azia.az
azia.az

Gədəbəydə ” istefa" kampaniyasının təkrarı gözlənilir-Başçı sahibkarları incidir

12-07-2019, 17:02


 Gədəbəydə  ” istefa" kampaniyasının təkrarı gözlənilir-Başçı sahibkarları incidir
Gədəbəydə ” istefa" kampaniyasının təkrarı gözlənilir-Başçı sahibkarları incidir
Azərbaycan iqtisadiyyatının bundan sonrakı inkişafı proqramında məhz orta və kiçik sahibkarlığın inkişafı məsələsinin ön plana çəkilməsi, ölkə rəhbərliyinin məhz bu istiqaməti prioritet məsələ kimi diqqət mərkəzində saxladığına bir daha dəlalət edir. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən son çıxışlarında bu məsələnin hər dəfə xüsusilə vurğulanması, məmurlara, xüsusən də icra başçılarına yerlərdə sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması məqsədilə müvafiq şəraitin yaradılması barədə tövsiyyə və göstərişlərin verilməsi də, bu məsələnin vacibliyindən xəbər verir. Bütün bu proseslərin fonunda isə, bəzi icra başçılarının hələ də öz şəxsi mənfəətləri naminə rəhbərlik etdikləri rayon və bölgələrdə sahibkarlığın inkişafını əngəlləmələri, dövlət başçısının tapşırıqlarına tam etinasızlıq sərgiləmələri bu yüksək çinli dövlət məmurlarının hansı mövqeylərdən çıxış etdiklərini tamamilə anlaşılmaz edir. Bununla belə, açıq-aşkar görünən bir məqam varsa, o da bundan ibarətdir ki, həmin məmurlar öz fəaliyyətlərində qətiyyən heç bir dönüş yaratmaq niyyətində deyillər.
Gədəbəy rayonunun bəxti icra başçısı sarıdan gətirmir ki, gətirmir. Ölkə rəhbəri bu rayona nə qədər vəsait ayırsa da yenə də bu rayona təyin edilən başçıların gözü rayonun idarə müəssisə rəhbərlərinin cibindədi. 2017 ci ildə rayonda Heydər Əliyev mərkəzi tikiləndə keçmiş icra başçısı Ramiz Yediyarov bu tikintini bəhanə edib bütün rayondakı dövlət təşkilatlarına külli miqdarda haqq qoymuşdu. Hətta, öz güclərinə və vəsaitləri hesabına müəyyən biznes qurmaq istəyən iş adamlarının obyektləri, özəl mülkləri belə icra başçısı tərəfindən dağıdılır və ya zəbt olunurdu.
İndi də rayonun yeni icra başçısı İbrahim Mustafayev rayonda keçirilməsi nəzərdə tutulan " Yaylaq festival" nı bəhanə edib, idarə təşkilatlara ağır haqq qoyub. Hətta büdcədən yerli bələdiyyələrə ayrılan subsidyaların da son qəpiyinədək icra hakimiyyətinə verilməsi tapşırılıb. Bu vəsaitlər yerli bələdiyyələrin saysız hesabsız problemlərinin həll olunmasına xərclənməli olduğu halda festival bəhanəsiylə talan olunur. Artıq yerli məmurlar da mütəmadi olaraq aparılan bu yığımlardan təngə gəliblər .Bir sözlə rayonda Göyçayda baş verən ” istefa" kampaniyasının təkrarı gözlənilir.
Nə qədər ziddiyyətli səslənsə də, bu gün ölkə prezidenti cənab İlham Əliyev işğalçı Ermənistanla üzbəüz mövqelərdə yerləşən Gədəbəy rayonunda quruculuq-abadlıq işlərinin görülməsi, əhalinin sosial rifahının yüksəldilməsi və işsizlik probleminin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi halda, yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin ağırlaşmasına yol açır. Daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır ki, məhz İbrahim Mustafayev rayona təyinat alandan sonra rayonda özbaşınalıqlar daha dözülməz həddə çatıb. Belə ki, İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin ediləndən sonra yerli əhalini narahat edən problemlərin sayı sürətlə artmağa başlayıb.
Gədəbəy rayonunda cərəyan edən son hadisələr də bunu deməyə əsas verir ki, İbrahim Mustafayev yerli sahibkarlara qarşı hər zaman nümayiş etdirdiyi qərəzli mövqeyini bu gün də olduğu kimi qoruyub saxlamaqdadır. Bu münasibət isə eyni zamanda bir neçə müxtəlif parametrlər üzrə rayonun həm iqtisadiyyatına, həm də ictimai-siyasi həyatına ciddi zərbələr vurur. Hətta bəzi mənbələr haqlı olaraq belə fikir də yürüdürlər ki, Gədəbəy RİH başçısının hərəkətlərində ölkədə sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə qarşı yönəldilmiş qərəzli məqamlar aşkar müşahidə olunmaqdadır.
Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi