mülki əhalini hədəf alırlar. Biz hamımız – bu eldə, obadakı bütün kişilər döyüşə hazır dayanmışıq. Heç birimiz Vətən torpağı uğrunda şəhid gedən oğullarımızdan artıq deyil. Mən sizə bir söz deyim: bizim təkcə kişilərimiz yox, qadınlarımız da məğrurdur. Dualarımız ordumuzun yanındadır”.

Qismət Əliyev (Goranboy): “Goranboyda vəziyyət yaxşıdır. Atışma səslərini eşidirik, dualarımız ordumuzladır. Allah mərd oğullarımızı müzəffər etsin. Erməninin hədəf aldığı mülki əhali arasında qohumlarımdan da var. Gəncədə qalırlar. Buralarda internet yoxdur, bir-birimizlə zənglə xəbərləşirik, elə bu haqq-hesabı da zəngdə dedilər. Danışdım, vəziyyəti normaldır. Biz cəsur xalqıq, irəli əmri verilibsə, öldü var, döndü yoxdur. Gərək, erməni də bunu belə bilsin, öz xoşları ilə torpaqlarımızdan çıxsınlar”.

Elşən Ramazanov (Bərdə): “Hər şey yaxşıdır, ordumuz var olsun, başımız dik dayanmışıq. Ordumuz düşməni çoxdan lərzəyə salıb, başlarını itiriblər, mülki əhalini hədəfə almaqla öz iç üzlərini bir daha açmış olurlar. Onlar bu əməlləri ilə bu gün də dünyaya öz xislətlərini bəyan etmiş oldular. Kimin şüarı olduğunu unutmuşam, amma yerində deyib: Vaxtilə qucaqda gedən uşaqlar bu gün Qarabağa tank üstündə qayıdırlar”.

Cəmilə Ağayeva (Ağcabədi): “Yaralılar arasında ailə dostlarımızdan olan var. Bizə səslər gəlsə də, buralarda dağıntı, yaralı-filan yoxdur. Elə qohum-əqraba, tanışlarla tez-tez danışırıq, hal-əhvallarını soruşuruq. Daha dəqiq məlumatları telefonda danışmaq olmur, televiziyadan eşdirik. Ümumilikdə insanların əhvalı yaxşıdır. Ruh yüksəkliyi var. Qələbə xəbərlərinin davamını gözləyirik. Nənəm həyətimizin azuqəsindən yığıb əsgərlər üçün pay da düzəldib. Dualarımız ordumuzun yanındadır. Onlar irəlidə, biz arxa cəbhədə - Qarabağ üçün ürəyimiz bir döyünür”.

Nuray Bənnayeva (Mingəçevir): “Sanıram, biz bu cür halların olacağını ehtimal etmişdik. Amma yenə də insanın ürəyində bir ümid olur ki, biz necə mərdi-mərdanə döyüşürük, onlar da qüvvələrini o istiqamətdə istifadə edərlər. Səmimi desəm, müharibənin ağrı-acısı humanist hisslərimi bir qədər önə də keçirmişdi. Lakin Mingəçeviri hədəf almaları ilə elə bildim ki, ürəyimdən vuruldum. Hirs məni boğdu. Hətta, deyərdim ki, bu olaydan sonra, oxuduğum tarixi faktları özüm də yaşamış oldum, erməni vəhşiliyinə, necə qana susadıqlarına şahidlik etdim. Mən deyərdim, hətta, mənimlə həmyaşıd olan kəslər də mənim kimi bu vəhşiliyə şahid olmuş oldular. Onlar bununla da sübut etdilər ki, bizim torpaqlarımızdan çıxmayacaqları təqdirdə, ölüm biz tərəfdən onlara ən bahalı hədiyyədir. Arzu edirəm, Qarabağ torpağı düşmən tapdağından təmizlənsin, bizlər o torpağa yürüş edək”.

Nicat Qarayev (Ağcabədi): “Cəbrayılın azad olunduğu xəbərini, həyətdə “Qarabağ bizimdir, bizim olacaq” deyə qışqıran uşaqların səsinə yuxudan oyanaraq aldım. O zaman dedim ki, daha bu yoldan döndü yoxdur, onacan döyüşlərin dayanacağına dair içimdə kiçik də olsa, şübhə var idi. Lakin Suqovuşandan sonra Cəbrayılın azadlığı bizə ruh yüksəkliyi verdi, inamımızı daha da qüvvətləndirdi. Ermənilər mülki əhaliyə silah tuşlamaqla öz niyyətlərini dünyaya bəyan edirlər. Erməni bilsin ki, özgə atına minən tez düşər. Qarabağ bizimdir, əzəli yurdumuzdur. Biz bütün Ağcabədi camaatı düşmənlə savaşa hazırıq, onun heç bir təxribatı bizi “Qarabağ” deyib çıxdığımız yoldan döndərə bilməz. Nə olur olsun, bu yolda zəfər bizimdir. Qalibiyyətin yaxın olduğuna inanıram. Tək mən yox, elə hər kəs buna inanır. Ermənilər yenə bizim körpə balalarımıza silah tuşlayır, qətliam törədirlər. Dünya axır-əvvəl bu həqiqəti tamlıqla qəbul edəcək və o gün biz artıq Qarabağ torpağında çay süfrəsinə toplaşmış olacağıq. Dünya vaxtında erməniyə “dur!” deməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi