azia.az
azia.az

“KAMAZ” ASC ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

14-02-2019, 07:57

“KAMAZ” ASC ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azia.az- verilən məlumata görə:İqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın “KAMAZ” ASC-nin baş direktoru Sergey Koqoqinlə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev ölkərimiz arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsinin Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. Şahin Mustafayev bir neçə gün öncə Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkinin Azərbaycana səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin Rusiya Federasiyasının “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə “Qaz” avtomobillərin istehsalı zavodunun təməlinin qoyulduğunu, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı məsələsinin müzakirə edildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, 2015-ci ilin fevralında “KAMAZ” ASC ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə uyğun olaraq, Gəncə Avtomobil Zavodunda “Kamaz” avtomobillərinin yığımı həyata keçirilir.

Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin davamlı olaraq inkişaf etdiyini vurğulayan Şahin Mustafayev əməkdaşlığın inkişafı üçün potensialı qeyd edib.

Rusiyanın “KAMAZ” ASC-nin baş direktoru Sergey Koqoqin “KAMAZ” avtomobillərindən hazırda dünyanın 80-dən çox ölkəsində istifadə edildiyini, MDB ölkələrində “KAMAZ” ASC-nin 40-dan artıq servis xidmətinin fəaliyyət göstərdiyini bildirib. Azərbaycan bazarının əlverişli olduğunu diqqətə çatdıran Sergey Koqoqin qeyd edib ki, “KAMAZ” ASC Azərbaycanda kənd təsərrüfatı texnikası və kommunal istifadə olunan nəqliyyat vasitələri istehsal edə bilər. Bundan başqa, yeni nəsil “KAMAZ” avtomobilləri üçün Bakıda və regionlarda servis xidməti yaradıla bilər.

Görüşdə əməkdaşlığın genişləndirilməsi, bir sıra ehtiyat hissələrinin Azərbaycanda istehsalının təşkili imkanları müzakirə edilib.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi