azia.az
azia.az

Bakıda Dünya Kuboku start götürür

7-05-2021, 13:39


Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürür.
 Bakıda Dünya Kuboku start götürür
Azia.az bildirir ki, Milli Gimnastika Arenasında keçiriləcək və 3 gün davam edəcək yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Əslində bu turnir 24 - 26 aprel 2020-ci ildə keçirilməli idi. Lakin həmin vaxt koronavirus pandemiyası ilə əlaqədar idman tədbiri bu ilə təxirə salınmışdı.

Dünya Kuboku pandemiya dövründə Azərbaycanda digər idman növləri üzrə bərpa olunan ilk beynəlxalq yarış olacaq. Bu dövrdə ölkədəki son beynəlxalq yarış da gimnastika ilə bağlı olub. Ötən il martın 12-də start götürmüş idman gimnastikası üzrə Dünya Kuboku yarışın 2-ci günündə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar qərarı səbəbindən yarımçıq dayandırılmışdı.

Budəfəki yarış karantin qaydalarına uyğun olaraq azarkeşsiz və bəzi məhdudiyyətlərlə keçiriləcək. Gimnastlarla ünsiyyət minimuma endirmək üçün "Mixed Zona" olmayacaq. İdmançılarla müsahibələr ZOOM proqramı vasitəsilə onlayn qaydada təşkil ediləcək.

Milli Gimnastika Arenasına daxil olmaq üçün akkreditasiyası olan hər kəsdən koronavirus testi götürüləcək. Analiz nəticəsi müsbət çıxan şəxslər arenaya buraxılmayacaq.
 Bakıda Dünya Kuboku start götürür
Azərbaycan yığması Dünya Kubokunda 8 gimnastla təmsil olunacaq. Onlardan Zöhrə Ağamirova ilə Arzu Cəlilova fərdi, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadə isə qrup hərəkətləri üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edəcək. Yarışların ilk 2 günündə təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Yarışın son günündə qaliblər müəyyənləşəcək.

Ənənəyə uyğun olaraq, bu dəfə də ən çox icra xalını yığmış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi