azia.az
azia.az

Nazim Əhmədli:"Mən həmişə demişəm ki, biz özümüz yadplanetliyik. Bizi kainatdan yer kürəsinə atıblar"

5-06-2019, 09:54


Nazim Əhmədli:"Mən həmişə demişəm ki, biz özümüz yadplanetliyik. Bizi kainatdan yer kürəsinə atıblar"
Nazim Əhmədli:"Mən həmişə demişəm ki, biz özümüz yadplanetliyik. Bizi kainatdan yer kürəsinə atıblar"
Goycə.az saytı oxucularına tanınmış şair, Nazim Əhmədli ilə müsahibəsini təqdim edir.

Salam, Nazim bəy! Təkrarçılıq olmasın deyə, haqqınızda oxuculara məlumat verməyəcəm. Oxucular kifayət qədər sizi tanıyır. Məqsədim, sizin həyat yaradıcılığınızın görünməyən tərəfini, həm özüm üçün kəşf eləmək, həm də oxucularla bölüşməkdir.

- Demək istəyirsiniz ki, yəni aysberqin görünməyən tərəfi...

Bəli, bu yaxınlarda Bakıdakı 276 nömrəli Tam Orta Məktəbdə təşkil olunan görüşdə iştirak elədik. Orada şeirlərinizin birində maraqlı bir misranız diqqətimi cəlb etdi. “Gecələr adam şəklində, kəndimiz yuxuma gəlir”. Mənə maraqlıdır, adam şəklində yuxunuza gələn kəndiniz nəsə deyir, ya həqiqəti görüb susan insana bənzəyir?

- Hə, bu şeir həm qəzet və jurnallarda, həm də kitablarımda çap olunub.Təbii ki, əhval-ruhiyyədən, ovqatdan yaranan bir şeirdir. İşğalda olan yurdlarımız obrazlı şəkildə içimizdən gələn dərd notu kimi, ağrı kimi şeirlərimdə təzahür edir.Təəssüflər olsun ki, həqiqətdə əllərimiz çatmayan doğma yurdlarımız ancaq yuxularımızda yaşayır. Bu bütöv bir xalqın dəhşətli faciəsi kimi bizim taleyimizə yazıldı.

Şeirin misrasının gücündən mən də öz kəndimizi adam şəklində təsəvvür etdim...

- Yəqin ki, laçınlı məşhur Kamran bəy haqqında eşitmisiniz. 1992-ci ildə hamı məcburi şəkildə Laçından çıxdı, ancaq Kamran bəy yaşının çoxluğuna baxmayaraq, Laçında qalıb dağlara çəkildi və ermənilərlə döyüşdü. Öldümü, əsir düşdümü, heç bir xəbər olmadı. “ Qız təbəssümü” adlı hekayələr kitabımda Kamran bəyə həsr elədiyim “Kəndimizin ruhu” adlı bir hekayə var. Real olan bir insanın haqqında yazdığım hekayədir. İnsan öz doğma yurdu uğrunda bütöv bir ordunun qarşısına çıxır, tək döyüşür, qəhrəmanlıq göstərir. Hesab edirəm ki, o, əsl milli qəhrəmandır. Qəhrəmanlıq, vətənsevərlik simvolu kimi ona heykəl qoyulmasını təklif edərdim. Təəvvür edin, məcburi şəkildə ev-eşiyindən qovulan minlərlə insan, öz doğma evinə qayıda bilmir. Mənim bütün qohum-əqrabalarımın hamısı; atam-anam, qardaşlarım, kəndimiz köçkün həyatı yaşadılar. İyirmiyə yaxın ailə gəldi Bakıda - evimizə. Mən onların hamısını Bakının müxtəlif istiqamətində olan tələbə yataqxanalarında və başqa münasib binalarda yerləşdirdim. Hər həftə də onlara baş çəkirdim. O insanlar öz torpaqlarında bədbəxt olub gəlmişdilər. Babalarımızın, özlərinin min bir əziyyətlə qazandıqlarını qoyub gəlməyə məcbur qalmışdılar. Çox dəhşətli günlər idi. İnsanın ən böyük bədbəxtliyi elə yurd-yuvasını itirməkdir.

Yenə ruh... Özü də kəndinizin ruhu...

- Bəli, kəndimizin ruhu. Artıq o kədlərin, şəhərlərin aurası ruh şəklində yuxularımızda dolaşır. Bunu o dərdə yaxın, o dərdi yaşayan insanlar daha yaxşı bilir.

Hər şeydən öncə vətəndaş olaraq fikriniz maraqlıdır. Güman edirəm, səmimi cavab verəcəksiniz. Sizcə, Laçın alındımı, verildimi? Özünüz də könüllü olaraq Qarabağ müharibələrində hərbi jurnalist kimi iştirak etmisiniz.

- Mən Moskvada oxuyanda müəllimim deyirdi ki, siyasət müharibənin davamıdır. Yəni, Qarabağ müharibəsi başlamamışdan əvvəl, onsuzda keçmiş Sovet İttifaqı zamanında bizim torpaqlarımızın bir hissəsi gözəgörünməz şəkildə Sovet hökümətinin rəhbərliyinin razılığı ilə ermənilərin əlinə keçmişdi. Ondan əvvəl də yüz illərlə ermənilər torpaqlarımıza yerləşdirilib. Sovet İttifaqı dağıldıqdan sonra ermənilər rus və farslara arxalanaraq mövcud şəraitdən istifadə etdilər, öz məkirli planlarını həyata keçirdilər. O ki qaldı Laçının verilməyinə, ya güclə alınmasına, o vaxt Azərbaycan təzə-təzə müstəqilliyini qazanırdı, demək olar ki, ordumuz yox dərəcəsində idi. Ölkədə qarışıqlıq yaranmışdı. Müxtəlif hadisələr baş verirdi. Bu qarışıqlıqdan istifadə edən ermənilər rus ordusunun köməyi ilə torpaqlrımızı işğal etdilər və bu günə qədər işğal davam edir. 30 ilə yaxındır ki, torpaqlarımıza gedə bilmirik.

Erməni höküməti işğal olunmuş torpaqlarımızda son illərə qədər evlər tikib, əhalini yerləşdirdi. Bununla belə, doğrudanmı qayıdacağınıza inanırsınız, ya sözgəlişi deyirsiniz?

- Bu suala konkret cavab verəcəm. Nə zaman ki, mükəmməl dövlətçilik ənənələri olmayan Rusiya imperiyası (hələki imperiya adlandıraq) yox olacaq, ondan sonra ümidlərimiz gerçəkləşəcək. Ermənilərin arxasında Rusiya dayanır. Tarix boyu ermənilər rusların, farsların qulu olub. Bu gün də quludur. Sabah rusun indiki gücü yox olarsa, ermənilər qərbin qulu olacaq, buna “siyasi fahişəlik” deyirlər. Bir xalq olaraq qarşımıza məqsəd qoyub, ancaq müharibə yoluyla torpaqlarımızı azad edə bilərik. Ziya Göyalp deyib ki, Türkiyə böyüyüb Turan olacaq, Rusiya dağılıb viran olacaq. İnanıram ki, bu olacaq. Biz Türkiyə ilə, Pakistanla hərbi ittifaq bağlamalıyıq. Onlar bizə dost və qardaş ölkələrdir. Dünya xəritəsinin min illik tarixinə nəzər salsaq görərik ki, dövlətlərin sərhədləri əsrlər boyu işğal və başqa səbəblərdən çox dəyişilb. Tale elə gətirib ki, bizim ölkəmiz zaman-zaman məruz qaldığımız yadelli işğallara məruz qalıb, nəticəsində dörd tərəfdən öz torpaqlarımızla həmsərhəddik. Bundan sonra olmasın. Mən özüm Qarabağ müharibəsinin iştirakçısıyam. Gözümün qabağında yaxşı oğlanlarımız həlak oldular. Bunların hamısı yaradır, dərddir. Torpaq uğrunda döyüşürüksə, mütəşəkkil şəkildə döyüşməliyik. Biz ordumuzun indiki gücü ilə hücum eləsək, bircə həftə bəsdir ki, İrəvana gedib çıxaq.

Qarabağ müharibəsində xalqın bilmədiyi həqiqətlər çoxdumu?

- Həqiqət müharibə zamanı bilinmir. Həqiqət ancaq 20-30 ildən sonra bilinir.

Yazmaq fikriniz yoxdur?

- Qarabağ müharibəsi haqqında çox yazı yazmışam, reportajlar hazırlamışam, publisistik yazılar yazmışam, "Azərbaycan ordusu" qəzetində bir müsahibəm var idi, məşhur general-leytinant Valeh Bərşadlı ilə. Bu müsahibəyə görə keçmiş müdafiə naziri Məmmədrəfi Məmmədov və o vaxtki baş qərərgah rəisi Səfər Əbiyev bir il yarım məni işə buraxmadılar. Və mən mərhum preziden Heydər Əliyevə məktub yazdım, mən Moskvada oxuyanda onunla görüşmüşdüm, demək olar ki, məni tanıyırdı. Necə olmuşdusa, məktuba reaksiya verilmişdi. Hesab edirəm ki, Heydər Əliyevin tapşırığıyla məni işimə qaytarmaq istəyirdilər. Və mən göndərmək istədikləri işə razı olmadım, getdim rəhmətlik Valeh Bərşadlının yanında C.Naxçıvanski adın hərbi məktəbdə xidmətə təyinat aldım.V. Bərşadlı haqqındakı “Mənim generalım" kitabını da orada yazdım.

İki gündür sizin şeirlərinizi oxuyuram. Həyəcan, ağrı, sentimental hisslər, fəlsəfi düşüncələr və çox halda sufi təfəkkürü... Bəlkə sizinlə çox söhbətimiz olub, mənalarını tez başa düşürəm. Şeirlərinizin birində yazmısınız ki:


hər şeyi, hər şeyi unut,
qorxma, ağrıdan-acıdan;
bax, biz yaşda adamların,
payız tökülür, saçından

və yaxud, başqa bir şeirinizdən:

hardan bu sərin yel əsir,

obalar dustaq, el əsir;

fələklər hara tələsir,

biz gedib yox olan yerdən.



Yazdığınız şeirlər, bəlkə də, bizim həyata keçməyən daxili arzularımızdır. Siz nəyi unutmaq istəyirsiniz?

- Ovqat məsələsidir. Unutduğumuz çox şeylər var. Sevgilərimiz, tarixi yaddaşımız və. s.

Niyə bəzi gənclərimiz ermənini özünə dost hesab edir?

- Kim ermənini özünə dost bilirsə, deməli, qanında erməni qanı var. Gen məsələsi də var. Ermənilər qundaqdakı körpəsinə bizim onların düşməni olduğumuzu deyir. Biz də övladlarımızı başa salmalıyıq ki, ermənilər tarix boyu düşmənimiz olub, olacaq da. Lap torpaqlarımızı qaytarsaq da erməni yenə də bizim düşmənimizdir.

Bəlkə havadarlarına ortaq dindən olduqları üçün arxayındılar.

- Heç kim məndən inciməsin. Bütün müharibələrin səbəbi tarix boyu dinlər olub. Allah din yaratmayıb. Əgər yaratsaydı, bircə din yaradardı.

Söhbətimizin istiqaməti dinə gəlmişkən, insanlar dinə niyə inanırlar?

- Dinlər qorxudan yaranıb. Fövqəltəbii qüvvələrdən insanlar qorxublar, fərqli dinlər yaradıblar. Hər xalqın öz dini olub. Sonra böyük dinlər kiçik dinlərin hamısını məhv edib, Və dini işğallar başlayıb. Mən bir status yazmışdım ki, din bəşəriyyətə sırınan ən böyük yalandır. Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, M.Ə. Sabir kimi dahilər həmişə cəhalətə qarşı olublar. Bir haşiyə də çıxım: Mən hər bir xalqın və ya şəxsin dini inancına hörmətlə yanaşıram. Yer üzündə inancdan yaxşı şey yoxdur. Ancaq dini ideologiyaya çevirib xalqı istismar eləməyin sonu fəlakətdi. Biz gənclərimizə elmi təlqin etməliyik. Əgər kimsə dinə meyillidirsə, lap yaxşı, olsun, sözün əsl mənasında dini savadı olsun, amma başqasına zorla təlqin eləməsin.

Bu yaxınlarda şayə yayıldı ki, orta məktəblərdə dini dərslər salına bilər.

- Mən bunun qəti əleyhinəyəm. Orta məktəblərdə hərbi təlimlər keçirilməlidir, uşaqları idmana, hərbi dərslərə, digər dərslərə yönəltmək lazımdır, dinə yox. Elm öyrətmək lazımdır.

Niyə Tanrının adından bu qədər çox danışırıq?

- Bir tendensiya yaranıb. İnsanlar oturub deyir ki, Allah mənə uşaq versin, məni varlı eləsin və s. Tutaq ki, səni Allah yaradıb, ağıl verib, huş verib, daha nə istəyirsən Allahdan, get çalış, özün özünə şərait qur. Dindarların əksəriyyəti Allahın adından danışıb alver edirlər. Ziyarətghların hamısı biznes obyektləridir. Pul yığılır, ərəblərin cibinə gedir, ərəbdə gəlir Bakıya, qızlarımıza pis gözlə baxır. Kasıb insanlar tanıyıram, borc tapıb ziyarət yerlərinə gedir, yetərincə pul xərcləyirlər. Nə var orda? Dindarsansa, ibadətini elə, otur evində , ya da bir kasıba əl tut.

Ateisti yoldan çıxartmaq asandır, ya dindarı?

- Ümumiyyətlə, ateist, dindar məfhumunu qəbul eləmirəm. Realist olmaq lazımdır, hər şeyə real yanaşmaq lazımdır. Kainatı öyrənmək, sevmək lazımdır.

Bir adam nə üçün 7-8 dəfə Məkkəyə getməlidir?

- Onların çoxu alverə gedirlər. Mənim bildiyimə görə müsəlmanların peyğəmbəri Məhəmməd bircə dəfə gedib.

Alın yazısına inanmırsınız?

- Hər insan öz taleyini özü yazır. Hər kəsin bu dünyada bir vəzifəsi, missiyası var. İnsan ziyalı mühitinə düşürsə, ziyalı kimi yetişəcək. Avara mühitinə düşürsə, avara kimi formalaşacaq. İnsanın gözü-beyni var. Ətrafına baxanda öz yerini müəyyənləşdirməlidir. Hər bir insan kainat harmoniyasının bir bağıdır. Hansısa bir günah eləsək, kainatda bir sap qırılır. Təbiətin qanunlarını pozmaq olmaz..

Sizin bəzi müsahibələrinizdə Yer üzündə iqlim dəyişiklikləri ilə bağlı fikirləriniz var. Təbii fəlakətlər, anormal hadisələr nə ilə bağlıdır?

- Son iki yüz ilin texnogen inkişafı nəticəsində atmosferə atılan zərərli kimyəvi maddələr, eyni zamanda çaylar və dənizlərin çirklənməsi nəticəsində Yerin tərkinə də çatır və yaşadığımız planetin enerji balansını pozur. Deyə bilərəm ki, Yer kürəsi belə demək olarsa, artıq xəstədir. Yəni, xəstə orqanizm desək, onda yaşayan canlıların, daha doğrusu, bəşəriyyətin sağlamlıq məsələləri şübhə altında qalır. Xəstə orqanizmin üstündə sağlam şüurlu varlıqlar necə yaşaya bilər? Bəşəriyyət iki yolun ayrıcındadır. Dünyamızı qorumaq, iki yüz il əvvəlin təmiz ekoloji vəziyyətini bərpa eləmək üçün, müharibələrə, silahlanmalara, texniki tərəqqinin təbiətə vurduğu zərərləri yox etməyə çalışmalıdır və bütün dünyada sülh və tərəqqiyə start verməlidi.

Şeirlərinizin birində “Bir el düşür qara günə,
tək bir axmağın ucundan”- yazırsınız. O axmaq kimdir?

- O qədər axmaq var ki.. O axmaq bir obrazdır. Axmaq həmişə cəmiyyəti geri aparır..

Bu misraları yazanda çox güman Laçını nəzərdə tutmusunuz. Laçın eli hansı axmağın ucbatından qara günə düşdü?

- Yox, elə deyil. Həmişə bir qrup zümrənin içindən bir axmaq çıxır, onun adını biabır edir. Rəhmətlik Valeh Bərşadlı deyirdi ki, müharibə vaxtı satqınçılığın qarşısını almaq üçün, on nəfər satqını hamının gözü qabağında güllələmək lazımdır ki, o birinə görk olsun. Dostayevskinin "Cinayət və Cəza" romanını oxumuşuq. Əgər cinayət varsa, cəza yoxdursa, o silsilə şəklində davam edəcək.

Sevgi, dərd, xoşbəxtlik. Bunlar ədəbiyyatın, poeziyanın əbədi mövzularıdır.. Yaradıcılığınızdan görürəm ki, kainatdan aldığınız enerjiylə ilhamlanırsınız.

- Kainat elə sevginin özüdür. Onun aurasına, harmoniyasına qoşulmaq lazımdır. Onu öyrənmədən bunu etmək olmaz.

Axirətə inanmırsınız, amma pralel dünyaya inanırsınız …

- Cəmiyyət bu cür həqiqətlərə hazır deyil. Biz eyni zamanda öz keçmişimizi, indikimizi və gələcəyimizi yaşayırıq. Siz təəvvür edin ki, 12 ölçülü kainatlar var. Yəni, bizim yaşadığımız kainat məhduddur.. Çox sivilizasiya bir-birini əvəz edib. Paralel dünya təsəvvürünü dərk eləmək üçün, keçmişə, gələcəyə səyahət eləmək üçün, bizim beynimizəki portallar açıq deyil hələ.

Bu yaxınlarda Tibetdə tədqiqat aparan alim Ernst Muldaşev haqqında bir yazıya rast gəldim. O əyri güzgüləri müşahidə edərkən belə fikrə gəlib. Onun fikrinə görə, piramidalardakı nəhəng güzgülərin strukturu mürəkkəbdir. Onların təsir dairəsində Muldaşev və ekspedisiya qrupu özünü pis hiss edib. Bəziləri uşaqlığını görüb, bəziləri də naməlum yerlərə gedib. Alimin fikrinə görə, bu güzgülərin vasitəsilə Tibet piramidalarında zaman və məkan anlayışını dəyişmək mümkündür. Qədim əlyazmalara əsasən, bu komplekslər paralel dünyalara keçid üçün istifadə edilib. Muldaşevin fikrinə görə isə, bunu fantaziya hesab etmək olmaz. Ümumiyyətlə, məndə olan informasiyaya görə, yaxın tunel mövcuddur ki, bunlar digər dünyalara aparır. Bu tunellərdən dördü Avstraliyada, 7-i isə Amerikadadır. Onlardan ən məşhuru Kaliforniya milli parkındakı mağaradır. Bu mağaraya girmək mümkün olsa da, çıxmaq mümkün deyil. İtkin düşənlərin izi-tozu da qalmır. Siz təsəvvür edin ki, 12 ölçülü kainatlar var. Çox sivilizasiya bir-birini əvəz edib. Cəmiyyət bu cür məlumatlar a hazır deyil. Biz öz keçmişimizi, indikimizi gələcəyimizi yaşayırıq. Bunu deyə bilərəm. Bəşəriyyət yaranan gündən insanlar qan tökdü, müharibələrə səbəb oldular, bizim beynimizdəki o yerlər silindi. Mən həmişə demişəm ki, biz özümüz yadplanetliyik. Bizi kainatdan yer kürəsinə atıblar. İndiki təfəkkür tərziylə yer üzünü məhv edirik. Hətta, buna görə bizə xəbərdarlıq da ediblər ki, yerdə müvəqqətisiniz.

O zaman ruhun varlığına inanırsınız.

- Bəli.

Ruhun varlığına düzü mən də inanıram. Əgər dediyiniz kimi başqa planetdən yerə atılmışıqsa, ola bilməzmi öldükdən sonra ruhumuz başqa planetə göndərilsin? Çox güman dini kitablardakı "o dünya" deyiləndə bu nəzərdə tutulub.

- Dində belə şeylərdən məharətlə istifadə ediblər. Yas yerlərində fikir vermisinizsə, ancaq ölümdən danışıb insanları qorxutmağa çalışırlar. Ruh bir enerjidir. Bir şəkildən başqa şəklə keçir. İnsan iyirmi iki min dəfə dünyaya gəlir. Sonunda günəşə qarışır, oda çevrilir. Bunların heç birinin dinlə əlaqəsi yoxdur.

Təzədən bu dünyada doğulmaq istəyərdiniz?

- Kim istəməz. Qayıdanlar çox olur, ancaq onların öncəki yaddaşları pozulur. Hətta əvvəlki gəlişlərini xatırlayan insanlar da var.

Niyə yazılmayan qanunlar, yazılan qanunlara nisbətən insana daha çox təsir göstərir?

- Ona görə ki, yazılmayan qanunlardan xəbərimiz yoxdur.

Kainatdan çox danışdıq, bir az da sevgidən danışaq. Yazmısınız ki, ürəyim, necəsən? Adın, soyadın?
Ürəyinizdə neçə xanıma yer vermisiniz ki, adını, soyadını ürəyinizdən soruşursunuz?

- Qadın söhbəti deyil. Orda ürəyə sual verirəm ki, hamı sənə "ürək" deyir, amma sənin adın, soyadın nədir? Bəlkə adın heç ürək deyil, biz ürək deyirik.

Şeirlərinizin birində də yazmısınız ki, şairə qız verməzlər. Sizə nə yaxşı qız verdilər?

- Zarafat eləmişəm.

Axı, oxucu ciddi qəbul edir.

- Deyirlər, şairlər dəlidir, dəliyə qız verməzlər. Mənim "dəli" sözü çox xoşuma gəlir. Mən özüm də özümə “ dəli şair” deyirəm. O ki qaldı, nə yaxşı mənə qız vermələrinə, əvvəl-axır bir kişinin də qızı mənim olmalıydı. (Gülür)

Sevərək ailə qurmusunuz?

- Bəli.

Belə başa düşdüm ki, sevgilərinizin sayını ailə qurduqdan sonra itirmisiniz.

- Yəqin ki, bu ciddi bir sual deyil.( gülümsəyir)

Yaxşı. Mən biləni Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqədar adlı İctimai Birliyinin sədrisiniz. Tez-tez xaricdə tədbirlər keçirirsiniz?

- Bəli, alt-yeddi il olar, Skandinaviya ölkələrində Qarabağ haqqında, Xocalı haqqında tədbirlər, konfranslar keçirdirəm. Orada Azərbaycan haqqında filmlər göstəririk, müsahibələr götürmüşəm, o ölkələrin kitabxanalarına ingilis dilində Azərbaycan həqiqətlərini əks elətdirən kitablar hədiyyə eləmişəm.

Orada ermənilər sizin fəaliyyətinizlə bağlı problemlər yaradırdı?

- Dəfələrlə olub. Norveç Krallığının Bergen şəkərindəki Bergen Universitetində "Azerbaijan after Sovet Union" adlı konfrans keçirdirmək üçün hazırlıq görmüşdük. Konfrans çərçivəsində “ Xocalı soyqırımı” sənədli filmi nümayiş ediləcəkdi. Filmin adından qıcıqlanan ermənilər tədbirə bir gün qalmış afişaları cırmışdılar. Buna baxmayaraq, tədbir baş tutmuşdu. Ötən il Hersinki Universitetində tədbir keçirəcəkdik. Son anda universitetin rəhbərliyi tədbiri təxirə saldı və sonradan mənə dedilər ki, burada da ermənilərin barmağı var. Xocalı soyqırımıyla bağlı tədbir ermənilərin xoşuna gəlməyəcək. Biz məcbur qalıb təcili şəkildə başqa bir ünvanda tədbirimizi keçirdik. Burda erməni çoxdu.

Onda rəsmi mükafat gözləyən şairlərin sırasında özünüzü görmürsünüz.

- Mənim mükafatım mənim oxucularımdır. Allaha şükür ki, var. Ancaq olsa da, pis olmaz.

Sizcə, bu sizə qarşı haqsızlıq deyilmi?

- Mükafat üçün yazmırıq ki…

Adam var ki, bekardı, birdən yadına düşür ki, məşhur olmaq lazımdır, ona görə yazır. Adam var ki, işi-gücü başından aşır, ürəyinə hökm edə bilmir. Nazim Əhmədli nə üçün yazır?

- Allah rəhmət eləsin. Bizim bir şairimiz vardı - Ağa Laçınlı şeirlərindən birində belə deyib:

Qazıb çıxarmazlar əsl bulağı,
Bulaq şırıl-şırıl qaynayıb gələr.

Əgər istedad şırıl-şırıl qaynayıb gəlmirsə, kainat tərəfindən vergisi yoxdursa, zorla nə yazsa da, uğuru olmayacaq.

Doğrudanmı ədəbiyyat bədbəxtlik gətirir?

- Baxır kimə?

Yəni, ədəbiyyatda xoşbəxtliyinizi tapmısınız?

- Ədəbiyyatda xoşbəxtlik yazıçının oxucularının olmasıdır. İstər oxucu yüz nəfər olsun, istər bir milyon. Əsas odur ki, səviyyəli oxucu olsun.

Hekayə də yazırsınız, şeir də. Nə əcəb roman yazmırsınız?

- Hələ ki iri həcmli əsər yazmaq fikrim yoxdur. Yazsam da avtobioqrafik roman yazacam.

Deməli, müharibədə gördüklərinizi yazacaqsınız?

- Daha nə yazsam, oxuyacaqsınız.

Bəyaq dediyiniz kimi alın yazısı yoxdursa, onda insan insanın taleyini necə oxuya bilər?

- İnsan gələcəyini yaratmaq istəyirsə, bugün səhv eləməməlidir. Səhv edirsə, deməli, alın yazısı bərbad olacaq.

Siz səhv nəyə deyirsiniz? Hamımızın səhvi var.

- Belə izah edim, yuxarı yaşa çatanda oturub fikirləşirsən ki, mən bu səhvi filan vaxtı niyə elədim? Eləməsəydim, həyatım belə olardı. Həyatda tək canını qorumaq üçün yaşamırsan. Getdiyin yerdə bilmədən qarışqanı tapdalayırsan. O qarışqa canlıdır, axı. Sənin kimi. Sən də gərək elə hərəkət edəsən ki, səni tapdalamıyalar. Elə əməllərlə məşğul olmalısan ki, gələcəkdə qarşına çıxmaya. Çünki təsir əks təsirə bərabərdi. Mənfi düşünəndə, mənfi enerjiylə yaşayanda, qarşıda mütləq səni fəlakətlər gözləyəcək. İnsan sevgiylə yaranıb. Əgər uşaq sevgidən yaranırsa, gözəl düşüncələri, gözəl həyatı olur, ən əsası, dünya üçün xeyirli insan olur. Amma münasibətdə sevgi, ehtiram yoxdursa, saxtalıq varsa, o uşağın taleyi müəmmalıdır. Etdiyimiz yaxşı-pis hərəkət uşaqların genində öz təsirini göstərir.

Bəs, kişilər nə üçün ağıllı qadınlardan qorxur?

- Heç vaxt ağıllı kişi ağıllı qadından qorxmaz. O cümlə ağılsız və axmaq kişilərə aiddir. Unutmayın, hər uğurlu kişinin arxasında ağıllı qadın dayanır.

Qarabağ müharibəsi, sonra aprel döyüşü neçə-neçə dəyərli, mərd oğlanları əlimizdən aldı. Neçə döyüşçü sağlamlığından oldu. Və neçə qız ata evində qarıdı, uğurlu kişinin arxasında dayanmış ağıllı qadın olmaq onlara qismət olmadı. Bir tərəfdən də mentalitet deyirik. Qismətləri torpaq altında yatan qızlara mentalitet niyə kömək eləmir?

- Əgər ölkədə kişilərin miqrasiyası başlayırsa, qadınlar bədbəxt olur.

Hacılarımız lilyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neyləyərdin, İlahi ( M.Ə. Sabir)

İş yoxdursa, şərait yoxdursa, bədbəxtlik qaçılmazdır. Rusiyada nə qədər kişilərimiz işləyir, arvadları burdadı. Bu da ailə balansının pozulmasına gətirib çıxardır. Mənim sözümü insanlar birmənaya yozmasınlar. Qız 30 yaşından sonra da ailə qursa, xəstəliyi mütləq tapacaq. Mentalitetin müəyyən çalarları var ki, düzgün deyil. Bunun qarşısını almaq üçün əvvəlcədən yüksək təhsilimiz olsun. Əgər bir qardaş öz bacısını evdən çölə buraxmırsa, yaxud öz nişanlısıyla gəzməyə getməyə qoymursa, buna nə ad qoymaq olar? Sivil cəmiyyətdə belə olmur.

Bunun üçün dünya görüşü olmalıdır.

- Sözsüz. Adi televizorda bir xanım qısa geyinib gəlir, yazırlar "dəhşət". Bu düşüncəni, bu təfəkkürü anlamıram. Çıx şəhərə, hər kəs qara geyinir. Amma 60-70 yaşında bir adam rəngli geyinəndə, deyirlər ayıbdı, yaşına uyğun geyin. Niyə axı? Cəmiyyəti korlayan bu cür düşüncələrdi.

Sadaladığınız fikirlər təhsilimizin pis gündə olmasının nəticəsidir.

- Sovet təhsil sistemi çox gözəl idi. Kaş məhv olmazdı. Mən təhsilindən danışıram, sovet hökümətini tərifləmirəm. İndi birinci sinifin uşaqlarına yazığım gəlir. Dörd-beş kiloqramlıq çanta çiyinlərində məktəbə gedirlər. Dərsliklər 7 yaşlı uşağın dərk eləmədiyi səviyyədədir. Təhsilimizdə islahatlar aparmaq lazımdır. Mən Finlandiyada bir-neçə məktəbdə oldum. Təhsil sistemi çox güclüdür, onların təcrübəsindən istifadə etmək pis olmaz. Bu bizim yox, təhsil nazirliyinin işidir. Düzdür, bunlar zamanla öz həllini tapacaq. Yəqin gələcəkdə bu sahədə də müsbət nəticələr olacaq..

Nazim bəy, zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Mən də təşəkkür edirəm və sizə uğurlar arzulayıram.

Söhbətləşdi: Şəfaqət Cavanşir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi