azia.az
azia.az

Azərbaycan Xalq Cümhuriyyəti dövründə torpaq islahatı

8-12-2018, 10:10

Azərbaycan Xalq Cümhuriyyəti dövründə torpaq islahatı

Hər birimizə məlumdur ki, Azərbaycanda aqrar sahə üzrə ənənələr ta qədim dövrlərdən formalaşıb. Xüsusilə də əkinçiliyin tarixi ta qədim dövrlərədək gedib çıxır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də məhz aqrar sektorun inkişafı xüsusi əhəmiyyət kəsb edib. Belə ki, 1918-1920-ci illərdə kənd təsərrüfatı neft sənayesi ilə birlikdə Azərbaycan iqtisadiyyatının əsas özülünü və ölkə əhalisinin 76 faizinin fəaliyyət və dolanışıq mənbəyi sahəsini təşkil edib. Yəni, torpaq məsələsi ən kəskin iqtisadi, sosial və siyasi məsələlər sırasında dururdu. Onun həll edilməsi həm bütün sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağa, həm də böyük kəndli kütləsinin yeni hökumətə etimad göstərməsinə imkan yaradırdı. Ümumiyyətlə, tarixi faktlara görə, respublikada aqrar islahatlara keçid dövründə kənddəki mövcud istehsal münasibətlərinin - kəndlilərin təbəqələşməsi ilə müşayiət olunan kapitalist münasibətlərinin genişlənməsi müşahidə olunurdu.
Belə ki, 1917-ci ildə aqrar bölmədə yoxsul təsərrüfatları 54,4 faiz, ortabablar 34 faiz, qolçomaqlar isə 6 faiz təşkil edirdi. Mülkiyyət formaları arasında dövlət və mülkədar torpaq sahibliyi üstün idi. Belə ki, bütün kənd təsərrüfatı sahəsinin 29,5 faizi mülkədarların mülkiyyətində, 68,7 faizi dövlətin payında olduğu halda, yalnız 1,8 faizi kəndlilərə məxsus idi. Torpaqsız və aztorpaqlı kəndlilər mülkədarlardan torpaq icarə etməyə və ya muzdur kimi işləməyə məcbur idilər. İcarə isə Azərbaycanın bütün qəzalarında torpaqdan istifadənin əsas forması idi. Mülkədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu. İslahatların keçirilməyə başlandığı dövrdə Azərbaycanda mülkiyyət formalarının qısa xarakteristikasına görə, islahatların əsas özəyini onların məhz “kəndliyə torpaq vermək” məqsədi güdən hissəsi təşkil etməli idi. Hələ Zaqafqaziya Seyminin fəaliyyəti dövründə Qafqaz demokratiyası populist bolşevik şüarlarına qarşı təcili olaraq öz şüarlarını irəli sürməyə, o zamanın inqilabi coşqunluq tələblərinə uyğun aqrar tezislərini - ümumi şəkildə “torpaq layihəsi” deyilən bir sənədi hazırlamağa başladı və 1918-ci ilin martın 7-də Zaqafqaziya Seymi tərəfindən təsdiq edildi. Bu qanunun qeyri-mükəmməlliyi Cənubi Qafqaz dövlətləri müstəqilliklərini elan etdikdən sonra aşkar olundu. Azərbaycan hökuməti də bu qanunla kütlə arasına çıxmağın mümkün olmadığını etiraf edərək və dövlətin həyati maraqlarına cavab verə biləcək yeni sənəd hazırlamağı lazım bildi. F.X.Xoyskinin başçılıq etdiyi birinci hökumət kabineti hələ 1918-c i ilin iyunun 22-də Seymin aqrar qanun şərtlərinin Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə şamil edilməməsi haqqında fərman vermişdi. Həmin dekretin icra hissəsində deyilirdi: “Zaqafqaziya Seyminin qəbul etdiyi torpaq islahatı haqqında qanunun icrası Müəssislər Məclisi çağırılana qədər dayandırılsın. İndiyədək həm xüsusi, həm də dövlət torpaqlarının tutulması halları aradan qaldırılsın. Torpaq pulu ödənişləri haqqında məruzə təqdim edilsin. Yaxın müddətdə torpaq komitələrinin yenidən qurulması və ya ləğv edilməsi haqqında məruzə təqdim edilsin”.
Zaqafqaziya Seyminin qəbul etdiyi aqrar qanunla yanaşı, Bakı Xalq Komissarları Sovetinin bu vaxtadək Bakı quberniyasına aid torpaq haqqında dekreti də ləğv edildi. Üçüncü hökumət kabinetinin formalaşmasından sonra ilk çıxışında baş nazir F.X.Xoyskinin millətin tərəqqisi üçün ona siyasi və iqtisadi sərbəstlik verilməsinin zəruriliyini vurğulaması sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini təmsil edənlər ictimai tərəqqinin aqrar məsələdə uğurlu həllindən birbaşa asılı olduğunu dərk edirdilər. Bu məsələ hökumət kabinetinin bəyanatında xüsusi yer tuturdu: “Kəndli və fəhlə ünsürləri təminatı qayğısı hökumətin ən başlıca vəzifəsi olmalıdır. Torpaq kəndliyə havayı verilməlidir”.
Lakin belə sosial islahatın həyata keçirilməsi üçün müvafiq qanun qəbul edilməlidir. Beləliklə, iki istiqamətdə - parlament komissiyası çərçivəsində və hökumət səviyyəsində bu sahədə fəaliyyətə başlandı. 1919-cu ilin fevralın 4-də torpaq islahatı haqqında qanun layihəsi hazırlamaq üçün menşevik-hümmətçi Səməd bəy Ağamalıoğlu başda olmaqla müxtəlif siyasi fraksiyaların nümayəndələrindən ibarət xüsusi parlament komissiyası yaradıldı. Onun 9 nəfər üzvündən dördü “Müsavat”dan, yerdə qalanları “İttihad”dan, sosialist blokundan, "Əhrar"dan, “Daşnaksutyun”dan və “Rus-Slavyan Cəmiyyəti”ndən idi. Komissiya üzvlərinin siyasi mənsubiyyət cəhətdən çox müxtəlif olması qanun layihəsini lap əvvəldən müvəffəqiyyətsizliyə düçar etmişdi. Çünki onların təmsil etdiyi partiyaların aqrar məsələyə aid yekdil nöqteyi-nəzərləri yox idi. Ona görə də layihənin alternativ variantına malik olmayan komissiya Zaqafqaziya Seyminin 1918-c i ilin martın 7-də qəbul etdiyi, müəlliflərindən biri də indiki komissiyanın sədri Səməd bəy Ağamalıoğlu olan aqrar qanunun əsasları ilə kifayətlənmək məcburiyyətində qalmışdı. Görünür, məhz bu səbəbdən yeni layihə dövrün tələbinə cavab verməyən, artıq Azərbaycan hökuməti tərəfindən imtina edilmiş şərikli qanunun köhnə modelinə bənzəyirdi. Komissiya onun hazırlanması işini ləngidən və sona çatdırılmayan müzakirələrini kənddə vəziyyətin kəskinləşməsi şəraitində aparırdı. O dövrün mətbuatı kəndlilərin vaxtaşırı mülkədar torpaqlarını özbaşına tutması, onlann malikanələrini talan etməsi, qiyam qaldırması kimi faktları tez-tez hallandırırdı. Bütün bunlar parlamentin işinə ciddi təsir göstərir, ölkədə vəziyyəti kəskinləşdirir və tez-tez hökumət böhranlarına səbəb olurdu. Qanun layihəsinin müvəffəqiyyətsizliyi artıq parlament komissiyasının 1919-cu ilin 23 aprel tarixli iclasında onun mühüm bəndlərindən birinin müzakirəsində özünü göstərdi. Komissiya gündəliyə mülkədar və xüsusi sahibkar torpaqlarının, həmçinin digər torpaqların ya müsadirəsi və ya ləğvi məsələsini qoymuşdu. Müxtəlif partiyaların iclasda iştirak edən nümayəndələri elə ilk andan bir-birinə qarşı anlaşılmazlıq və etimadsızlıq şəraiti yaratdılar. “İttihad” fraksiyası adından çıxış edən Bəhram bəy Vəzirov qeyd etdi ki, onun fraksıyası mülkədar və xüsusi sahibkar torpaqlarının pulla satın alınmasını israr edir. Bitərəflər fraksiyasının bir qrupu da ittihadçılara qoşuldu. Onların nümayəndəsi torpaq sahiblərinə dəyən maddi zərəri ödəmək məqsədilə xüsusi fond yaradılması zəruriliyini qeyd etdi. Müsavatçıların sağ cinahı bitərəflərin torpağı satın almaq haqqındakı ideyalarını müdafiə edərək bildirdilər ki, müsadirə məsələsi torpaq sahiblərinin ciddi etirazına səbəb olar və bununla da aqrar sektorun dağılmasını stimullaşdıra bilər.
1919-cu ilin avqustun sonu - sentyabrın əvvəllərində, nəhayət, torpaq komissiyası layihə üzərində işini tamamladı. Layihənin əsas tezisləriə görə, respublika ərazisindəki bütün torpaqlar dövlətin mülkiyyətidir, torpaq əvəzsiz olaraq dövlətin ixtiyarına keçir. Əvvəlki mülklərinin müəyyən hissəsi aşağıdakı normalar üzrə əsas sahibkarların istifadəsi üçün onların özündə qalır:
1-ci dərəcə torpaqlar - 7 desyatin (bağlar və becərilən sahələr);
2-ci dərəcə torpaqlar - 15 desyatindən 20 desyatinədək (əkin yerləri);
3-cü dərəcə - 40 desyatindən 50 desyatinədək (otlaqlar).
Qalan bütün torpaqlar dövlət torpaq fonduna daxil edilir. Torpaq haqqında qanunun son variantı Azərbaycan Xalq Cümhuriyyəti Müəssislər Məclisi tərəfindən təsdiq olunmalı idi. Həmin layihənin müzakirəsi 1919-cu ilin oktyabrın 2-də parlamentin 81-ci iclasının gündəliyinə daxil edildi, lakin əkinçilik nazirinin müavini X.Sultanovun təklifi ilə ona baxılması dayandırıldı. Əkinçilik Nazirliyi torpaq komissiyasının layihəsi ilə yanaşı, işin xeyri üçün özünün qanun layihəsini də təqdim etməyi münasib bildi və palamentdən xahiş etdi ki, bu məsələyə baxılması onun öz qanun layihəsi daxil olanadək təxirə salınsın. Qanun layihəsi hazırlananadək adıçəkilən nazirliyin həyata keçirdiyi digər bir iş isə vaxtilə buraya köçürülmüş rusların və ermənilərin tərk etdikləri torpaqların, həmçinin yiyələri tərəfindən atılmış xüsusi sahibkar malikanələrinin müvəqqəti olaraq dövlətin sərəncamına verilməsi idi. Həmin torpaqlar Əkinçilik, Daxili İşlər və Maliyyə nazirliklərinin nümayəndələrindən ibarət qəza komissiyaları tərəfindən kənd icmalarına və ayrı-ayrı kəndlilərə, yalnız belələri olmadıqda isə bu ərazidə yaşamayan kənar şəxslərə icarəyə verilirdi. Məsələn, Əkinçilik Nazirliyinin sərəncamına uyğun olaraq, Muğanda 5 min desyatinlik suvarılan torpaqlar 1919-cu ildə səpin aparmaq üçün ancaq kənd icmalarına bir illiyə satışsız icarəyə verilmiş, icarə haqqı isə natura ilə alınmışdı. Lakin bu təcrübə ümidləri doğrultmadı, nə xəzinə gözlənilən gəliri ala bildi, nə də kəndlilər icarəyə ciddi maraq göstərdilər. Bunun səbəbi icarə müddətinin azlığı və torpaqdan səmərəli istifadə etməyə imkan verməməsi idi. 1919-cu ilin iyunun 6-da Əkinçilik Nazirliyinin nəzdində aqrar islahatlar şöbəsi təsis edildi və və ona tapşırıldı ki, bir ay müddətinə aqrar islahatlar layihəsini bəyənilmək üçün Nazirlər Şurasına təqdim etsin. Nazirlikdə işlər artıq 1919-cu ilin avqustunda nazir müavini Sultanovun rəhbərliyi altında “Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin torpaq təminatı haqqında” və “Xüsusi sahibkar meşələrinin dövlətin mülkiyyətinə çevrilməsi haqqında” qanun layihələrinin hazırlanması ilə başa çatdırıldı. Qanun layihələrində əksini tapan əsas məsələlər xüsusi sahibkar torpaqlarını əhalinin hansı kateqoriyasından, nə qədər və hansı şərtlərlə alınıb dövlət torpaq fonduna keçirilməsilə əlaqədar idi. Burada xüsusi sahibkar torpaqlarının torpağın
istismarı zamanı verdiyi gəlir hesabına əvəz ödənilməklə özgəninkiləşdirilməsi nəzərdə tutulurdu. Nazirlik belə hesab edirdi ki, xüsusi sahibkar torpaqlarını əvəzödənilmədən müsadirə etmək xüsusi mülkiyyəti ləğv etməyə bərabərdir. Buna görə də qanun layihəsində torpağın əkinçi əhaliyə yalnız istehlak norması üzrə xüsusi mülkiyyətə verilməsi məqbul sayılır. Eyni zamanda sahibin saxladığı sahənin ölçüsü malikanənin özünün dəyəri və xarakterindən asılı olaraq müəyyən edilirdi və kənd yerlərində suvarılan torpaq sahəsi 100 desyatindən, suvarılmayan torpaq sahəsi 150 desyatindən, şəhər yerlərində isə 5-7 desyatindən artıq olmamalı, həyətyanı torpaq sahələri bu normalara daxil edilməməli idi. Lakin bu qanun layihələri xüsusi parlament komissiyasının hazırladığı layihə kimi uğursuz oldu. Belə ki, Azərbaycanda baş vermiş hökumət böhranı onların heç müzakirə olunmasına da imkan vermədi. Baş nazir Yusifbəylinin kifayət qədər radikal dünyagörüşlü gənc siyasi xadimlərdən təşkil etdiyi yeni hökumət kabineti özünün yeni aqrar siyasət kursunu işləyib hazırlamaq əzmində olduğunu bəyan etdi. Yeni əkinçilik naziri sosialist Əhməd Cövdət bəy Pepinov nazirliyin hazırlamış olduğu əvvəlki iki qanun layihəsini təcili təkmilləşdirmək üçün parlamentdən tələb edib geri aldı. 1920-ci ilin martın əvvəllərində “Xüsusi sahibkar torpaqlarının dövlət torpaq fonduna keçirilməsi və Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin torpaqla təmin olunması haqqında qanun”un yeni layihəsi üzərində işi başa çatdıran nazirlik onu baxılmaq üçün Nazirlər Şurasına təqdim etdi. Yeni qanun layihəsi Gürcüstan sosial-demokrat hökumətinin Azərbaycan sosial-demokratiyası tərəfindən bəyənilən aqrar qanunu əsasında hazırlanmışdı. Bu layihə kənd yeriərində olan xüsusi sahibkar-hüquqi şəxslərin bütün torpaqlarını, o cümlədən monastır, vəqf, məscid və kilsə torpaqlarını, habelə şəhər ərazisinin şəhər mülkiyyətinə daxil olmayan sahələrinin sahiblərindən alınıb əvəz verilmədən dövlət torpaq fonduna verilməsini nəzərdə tuturdu. Mülkiyyəti əlindən alınan sahibkarların ixtiyarında saxlanan torpaq sahəsinin ölçüsü həmin yerlərin təsərrüfat şəraitinə uyğun olaraq, kənddə becərilən bitki təsərrüfatları üçün 7-10 desyatin, taxılçılıq təsərrüfatı üçün 15-20 desyatin, maldarlıq təsərrüfatları üçün 40-50 desyatin, şəhərdə müvafiq olaraq, 1,5-3 desyatin, 3-5 desyatin, 10-12 desyatin müəyyən edilirdi. Sahibkarların mülk və bağları da bu hesaba daxil idi. Sosial-demokratların fəaliyyəti haqqında hesabat parlamentin aqrar siyasət komissiyası çərçivəsində ilk dəfə 1919-cu ilin sentyabrın 25-də Qazax qəzası kəndlilərinin hökumətin torpaq siyasətini müzakirə edən I qurultayının keçirildiyi vaxtda dinlənilmişdi. Qurultayda iştirak edən bolşeviklərlə digər sosial-demokratlar arasında düşən kəskin mübahisə birincilərin məğlubiyyəti, digərlərinin müvəfifəqiyyəti ilə nəticələnmiş, böyük əksəriyyət sosial-demokratları müdafiə etmişdi. Qurultayın qəbul etdiyi qətnamədə deyilirdi: “...Rusiya inqilabının ən böyük nailiyyətlərindən birisi torpağın zəhmətkeşlərə verilməsi şüarı idi. Ona görə də biz parlament və hökumətdən tələb edirik ki, ən yaxın müddətdə bu məsələni həll etsin və kəndlilərin tələbini yerinə yetirsin”.
Parlament komissiyası torpağı əvəzsiz olaraq alınmaq tələbində israrını davam etdirirdi. Ona görə də nazirliyin hazırladığı layihənin parlamentə təqdim olunması ləngidilirdi. Ölkədə vəziyyət gərginləşmişdi. Hökumət hələ də aqrar qanununun müzakirəsinə başlamamışdı. Lakin bunun əsas səbəbini təkcə partiyalar arasında gedən kəskin siyasi mübarizə ilə, yaxud, yalnız ölkənin ağır iqtisadi vəziyyəti ilə izah etmək olmaz. Nəzərə alınmalıdır ki, bu məsələ həddən artıq səbəblərlə bağlı mürəkkəb sosial-iqtisadi məsələ idi. Hələ “Müsavat” partiyasının II qurultayında partiyanın rəhbərliyi kəskin tənqid edildiyi vaxt partiyanın lideri M.Ə.Rəsulzadə göstərmişdi ki, bu məsələdə tələskənlik, eləcə də onu həddən ziyada uzatmaq eyni dərəcədə mənfi nəticələrə gətirib çıxara bilər. Partiya qurultayı aqrar məsələyə təkrar baxaraq, onun aqrar siyasət komissiyasında
hazırlanmış layihəsinin parlamentdə müzakirəyə qoyulması haqqında qətnamə çıxartsa da, o, xeyli vaxt icra olunmadı. “Müsavat” frakasiyası yalnız 1920-ci ilin fevralın 16-da parlamentin növbəti 123-cü iclasında partiyanın qurultayda bəyənilmiş aqrar məsələ üzrə qanun layihəsini müzakirəyə təqdim etdi. “Müsavat” partiyasının qanun layihəsi də xüsusi sahibkar torpaqlarının əvəzsiz olaraq alınıb dövlət torpaq fonduna verilməsini nəzərdə tuturdu. Lakin burada sahibkarların mülkiyyətində, bağ və həyətlər də daxil olmaqla, 25-75 desyatin torpaq saxlanılması, şəhər yerlərində isə bu sahənin becərilən bitkilərin xüsusiyyətindən və eləcə də əhalinin torpağa olan ehtiyacından asılı olaraq, 5 desyatindən 7,5 desyatinədək məhdudlaşdırılması göstərilirdi. Torpaqların alınması, özəlləşdirilməsi məsələsinə ehtiyatlı münasibət tamamilə düzgün idi. Çünki torpaqların əvəzsiz müsadirəsı məsələsi hərtərəfli düşünülmüş münasibət tələb edən məsələ idi. Unutmaq olmaz ki, “xüsusi torpaq sahibləri” məfhumu arxasında nüfuzlu konkret fiziki şəxslər dururdu və onların taleyi hökuməti maraqlandırmaya bilməzdi. Hökumətin islahat proqramı elə çevik qurulmalı idi ki, o, aqrar bölmədəki bütün sosial təbəqələrin marağını maksimum ifadə edə bilsin. Əlbəttə, aqrar məsələyə aid hüquqi-normativ aktlara bu nöqteyi-nəzərdən yanaşılaraq deyilməlidir ki, sonuncu (sayca dördüncü) qanun layihəsi o dövr üçün nisbətən tam və mükəmməl, daha müasir qanun layihəsi idi. Sonuncu qanun layihəsinin ciddi öyrənilməyə və müzakirəyə ehtiyacı olduğundan parlament onu baxıb müzakirə etmək üçün aqrar komissiyaya 10 gün möhlət vermişdi. Amma aqrar komissiyanın fəaliyyəti bu dövrdə tamamilə səmərəsiz idi, onun üzvləri hökumət böhranları ilə əlaqədar olaraq, artıq çoxdan bir yerə yığışmırdılar. Buna görə də onun dəyişilməz sədri S.Ağamalıoğlu təklif etmişdi ki, komissiyanın işini bərpa etmək üçün onun tərkibi sosialistlərdən ibarət yeni üzvlər cəlb etməklə dəyişdirilib möhkəmləndirilsin. Lakin parlament onun təklifini qəbul etmədi, hətta aqrar komissiya “Müsavat” Partiyasının hazırladığı qanun layihəsini müzakirə etdiyi birinci iş günündə müsavatçı Rüstəmbəyov komissiyanın sədr müavini seçildi. Əlbəttə, bu addım komissiyada müsavatçıların mövqeyini gücləndirdi. Lakin S.Ağamalıoğlunun siyasi qüvvələrin komissiyadakı tarazlığını pozmaq cəhdi və nazirliyin layihəsini təkrar müzakirəyə qaytarmaq təklifi uğur qazanmadı və “Müsavat”ın layihəsi əsas kimi saxlanıldı. Komissiyanın işləri başa çatmadı, aqrar qanun layihələri variantlarından heç biri qanun statusu almadı, aqrar bölmədəki durğunluq aradan götürülmədi, Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün əsas vacib məsələlərdən biri tam həll olunmamış qaldı.

Subut Mehdiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi