azia.az
azia.az

Yalnız özü üçün yaşamayan 68 yaşlı professor

14-01-2019, 09:52

Azia.az xəbər verir ki,Onu şəxsən tanıyanda düz 60 yaşı vardı. Onadək qiyabi tanıyırdım, müsahibələrini oxumuşdum, bir də barəsində yaxşı sözlər eşitmişdim: “Vətənpərvərdir”, “Hüquq sahəsində peşəkardır”, “Xeyriyyəçidir”, “Putinin tələbə yoldaşı və yaxın dostu olan yeganə azərbaycanlıdır” kimi fərəhləndirici ifadələrin söylənməsinə “qulaq şahidi” olmuşdum.

Heç şübhəsiz, artıq çoxlarınız bildiniz söhbətin professor İlham Rəhimovdan getdiyini.

Bu il yanvarın 14-də artıq 68 yaşını tamamlayır professor...

Psixoloqlar deyir ki, insanı ilk dəfə görüb tanıyanda, ünsiyyətdə olanda hansı təsiri bağışlayırsa, həmişəlik də yaddaşında elə qalır, sonralar daha fərqli keyfiyyətləri üzə çıxsa da. 2011-ci ildə İlham Rəhimovla ilk görüşümüzdə o, məndə son dərəcə səmimi, sözün yaxşı mənasında sadəliyi ilə seçilən bir şəxs və çox savadlı, humanitarlığı prioritet seçən hüquqşünas təəssüratı yaratdı.

Axı, biz müəyyən mənsəb sahiblərinin belə səmimi, sadə davranışlara necə deyərlər, acıq! Hətta gəncliyimizdə bizimlə bərabər əsgər yoldaşı, tələbə yoldaşı, müxbir həmkarı olan onlarla yaxınlıq etdiyimiz insanlar olub ki, balaca bir vəzifəyə getdikdən sonra haradasa rastlaşanda yanından sanki səni tanımırmış kimi keçib gedib: üstəlik, bunlar o adamlardır ki, nə yüksək elmi nailiyyətləri var, nə milyonları, nə də adları “Forbes” jurnalında keçir.

Bu nailiyyətlərin daşıyıcısı olan İlham Rəhimov isə sanki səninlə illərin yaxını kimi səmimi davranır və sən onu artıq ilk ünsiyyətdən dost sayırsan özünə. Sonralar da yanılmadığını anlayırsan.

Demək bəlkə də yersizdir, hansısa dar məqamımızda umduqlarımız, zaman-zaman yaxşılıqlarımız keçən, uğrunda fədakarlıq etdiklərimiz zənglərimizə cavab vermədiyi halda, bu çətinlikdən xəbər tutduqda professor Rəhimov bir mesaj yollayıb: “Narahat olma, həll etdik”!

Bu, şəxsimizə münasibətdəki fərdi, dost davranışı ilə bərabər, onun xarakteridir. Məsələn, qəzetdə elanda rastına çıxır ki, hansısa bir körpənin, yaxud yetkin, amma çarəsiz birinin əməliyyata, yardıma ehtiyacı var. Həmən köməkçilərinə o körpəyə, yaxud da elə böyük adama yardım göstərmək haqda tapşırıq verir.

Xeyriyyəçilik əlbəttə, bir missiyadır. İlham Rəhimov da bu missiyanın daşıyıcılarındandır. Bildiklərimi sadalaya bilərəm yalnız: Bir neçə yüz ürək qüsurlu uşağı xaricdə əməliyyat etdirməsi, onlarla şəxsin digər səhiyyə xərclərini ödəməsi, onlarla tələbənin təhsil haqqını ödəməsi, bir neçə kəndə su çəkdirməsi, xəstəxana tikdirməsi, həkimlərə ikinci maaş verməsi yaddaşımda olanlardır. Əlbəttə, bilmədiklərim də xeylidir...

Elm sahəsindəki fəaliyyəti barədə isə əminliklə demək olar ki, o, hüquq elminə böyük töhfələr verib. Onun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı elm adamları arasında geniş maraq doğurub. Bu səbəbdən dünyanın bir sıra dillərinə tərcümə olunub və hüquq ədəbiyyatı kimi mənimsənilir, universitetlərdə dərslik kimi istifadə olunur.

Qısaca qeyd edə bilərəm ki, kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb.

Bəlli, həyat əsasən fəlsəfə üzərində qurulduğundan cinayət və cəza məsələlərinə də bu aspektdən yanaşılması hüquq sahəsinin adamları üçün çox əhəmiyyətli materialdır...

Onun hüquq sahəsindəki nailiyyətlərinin ən yüksəklərindən biri də erməni zabitini öldürdüyünə görə Macarıstanda ömürlük həbs edilmiş Ramil Səfərovun ölkəmizə verilməsində, azadlığa çıxmasında göstərdiyi xidmətidir. Bunu Macarıstandakı diasporumuzun lideri Ramiz Əmirli də dəqiq bilir. O, proseslərin canlı şahididir...

Professorun özündən bu barədə dəfələrlə danışmasını xahiş edəndə təvazökarlıq edib, qısaca deyib: “Bu məsələni cənab İlham Əliyev həll edib, mən sadəcə prezidentimizin tapşırığı və razılığı ilə işin hüquqi tərəfləri ilə məşğul olurdum”...

Ümumən özü haqda, ölkəmiz adına, insanlarımız üçün gördüyü işlərdən danışmağı sevmir. Bir qayda olaraq təkcə özü üçün yaşamayan adamlar birinci şəxsin təkində danışmağı sevmir...

Yeri gəlmişkən, maraqlı cəhətlərindən biri də onu haqlı-haqsız tənqid edənlərə də qapısını açıq saxlamasıdır. 3 il öncə saytlardan biri onun barəsində haqsızcasına, qərəzli bir yazı dərc etmişdi. Bəs professor neylədi? Həmin yazının müəllifinə telefon açıb, görüşə çağırıb geniş müsahibə verdi. Jurnalistin bütün - hətta sərt suallarını da çox səbirlə, təmkinlə cavablandırdı.

Burada bir məqamı da qeyd edim: bəzən siyasi-ictimai çevrədə olan şəxslər qərəzli şəkildə, bəlkə də qərəzli deyil, bilməzlikdən İlham Rəhimov haqda “Rusiya prezidenti Vladimir Putinlə dostluğundan Azərbaycanın dövlət maraqları üçün istifadə edirmi” kimi iddialar səsləndirirlər.

Bunu dəqiq bilmək istəyirsinizsə, qərəzli deyilsinizsə, azacıq araşdırma aparın, heç nəyə də gücünüz çatmasa, gəlin özü ilə oturub səmimi bir söhbət edin, dövlət üçün hansı çabaları göstərdiyini, Rusiyadakı nə qədər soydaşımızın problemlərinin həllinə dəstək olduğunu biləcəksiniz...

Qısa şəkildə belə ifadə etmək olar onun ömür yolunu: Fəxr ediləsi bir soydaşımızdır İlham Rəhimov. Çox azdır belə insanlarımız. O, çoxlarından fərqli olaraq, yalnız özü üçün yaşamır. Qədrini bilək...

Təbrik edirəm, professor! Ürəyiniz istəyən qədər yaşayın!
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi