azia.az
azia.az

Bu meyvə-tərəvəzlər iki dəfə BAHALAŞDI

2-08-2021, 17:52

Bu meyvə-tərəvəzlər iki dəfə BAHALAŞDI


Son zamanlar rayonların mərkəzi bazarlarında pomidor və xiyarın qiymətləri kəskin qalxıb. Ötən həftə pomidorun bir kilosu 15-20, xiyarın bir kilosu isə 40-50 qəpiyə olduğu halda, indi pomidor 50-60 qəpiyə, xiyar 1 manata satılır. Digər kənd təsərrüfatı məhsullarında da qiymət artımı müşahidə olunur.

Bununla bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azia.az-a danışarkən bəzi məhsulların istehsalında azalma olduğunu qeyd edib:

"Məsələn, istixana şəraitində yetişdirilən pomidor, xiyar artıq tükənir. Açıq şəraitdə yetişdirilən mal-məhsulun həcmi də hələ kifayət qədər olmadığı üçün bazara təhvil verilə bilmir. Bu səbəbdən bazarda təklif azaldığına görə, qiymətlərdə artım var. Bəziləri bunu yağışla və başqa bu kimi faktlarla əlaqələndirirlər. Amma belə deyil. Yağış da yağanda kəndli, fermer çalışır ki, məhsulunu yığıb tez bazara çıxarsın. Həm də Azərbaycanda son günlər intensiv yağışlar müşahidə edilmir. Ola bilsin, hansısa rayonda cüzi yağış yağsın. Əsas odur ki, təklif azalır və bununla da qiymət bahalaşır”.

Müsahibimiz bildirib ki, növbəti aylar üçün qiymət proqnozu vermək çətindir:

"Avqustun demək olar ki, axırlarına kimi məhsul yığımı davam edəcək. Bu prosesdə qiymətlərin necə olduğunu görəcəyik. Pandemiya ilə əlaqəli rayonlara gedə bilmədik, fermerlərlə əlaqə mümkün olmadı, məhsuldarlığın hansı səviyyədə olduğunu müəyyən edə bilmədik. Bu işi Kənd Təsərrüfatı nazirliyi etməli, proqnozlar verməlidir. Nazirliyin nəzdində Aqrar Tədqiqatlar Mərkəzinin bir nömrəli vəzifəsi yerlərdə monitorinq aparmaq, əkin işlərinin, gözlənilən məhsulların proqnozunu vermək, artıq məhsul istehsal edildiyi halda, hansı ölkələrə ixrac etməyin mümkünlüyünü təyin etmək və s. kimi məsələlərdir. Təəssüf ki, mərkəz yalnız keçən il və ondan əvvəlki illərdə ölkədə nə qədər məhsul istehsal edildiyi haqqında diaqram qurur, öz işi ilə məşğul olmur. Dövlət Statistika Komitəsinin də məlumatları arasında son zamanlar xətaların olduğunu görürük. Bu baxımdan mütəxəssislər də proqnozlaşdırmaqda çətinlik çəkir. Qiymətlərdə bəzən artım müşahidə olunur, bunu da yalnız bazarın təklif və tələbinə uyğun olaraq müəyyən edə bilirik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi