azia.az
azia.az

Azərbaycan Prezidenti milli bayram münasibətilə ABŞ Prezidentini təbrik edib

4-07-2019, 08:39


Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti milli bayram münasibətilə ABŞ Prezidentini təbrik edib
AZƏRTAC xəbər verir ki, məktubda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirdiyi bildirilib. Vurğulanıb ki, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır.

“Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik. Təşəbbüsçüsü olduğumuz və müvəffəqiyyətlə gerçəkləşdirdiyimiz Cənub Qaz Dəhlizi layihəsi isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi bizim üçün çox əhəmiyyətlidir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı bildirib ki, bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması xalqımızın qarşılaşdığı ən ağrılı problem olaraq qalmaqdadır. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır. “Biz bu işdə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Azərbaycan Prezidenti ABŞ Prezidentinə möhkəm cansağlığı, işlərində uğurlar, dost Amerika xalqına daim sülh və rifah diləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi