azia.az
azia.az

“Dərsliklər qəhrəmanlardan ibarət ola bilməz” - Təhsil eksperti Rafiq İsmayılov

4-09-2020, 11:49

“Dərsliklər qəhrəmanlardan ibarət ola bilməz” - Təhsil eksperti  Rafiq İsmayılov

Vətəndaşlar orta məktəb dərslikləri ilə bağlı narazılıqlarını bildiriblər. İradlara əsasən, kitablarda yarımifik qəhrəmanlar Koroğlu, Qaçaq Nəbi haqqında məlumatlar olduğu halda, şəhidlərimiz Milli qəhrəman Mübariz İbrahimov, Raquf Orucov, Rəşad Atakişiyev, Tovuz döyüşlərinin qəhrəmanları Polad Həşimov, İlqar Mirzəyev və başqalarına dair heç bir informasiya yoxdur.

Əlbəttə, narahatedici məqamdır. Axı qəhrəmanlarımız haqqında verilən məlumatlar yetişməkdə olan gənc nəslə hərbi-vətənpərvərlik ruhunu təlqin edir.

Təhsil eksperti, naşir Rafiq İsmayılov səslənən fikirlərlə bağlı “Azia.az” a danışıb. O, deyilənləri əsassız hesab edir:

“Öncə onu deyim ki, Dədə Qorqud, Koroğlu, Qaçaq Nəbi folklor nümunələrinin qəhrəmanlarıdırlar. Biz onlardan imtina edə bilmərik. İkinci bir tərəfdən isə hər sinifin, hər dərsliyin öz proqramı var.

Yeni qəhrəmanlarımız barədə dərslikdə məlumatlar heç də az deyil. Lazım gəlsə, statistika da göstərərəm. Məsələn, “Azərbaycan dili” fənni dərsliklərində Mübariz İbrahimovun qəhrəmanlığı barədə bir epizod verilib.

Eyni hadisəni müxtəlif sinif dərsliklərində vermək olmaz axı. Valideynlər istəyirlər ki, şəhidlərdən, qəhrəmanlardan bütün dərsliklərdə bəhs edilsin. Amma proqramda, tədris olunası başqa məsələlər var axı”.

R.İsmayılov, həmçinin bildirib ki, dərsliklərə konkret mövzu salınarkən məsələyə differensial yanaşmaq lazımdır:

“Birinci sinif şagirdinin Dağlıq Qarabağ konfliktinin mahiyyətindən xəbəri yoxdur. Belə olan halda ona tarixi həqiqətləri necə izah etmək olar? Həm də psixoloji məqam var.

Məsələn ibtidai sinif dərsliklərinə Xocalı faciəsi haqqında material daxil edilib. Amma vəhşilik səhnələri təsvir edilməyib. Sadəcə sinif yoldaşlarının Xocalıdan olan bir uşağa köməkliklərindən danışılır. Bir daha təkrar edirəm ki, dərsliklərdə haqqında danışdığımız materiallar kifayət qədərdir.

Əlbəttə, vəsaitlərdə Polad Həşimov, İlqar Mirzəyev haqqında hələ ki, məlumat yoxdur. Çünki həmin hadisələrdən sonra dərsliklər nəşr olunmayıb. Hər halda bayaq da vurğuladığım kimi, dərslikləri bütünlüklə qəhrəmanlardan ibarət ola bilməz. Bu mənada səslənən iddiaları doğru hesab etmirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi