azia.az
azia.az

Sənin gözlədiyin başqa adamdı, Xanım, mən keçən il payızdan öldüm

10-02-2019, 10:21

Ayaz ARABAÇI
Sənin gözlədiyin başqa adamdı, Xanım, mən keçən il payızdan öldüm
Düzəlməyən nə vardısa

Bir gün qəfil atışmağı saxladıq,
Aramızda bir barışıq düzəldi.
Düzəlməyən nə vardısa birbəbir,
Ucdantutma eşq qarışıq düzəldi.

Neçə-neçə zəli vardı bu işdə,
Bir də məntək dəli vardı bu işdə..
İlahinin əli vardı bu işdə,
İşlərimiz şıqdan da şıq düzəldi.

Nə kmsəyə boyun əydik,yarındıq,
Nə kimsədən fürsət qapıb barındıq,
Bir sevdada durulandıq,arındıq,
Bu bər-bəzək,yar-yaraşıq düzəldi..

Nə pul vardı,nə ev vardı,nə lələ,
Dedim qorxma,nolar-olar,gəl hələ,
Qoşub getdik,üfüqlərə,əl-ələ,
Yolumuza yaşıl işıq düzəldi..

Zilini-zil,bəmini də bəm etdik,
Ruhumuzu bir mağarda dəm etdik..
Başımıza dost-tanışı cəm etdik,
Bir dənə də pulsuz aşıq düzəldi.

Həm qışından,həm yazından alındı,
Çox şükür ki,ən azından alındı,
Bu xoşbəxtlik it ağzından alındı,
Bu səadət qaşıq-qaşıq düzəldi.

Sevincimiz gör neçə qat böyüdü,
Gündən-günə təsərrüfat böyüdü,
Və xülasə,təfərrüat böyüdü,
Yavaş-yavaş oğul-uşaq düzəldi…

Nə xoş halıma ki,o qızdan öldüm

Yüz dəfə öpənlər necə dözürlər,
Öpdüm bircə dəfə ay üzdən öldüm.
Hələ heç qəbrimə gedib çatmamış,
Bir də bir pay gəldi pay üstən öldüm.

Dayandım yanaşı,çiyinbəçiyin,
Aldım müşkün iyin-ənbərin iyin,
Sonra o ləzzətin,o şirinliyin,
Üstümə gəldiyi faizdən öldüm..

Ruhumun canımda həbsi dayandı,
Qapıma həsrətin qəbzi dayandı..
Qəfildən adımın nəbzi dayandı,
Neçə dildən öldüm,ağızdan öldüm..

Oldum Sibir-Sibir o eşqə sürgün,
Buzladım içində ən isti kürkün,
Bir məktub yolladı,bir məktub,bir gün,
Aldığım o qara kağızdan öldüm..

Gördüyün bu məzar bəylik odamdı,
Ağlama,göz yaşın qəlbimə damdı,
Sənin gözlədiyin başqa adamdı,
Xanım, mən keçən il payızdan öldüm.

Oğul cəngdən ölür,ər cəngdən ölür,
Ölənlər öləndə gerçəkdən ölür,
Adamlar infarktdan,xərçəngdən ölür,
Nə xoş halıma ki,o qızdan öldüm…

Elə mən də sizintək

Ram olubdu əlimdə bu bazarın nırxı ram,
Köhnə dəyirman kimi öz işimdə xırxıram,
Əlimə yumurta da düşsə tutub qırxıram,
Elə bilməyin təkcə daşdan pul çıxardıram.

Mənim əlimnən olur harda nə qəza varsa,
Versin də verə bilsə haqq mənə cəza varsa,
Yükləmişəm birbəbir kimdə nə əza varsa,
Dildən, gözdən, dodaqdan, qaşdan pul çıxardıram..

Bax bu sərvət,bax bu var neçə ağız bağladıb,
Dövranımı sürürəm təkərini yağladıb..
Əlimə kim keçirsə anasını ağladıb,
Gözlərindən süzülən yaşdan pul çıxardıram..

Toplanıbdı canımda pisliyi min murdarın,
Ətrafımda yallanan köpək harın,qurd harın,
Başınızı bişirdim, mələməyi qurtarın,
Bir pavilyon açmışam, xaşdan pul çıxardıram..

İşim bərkə düşəndə dəyişirəm tez valı,
Bir sürü qulbeçəm var qaraküyçü,lezvalı,
Asan başa gəlmir ha köpəyoğlunun malı,
Elə mən də sizintək daşdan pul çıxardıram..

Öldürüb qurtardı bu təklik məni

Qanadım yoxdu ki,bu dərdin üstən,
Bir dəfə quş kimi səkim,qurtarsın.
Sənin həsrətini harda azdırım,
Başımdan hayanda əkim,qurtarsın.

Etmə hər yetənə ətəklik məni,
Elə bal eşqinə pətəklik məni,
Öldürüb qurtardı bu təklik məni,
Mən necə eləyim təkim qurtarsın.

Yazığın gəlmirmi,Allaha,mənə,
Çox baha oturdun,çox baha mənə,
Deyirsən üz tutma sən daha,mənə,
Məni bu ağrıdan bə kim qurtarsın.

Uğradım qədərim-qəzam nədisə,
Yaşadım dərd-vərəm,cüzam,nədisə,
Kəs mənə biryolluq cəzam nədisə,
Mən də adam kimi çəkim qurtarsın..

Tutulmuş gözümə zövqü-səfa ver,
Son sözü yenə də gəl,insafa ver,
Mənə əllərinlə özün şəfa ver,
Qoyma bu yaranı həkim qurtarsın..


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi