azia.az
azia.az

"Qazprombank"ın Azərbaycana investisiya imkanlarına dair biznes seminar keçirilib

13-03-2019, 07:35

"Qazprombank"ın Azərbaycana investisiya imkanlarına dair biznes seminar keçirilib
Martın 12-də Bakıda İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun, Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiyanın "Qazprombank"ının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes- seminar keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.
Biznes seminarda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Azərbaycan və Rusiya Prezidentləri ötən il 6 dəfə görüşüb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyaya 3 səfər edib, Rusiya Federasiyasının Prezidenti cənab Vladimr Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri əlaqələrin daha da genişlənməsinə verilən böyük önəmin göstəricisidir."Qazprombank"ın Azərbaycana investisiya imkanlarına dair biznes seminar keçirilib"Qazprombank"ın Azərbaycana investisiya imkanlarına dair biznes seminar keçirilib
Nazir qeyd edib ki, təkcə son 10 ildə hər iki ölkə sahibkarlarının iştirakı ilə 60-dan çox tədbir keçirilib. Bu ilin fevralında Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyəti iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ümumilikdə, hazırda Azərbaycanda Rusiya kapitalı 700-ə yaxın müəssisə sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə uğurla fəaliyyət göstərir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,2 mlrd. dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1 mlrd. dollardan çoxdur.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya arasında bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivli istiqamətlərdir.
Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20%-dək artaraq 2,55 milyard dollar təşkil edib.
Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün bir sıra tədbirlər görülür.
İqtisadiyyat naziri birgə reallaşdırılan layihələrin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini, "Qazprombank"ın ölkəmizdə uğurla fəaliyyətini qeyd edib. Bildirilib ki, "SOCAR Polimer" Zavodunun tikintisinin birgə maliyyələşdirilməsi SOCAR və "Qazprombank" arasında uğurlu əməkdaşlığın nümunəsidir. "Qazprombank"la həmçinin, "Azərkimya" Zavodunun modernləşdirilməsi layihəsi üzrə kredit sazişi imzalanıb.
Azərbaycan Rusiyanın “Qazprombank” SC ilə ölkə iqtisadiyyatının digər sahələrində də əməkdaşlıq etməkdə, eləcə də aqrar-sənaye kompleksinin, kiçik və orta biznesin “Qazprombank”ın imkanlarından yararlanmasında maraqlıdır.
Nazir Şahin Mustafayev qeyd edib ki, ötən ilin dekabrında Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 17-ci iclası çərçivəsində "Qazprombank"ın rəhbərliyi ilə keçirilmiş görüşdə biznes seminarın təşkili barədə razılığa gəlinib. Bu günkü tədbirdə ikitərəfli maliyyə əməkdaşlığının istiqamətləri, "Qazprombank"ın layihələrin maliyyələşdirilməsi təcrübəsi və perspektivləri, aqrar-sənaye sahəsində investisiya layihələrinin maliyyələşdirilməsi təcrübəsi, Bankın dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində infrastruktur layihələrinin reallaşdırılması imkanları, kapital bazarlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi kimi mövzularda müzakirələr aparılacaq.
"Qazprombank"ın İdarə Heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. Famil Sadıqov "Qazprombank"ın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib, SOCAR-la uğurla əməkdaşlıq edildiyini, Bankın bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Famil Sadıqov qeyd edib ki, hazırda "Qazprombank" Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə layihələr üzrə əməkdaşlıq imkanlarını araşdırır.
Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov "Qazprombank"ın Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb, biznes seminarın əhəmiyyətini qeyd edərək Şuranın ikitərəfli iqtisadi əlaqələrin inkişafında bundan sonra da fəal iştrak edəcəyini diqqətə çatdırıb.
Biznes-seminarda "Qazprombank"ın birinci vitse-prezidenti Aleksey Çiçkanov "Qazprombank"ın Azərbaycanda dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində infrastruktur layihələrinin həyata keçirilməsində təcrübəsi və imkanları", Bankın İcraçı vitse-prezidenti Pavel İsayev "Rusiya və Azərbaycanın kapital bazarlarının qarşılıqlı əlaqəsi: əməkdaşlıq perspektivləri", Bankın Layihə şöbəsinin müdir müavini Vyaçeslav Oxotin "Azərbaycanda layihələrin maliyyələşdirilməsi təcrübəsi və perspektivləri", Bankın Maliyyələşdirmə İdarəsinin rəhbəri İqor Blandin "Rusiya və MDB ölkələrində kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində "Qazprombank"ın təcrübəsi", Bankın təhlil şöbəsinin müdiri Gülnarə Xaydarşina "Azərbaycan və Rusiyanın iqtisadiyyatı: əməkdaşlığın inkişafı üçün imkanlar" mövzusunda məruzələrlə çıxış ediblər.
Biznes seminarda “Qazprombank"ın fəaliyyəti barədə video-çarx nümayış olunub, əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi