azia.az
azia.az

“Hər hansı təxribat cəhdinə qarşı dərhal güc tətbiq ediləcək...”

22-05-2020, 14:29

“Hər hansı təxribat cəhdinə qarşı dərhal güc tətbiq ediləcək...”
“Hər hansı təxribat cəhdinə qarşı dərhal güc tətbiq ediləcək...”
Bu gün Azərbaycan Müdafiə Nazirliyi 10 minlik qruplaşmanın və yüzlərlə müxtəlif tipli texnikanın, silah sistemlərinin iştirakı ilə növbəti irimiqyaslı təlimlərin keçiriləcəyini anons edib. Xəbər verildiyi kimi, təlimlərin ssenarisi düşmən müdafiəsinin bütün dərinliklərinə eyni vaxtda sarsıdıcı zərbələrin endirilməsi, zərbə qruplaşmalarının formalaşdırılmasını nəzərdə tutur. Yəni təəcüblü deyil ki, Azərbaycan ordusu öz təlimlərini bu dəfə də işğal edilmiş ərazilərdə müdafiədə oturmuş düşməni vurub çıxarmaq ssenarisi üzərində quracaq.

Təlimlər barədə məlumatın yayılmasına Ermənistanda təşviş və narahatlıq dolu reaksiya veriblər. Virtualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi hücum ssenarisi üzərində qurulmuş təlimləri “regionda vəziyyəti gərginləşdirmək cəhdi” adlandırıb. ATƏT-in, Minsk Qrupu həmsədrlərinin və “ bütün beynəlxalq ictimaiyyətin” diqqətinə bu təlimlərin “xəbərdarlıq edilmədən” keçirildiyini çatdıracaqlarını bildirib.

“Hər hansı təxribat cəhdinə qarşı dərhal güc tətbiq ediləcək...”

Lakin Ermənistan Müdafiə Nazirliyi nəyə görəsə narahatdır ki, təlimlərin gedişində Azərbaycan qoşunları həm də iki ölkə sərhədinə cəmləşdiriləcək. Bəyanatda o cümlədən qoşunların Qarabağda təmas xəttinə yaxınlaşmasının “bütün nəticələri ilə təxribat” kimi qiymətləndiriləcəyini bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi düşmən tərəfin bu reaksiyasına dərhal cavab verərək hər hansı təxribat cəhdinin qarşısının güc tətbiqi ilə alınacağı haqda Ermənistan hərbi-siyasi rəhbərliyini xəbərdar edib.

Nazirliyin yaydığı bəyanatda deyilir ki, Azərbaycan Ordusunun keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlər, heç şübhəsiz, Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb.

"Ordumuz təlimləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq sənədlərin tələblərinin pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir. BMT Baş katibinin ümumdünya atəşkəsinə riayət etmək çağırışına istinad edən Ermənistan tərəfinə xatırladırıq ki, rəsmi Yerevan ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməlidir”,-Azərbaycan Müdafiə Nazirliyi bildirir.



Bəyanatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mütəmadi təlimlər keçirməsi, beynəlxalq qurumların nəzarətindən yayınaraq külli miqdarda silah-sursat, döyüş texnikası və digər hərbi vasitələri gizlətməsi məhz rəsmi Yerevanın beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən Vyana sənədinin əsas tələblərini kobud surətdə pozmasıdır.

“Bildiririk ki, keçiriləcək təlimlərə Ermənistanın bu cür reaksiya verməsi, bir işğalçı dövlət kimi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaq məqsədini güdür. Müdafiə Nazirliyi bəyan edir ki, düşmən hər hansı bir təxribata cəhd göstərərsə Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaqdır", - bəyanatda bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi