azia.az
azia.az

“Müəyyən vaxtdan sonra pandemiya bitəcək, amma ermənilər elə bir virusdur ki...” - Tanınmış həkim

14-07-2020, 12:06

“Müəyyən vaxtdan sonra pandemiya bitəcək, amma ermənilər elə bir virusdur ki...” - Tanınmış həkim

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. İntensivləşən döyüşlər nəticəsində Azərbaycanın 4 hərbiçisi şəhid olub.

Tovuz əhalisi atəşkəsin pozulmasının ardından bir yerə toplaşaraq, həmrəylik nümayiş etdirdi. İyulun 12-si gecə saatlarında insanlar öz şəhidlərini ayaqüstə, alqışlarla qarşıladı, dəfn etdi. Sosial şəbəkələrdə yayılan videolardan da görmək olurdu ki, vətənpərvərlik, vətənə olan sevgi hissləri, emosiyaları insanları o qədər duyğulandırmışdı ki, artıq uzun müddətdir dünyanın bəlasına çevrilən koronavirus, ondan qorunmaq unudulmuşdu. Təbii ki, bunun ardından koronavirusa yoluxma sayının artması qaçılmaz olacaq. Bəzi mütəxəssislər bununla bağlı öz narahatlıqlarını qeyd edir.

Tanınmış həkim Zülfüqar Yusifov mövzu ilə bağlı “Azia.Az”a danışıb:

“Ötən gecə Tovuzda baş verənlər, xüsusən də şəhidlərimizin olması çox üzücü haldır. Qeyd etmək istərdim ki, bu mövzu bir qədər həssas mövzudur. Çünki insanların bir yerə toplaşması bir tərəfdən virus yoluxma təhlükəsini artırır. Lakin digər tərəfdən koronavirusdan daha ciddi virus var - ermənilər. Müəyyən vaxtdan sonra koronavirusla vidalaşacağıq, pandemiya bitəcək, amma ermənilər elə bir virusdur ki, onlardan qurtulmağımız uzun çəkə və ya həmişəlik qala bilər.

Buna görə də “vətənpərvərlik, vətənə dəstək tədbirləri olmasın” demək çox çətindir. Həkimliyi bir kənara qoyub, vətəndaş olaraq deyə bilərəm ki, burada bütün riskləri, vətən üçün gərəkən hər şeyi etmək lazımdır. Lakin bu zaman mümkün qədər özümüzü qorumalıyıq. Çünki bu vətənin övladlarının xəstəliyə tutulması, sağlamlığını itirməsi də vətənə zərbə, düşməni sevindirən bir hal olardı".

Zülfüqar Yusifov qeyd edib ki, insanların bir yerə toplaşaraq etiraz etməsi, vətənpərvərlik nümunəsi göstərməsi olduqca gərəklidir. Lakin bu cür etirazları onlayn şəkildə təşkil etmək daha əlverişli olardı:

“Hazırda insanların böyük əksəriyyəti evdədir və bu olaydan qaynaqlanaraq beynəlxalq təşkilatlara müəyyən müraciətlər etmək olar. Həqiqətən də artıq Dağlıq Qarabağ problemindən 30 il ötür və kifayət qədər ciddi beynəlxlaq təşkilatların, o cümlədən BMT-nin 4 qətnaməsi olub, onların icra olunması ilə bağlı müraciətlər etmək olar.

Çox istərdim ki, ölkə əhalisinin çox saylı imzası toplansın və BMT özünün verdiyi bu qətnamələrə münasibət bildirsin.

Ölkənin əsas atributlarından biri ərazi bütövlüyüdür və bizim ərazi bütövlüyümüz pozulub və bununla bağlı BMT-nin qətnamələri var və heç kəs bun qətnamələri saymır. Beləliklə, insanlarımızın aktiv etirazına ehtiyac duyulur.

Bu gün artıq proseslər Dağlıq Qarabağdan Aran Qarabağa, digər rayonlara keçməyə başlayıb. Bu onu göstərir ki, Ermənistan öz məkirli niyyətindən əl çəkməyəcək. Hiss olunur ki, artıq ölkədə koronavirusla mübarizədə insanlarımız aktivlik nümayiş etdirməyə başlayıb, maska taxır, digər qaydalara doğru şəkildə əməl etməyə çalışır. Bu təcrübədən yararlanaraq, erməni adlı virusdan qorunmaq üçün də əhalimiz həmrəylik nümayiş etdirə, ciddi konsepsiyalarla bağlı addımlar ata bilər".

Psixoloq Azad İsazadə isə qeyd etdi ki, hazırda bütün dünya koronavirusla apardığı mübarizəni müharibə kimi də qiymətləndirir:

“İndi elə bir vəziyyətdir ki, koronavirus müharibəsi ilə qaynar müharibənin arasında bir seçim etməliyik. Qaynar müharibə başlasa, sözsüz ki, koronavirusla mübarizə ikinci plana keçəcək. Maska taxmaq, iki metr məsafə saxlamaqla real müahribə aparmaq qeyri-mümkündür. Sözsüz ki, real müharibə şəraitində, döyüş gedən zamanda koronavirusa qarşı tədbirlər görmək bir qədər effektsiz olacaq.

Mən də Tovuzda baş verən olaylarla bağlı videoları görümüşəm. Millət küçəyə çıxıb, öz şəhidlərini qarşıladı, yola saldı. Burada hər kəs öz seçimini edir - ya öz şəhidlərini qarşılamaq, ya da koronavirusdan qorunmaq. Düşünürəm ki, burada nəyin doğru, nəyin səhv olduğunu demək düzgün deyil. Həmin gecə Tovuz əhalisi öz seçimini etdi. Yəqin ki, kimsə evdə qaldı, kimsə küçəyə çıxanda maska da, əlcək də taxdı, kimisi isə sadəcə, emosional şəraitdə öz borcunu yerinə yetirən zaman koronavirusu heç yadına da salmadı.

Bir sözlə, bu, fərdi seçimdir və bunu normal hal kimi qəbul etməliyik. Düşünün, əgər sabah zəlzələ olsa, koronavirusu yada salacağıq? Sözsüz ki, hamımız küçəyə çıxıb, zəlzələdə əziyyət çəkən insanlara kömək etməyə gedəcəyik.

Bu isə real müharibədir və Tovuz xalqı öz ürəyində olan emosianı göstərdi.

Doğrudur, sırf karantin baxımından qayda pozuldu, amma başa düşürük ki, hər şey karantin qaydası ilə qurmaq mümkün deyil, həyat daha mürəkkəbdir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi