azia.az
azia.az

“Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb"

20-11-2019, 14:29

“Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb"
“Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb"

Noyabrın 18-də Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq layihənin hazırlanması üzrə ikinci məşvərətçi seminar öz işinə başlayıb.

Sözügedən layihənin hazırlanmasının təşəbbüskarı BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) Pakistanda yerləşən nümayəndəliyi və Pakistanın Elm və Texnologiya Təşkilatıdır (COMSTECH).

Tədbirdə Azərbaycan, Pakistan, Qazaxıstan, Omar və İordaniyadan bitki genetik ehtiyatları və toxumçuluq üzrə 30-dan artıq rəhbər şəxslər və mütəxəssislər, həmçinin BMT-nin İnkişaf Proqramının (UNDP), Yaponiyanın JİCA təşkilatının, Dünya Bankının və Asiya İnkişaf Bankının nümayəndələri iştirak edirlər.
“Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb"
Seminarı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq ölkəmizin tarixən zəngin bitki ehtiyatlarına və genetik fonda malik olduğunu bildirib. Qeyd edib ki, 2003-cü ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) yaradılıb və müəssisə əməkdaşlarının gərgin əməyi nəticəsində bitki ehtiyatlarının toplanılmasına başlanılıb. Akademik respublikanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində GEİ-nin Milli Genbankının mühüm rol oynadığını deyib, həmçinin müəssisədə müasir metodlardan istifadə edilməklə önəmli tədqiqatların aparıldığını diqqətə çatdırıb. Rəqabətədavamlı bitki sortlarının yaradılmasının, eləcə də toxumçuluq sisteminin formalaşdırılmasının zəruriliyinə toxunan İ.Hüseynova bu sahədə Pakistanın zəngin təcrübəyə malik olduğunu söyləyib, seminarın işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq olunduğunu xatırladıb. Qeyd edib ki, son illərdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarında yerli və beynəlxalq sortlardan istifadə etməklə yeni sortlar yaradılıb və Genetik Ehtiyatlar İnstitutunun Milli Genbankına təhvil verilib. O, layihə çərçivəsində AMEA ilə əməkdaşlıq şəraitində yeni metodların ölkəyə gətirilməsində, onlardan istifadə etməklə yeni davamlı və məhsuldar sortların yaradılması üzrə sistemin formalaşdırılmasında, o cümlədən toxumçuluq sisteminin təkmilləşdirilməsində maraqlı olduqlarını söyləyib.

Daha sonra Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək seminarın keçirilməsi barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən sərəncam imzalandığını və tapşırıqlar verildiyini bildirib. Z.Əkpərov çıxışında ölkədə bitki genetik ehtiyatlarının toplanılması, mühafizəsi və səmərəli istifadəsi üzrə görülən işlərdən danışıb, hazırda Milli Genbankda yerli bitkilərin 13 mindən artıq nümunəsinin toxumlarının orta və uzun müddətli saxlanıldığını deyib, eləcə də genetik səviyyədə aparılan tədqiqatlar haqqında iştirakçılara məlumat verib. Bundan əlavə, 2011-ci ildə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunduğunu xatırladıb, sözügedən sənədin ölkədə genetik ehtiyatların idarə olunmasında mühüm rol oynadığını söyləyib. Z.Əkpərov, həmçinin beynəlxalq layihənin ən müasir texnoloji metodlardan istifadə etməklə yüksək məhsuldar bitki sortlarının yaradılmasına və seleksiyasına təkan verəcəyini vurğulayıb.

Pakistanın COMSTECH təşkilatının məsləhətçisi Dr.Xurşid Hasanain isə genetik ehtiyatlar sahəsində GEİ ilə birgə həyata keçirilən fəaliyyətlərdən danışıb, gələcəkdə layihə çərçivəsində əməkdaşlığın daha da genişləndiriləcəyini söyləyib.

Sonda FAO-nun Pakistan nümayəndəsinin eksperti Dr.Şakeel Xan hazırlanmış layihə haqqında təqdimatla çıxış edib. Bildirib ki, layihənin əsas məqsədi tərəfdaş ölkələrin ərzaq təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən bitkilərin (buğda, arpa, qarğıdalı, noxud və s.) genetik ehtiyatlarının müasir texnologiyalarla öyrənilməsi, yeni sortların alınması və toxumçuluq sisteminin düzgün təşkilidir. O, layihə çərçivəsində Pakistanın təcrübəsinin tərəfdaş ölkələrlə paylaşılacağını, 5 il ərzində genom redaktəsi və marker əsaslı seleksiya metodları tətbiq edilməklə yeni bitki sortlarının alınması sahəsində tədqiqatların aparılacağını və toxumçuluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçiriləcəyini deyib.

Qeyd edək ki, seminar iki gün davam edəcək. Qonaqlar GEİ və KTN-nin bir sıra institutlarında aparılan elmi işlərlə yaxından tanış olacaqlar.

AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr, mətbuat və
informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi