azia.az
azia.az

Deputatdan iqtisadiyyatımızla bağlı önəmli təkliflər, ilginc şərhlər

29-06-2019, 08:55

Deputatdan iqtisadiyyatımızla bağlı önəmli təkliflər, ilginc şərhlər
Əli Məsimli: “Ərazisi bizdən iki dəfə kiçik olan Hollandiya innovasion əsaslarla qurduğu kənd təsərrüfatı üzrə ildə 102-103 milyard dollarlıq məhsul ixrac edir, bizdə də....”
Cari ilin birinci yarısında dövlət başçısının əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı atdığı addımlar təqdir olunur. Eyni zamanda bir sıra ekspertlər hesab edir ki, dövlətin yükünü azaltmaqdan ötrü paralel addımların atılması vacibdir. Konkretləşdirsək, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, rəqabət mühitinin yaradılması, yeni iş yerlərinin açılması, istehsal müəssisələrinə yaşıl işığın yandırılması, bu istiqamətdə əngəllərin aradan qaldırılması kimi. Prezidentin də mövqeyi və verdiyi qərarlar məhz bu addımların atılmasına istiqamətlənib. Bəs bu sahənin mütəxəssisləri necə hesab edir, hansı işlər həyata keçirilməlidir ki, dövlət başçısının təqdim etdiyi yol xəritəsinə uyğun işlər reallaşsın? Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bununla bağlı “Yeni Müsavat”a konkret təkliflərini açıqladı.

“Biz ”Üç amil" - insan kapitalı-sərvət-inteqrasiya - prinsipinə əsaslanan optimal inkişaf modelinin reallaşdırılmasına dair təkliflər paketi hazırlamış və hələ 2 il bundan əvvəl onun birinci hissəsini Nazirlər Kabinetinə göndərmişik. Təbii ki, onun bütün cəhətlərini bir suala cavab çərçivəsində açmaq mümkünsüzdür. Amma əsas məqamlarını deyə bilərik: Təklif etdiyimiz yeni inkişaf modelinin hərəkətverici qüvvəsi neft, qaz yox, eləcə də neftdən sonra yalnız kənd təsərrüfatı və onun xammalı əsasında yüngül və yeyinti sənayesini inkişaf etdirməkdir. Və Azərbaycan tranzit ölkə imkanlarından faydalanmaqla gəlir götürməklə kifayətlənməsi yox, neft gəlirlərindən də səmərəli istifadə etməklə Azərbaycanda güclü intellektual bazaya, müasir biliklərə və səriştəyə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılmasıdır. Həmçinin elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, bilik, savad, səriştə dəyərlər sisteminin effektiv kombinasiyasından qaynaqlanan istehsal mədəniyyətinə, innovasiyalara hədəflənmiş Yeni Azərbaycan quruculuğu məqsədi dayanır".

Ə.Məsimli bildirdi ki, Azərbaycan iqtisadiyyatında optimal inkişaf modelinin formalaşması və reallaşdırılmasının əsasları bunlardır: “1. Optimal inkişaf modelinin reallaşdırılması tələblərinə uyğun olaraq Azərbaycan iqtisadiyyatında və cəmiyyət həyatının bütün sahələrində hüququn aliliyinə və iqtisadi azadlıqlara yönəlik əsaslı islahatlara davamlı xarakter verilməsi. Bazar mexanizminin səmərəli fəaliyyət göstərməsinin institusional əsaslarının inkişaf etdirilməsi, insan və mülkiyyət hüququnun konstitusion əsaslarla müdafiəsinin tam təmin edilməsi istiqamətində fundamental islahatların həyata keçirilməsi.

İqtisadiyyatın idarə edilməsi və tənzimlənməsinin elmiliyinin, innovativliyinin və kreativliyinin artırılması. Dövlətin iqtisadiyyatdakı rolunun optimallaşdırılması. İdarəetmə sisteminin təşkilati strukturu, kadr tərkibi və koordinasiyasının optimallaşdırılması.

Korrupsiya, inhisarçılıq, məmur özbaşınalıqlarının və bunlardan doğan çoxsaylı neqativlərin aradan qaldırılması istiqamətində başlanan işlərin genişləndirilməsi və sürətləndirilməsi.

Biznesdə məmur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılması.

Struktur islahatları vasitəsilə dövlətin, cəmiyyətin, biznesin və qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olunması.

İqtisadi siyasətdə strateji xətt kimi əsas gücün yeni texnika və texnologiyaya əsaslanan fundamental struktur islahatlarının həyata keçirilməsinə verilməsi və keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidin sürətləndirilməsi. İqtisadiyyatın real sektorunun keyfiyyətli təhsil, elm və səriştə, bilik iqtisadiyyatı ilə sıx əlaqəsinin təmin edilməsi.

Müasir mərhələdə alternativi olmayan insan kapitalının üstün inkişafına dayanan innovasiyalı inkişaf modelinin reallaşdırılması, yeni yaradılan dəyərin bölgüsündə ədalətın təmin edilməsi istiqamətində bu ildən başlayaraq atılan addımların davam etdirilməsi".

Deputatın sözlərinə görə, bir sıra ölkələrin təcrübəsi göstərir ki, həqiqi və etibarlı iqtisadi və sosial yüksəlişə və tərəqqiyə neftin, qazın, qızılın, gümüşün və digər təbii sərvətlərin zənginliyi ilə deyil, elmdə, innovasiyalarda və elmi texnologiyalarda üstünlük əldə etmək yolu ilə nail olmaq mümkündür: “Təklif etdiyimiz yeni iqtisadi modelə uyğun surətdə Azərbaycanda neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modelindən insan inkişafının prioritet təşkil etdiyi modelə keçilməsi üçün nəzərdə tutulan həmin tədbirlərin sistemli şəkildə həyata keçirilməsi ilə 2020-ci ildən iqtisadiyyatımızın rəsmi hökumət proqnozlarındakından 2 dəfə sürətli - 6 faiz və ondan yüksək artım trayektoriyasına çıxa, maliyyə sisteminin səmərəli fəaliyyətini və bu əsasda orta perspektivdə əhalinin bütün təbəqələrinin layiqli həyat səviyyəsi təmin edilə bilər. Bundan ötrü Azərbaycan iqtisadiyyatında artımın keyfiyyətinin və həyat səviyyəsinin ölkənin potensialına uyğunlaşdırılması istiqamətində 2019-cu ildən başlanan islahat xarakterli tədbirlər davam etdirilməlidir”.

“Həmin 100 mindən çox müəssisənin 1000-ni eksportyönlü qura bilsəydik və çox demirəm, hərəsi ildə cəmi 5 milyon dollarlıq məhsul ixrac etsəydi, indi qeyri-neft sektorunun ixracı 1,7 milyard dollar yox, 7 milyard dollar olardı”
Bəs ölkəmizi neft asılılığından xilas edib aqrar ölkəyə çevirmək mümkündürmü? Ə.Məsimli: “Ölkəni neft asılılığından xilas edib aqrar ölkəyə çevirmək mümkün olsa belə, sözün dar mənasında buna getmək məqsədəuyğun deyil. Çünki ümumi rifah və rəqabətqabiliyyətli dövlətə çevrilmək üçün Azərbaycanın timsalında bu model yetərli deyil. Son illər Azərbaycanda aqrar sahədə istər istehsal (xüsusən də bitkiçilik məhsulları), istərsə də ixrac kifayət qədər yüksək templərlə artır. Kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası da genişlənir. 2018-ci ildə 560 milyon dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin göstəricisindən 40 % çox, 2017-ci ilin göstəricisi ilə isə təqribən eynidir. Bununla belə, hələlik ölkəmizdə kənd təsərrüfatı məhsullarının ixracı ümumi ixracımızın 2017-ci ildə cəmi 3 faizə yaxınını təşkil edib ki, bu da mövcud potensialdan qat-qat aşağıdır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac potensialı çoxşaxəlidir. Ona görə də kənd təsərrüfatının yeni əsaslar üzərində yenidən qurulması, həmin potensialdan istifadənin səmərəliliyinin və yerli tələbatın ödənilməsində rolunun artırılması, əhalinin bu sahənin məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatının neftdən sonra ixracımızın vacib sahələrindən birinə çevrilməsi günün tələbindən doğan zərurətə çevrilib. Bu gedişlə neft və qaz bundan sonra da hələ xeyli müddət Azərbaycana ən çox valyuta gətirən sahə olaraq qalacaq. Bununla belə, son illər qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün zəruri işlər görülür”. Ə.Məsimli dedi ki, ərazisi bizdən iki dəfə kiçik olan Hollandiya innovasion əsaslarda qurduğu kənd təsərrüfatı üzrə ildə 102-103 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir ki, bu da Azərbaycanın 2018-ci ildə neft-qaz ixracının göstəricisindən 6 dəfə çoxdur: “Təbii ki, biz aqrar sahənin eksportunu 102-103 milyard dollara çatdıra bilmərik, amma bu qədər potensialımız müqabilində 560 milyon dollar səviyyəsindən heç olmasa 2-3 milyard dollara catdırmaq imkanlarımız daxilində olduğundan, həm də çox vacib bir vəzifəmizdir. Bundan ötrü ”Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapmış tədbir və məqamları da nəzərə almaqla Azərbaycanda güclü aqrar-sənaye komplekslərinin yaradılması üzrə konkret mərhələlərə, istiqamət və sahələrə bölünmüş uzunmüddətli strategiyanın və xüsusi dövlət proqramının, o cümlədən onun ayrı-ayrı komponentlərinin inkişafının sürətləndirilməsinə yönəlik stimullaşdırıcı proqramlar və tədbirlər paketi hazırlayıb, optimal müddətdə həyata keçirilməsi təmin edilməlidir ki, həm yerli tələbatı yüksək səviyyədə təmin edə bilək, həm də xaricə ilk mərhələdə 2-3 milyard dollarlıq, sonradan daha çox kənd təsərrüfatı məhsulu çıxara bilək".

Deməli, iqtisadiyyatımızın neftdən asılılığını zəiflətməkdən ötrü kənd təsərrüfatı ilə yanaşı, qeyri-neft sektorunun digər sahələrinin inkişafına da nail olmaq lazımdır. “Bəli. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollar sərmayə qoyulub, 100 mindən çox müəssisə yaradılıb” - deyə deputat qeyd etdi: “Bərabər bölgü prinsipi ilə yanaşsaq, bu, hər rayonda 1500-dən artıq müəssisənin yaradılması deməkdir. Həmin 100 mindən çox müəssisənin 99 faizini bir kənara qoyaq, cəmi 1 faizini, yəni 1000-ni eksportyönlü qura bilsəydik və çox demirəm, hərəsi ildə cəmi 5 milyon dollarlıq məhsul ixrac etsəydi, indi qeyri-neft sektorunun ixracı 1,7 milyard dollar yox, 7 milyard dollar olardı. Bu da bir mənbədən valyuta daxilolması probleminin fəsadlarını köklü surətdə aradan qaldırmaqla yanaşı, həm də manatı həmişəlik dünya bazarında neftin qiymət konyukturunun asılılığından xilas edərdi. Ona görə də idxalı əvəz edən və eksportyönlü normal fəaliyyət göstərə bilən müəssisələrin yaradılması işlərinin sürətləndirilməsini, əlavə stimullaşdırıcı tədbirlərin görülməsini və bu sahədəki xüsusən də regionlarda maneələrin aradan qaldırılmasını zəruri hesab edirik. Bu həm də rayonlarda iqtisadi fəallığı, eləcə də yüksək maaşlı iş yerlərinin sayını əhəmiyyətli dərəcədə artıracaq”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi