azia.az
azia.az

ƏLİM, DİZLƏRİMƏ NİYƏ DÖYÜRSƏN

25-01-2020, 17:12

İlham Qərəman

ƏLİM, DİZLƏRİMƏ NİYƏ DÖYÜRSƏN


Həyətdə bitən göyəm,
bostana gələn su arxını...
Bir yandan qırxlıq,
o biri yandan qoyun qırxını...
Əlim, dizlərimə niyə döyürsən?!
Nə yatan kimi yatanam,
nə oyaq tək oyaq.
Nə ölü kimi ölüyəm,
nə də sağ kimi sağ...
Əlim, dizlərimə niyə döyürsən?!
Baxıram özümə - məəttəl qallam,
bu adam mənəmmi, bu aynadımı?!
40 günün acı da mən ola bilməz,
bir belə içimi yedim doymadım.
Əlim, dizlərimə niyə döyürsən?!
Hərdən sağa-sola yayındırıram
neyləyim gözlərim nəmli yerdədi.
Səni də qınamaq olmur hardasa -
bilirəm dizlərim çəmli yerdədi
Əlim, dizlərimə niyə döyürsən?!
İçim dəniz kimi, sözlər balıqdı, -
sahilə çıxırlar sətirlər məndən.
Baxdılar bir dərdə dərdkar deyiləm
yüzillik dərdlərim gedirlər məndən.
Əlim, dizlərimə niyə döyürsən?!
Gəldi xəyalıma bu axşam çağı -
yazda Həkərinin axması düşdü.
Bir dosta söz dedim süfrə üstündə
ağladı ağzından loxması düşdü.
Əlim, dizlərimə niyə döyürsən?!
Əldən qaçırtmışıq bəxt deyiləni
daha indən belə hara yüyürək?!
O qədər dərd çəkdi döyənək oldu,
ya çöllərin daşı, ya da bu ürək...
Əlim, dizlərimə niyə döyürsən?!
Bir ahıl ah çəkir yönü dağlara
ahılın həsrəti, o ahı nədi?!
Nə olsun dizlərim əl çatan yerdi
əlim, dizlərimin günahı nədi?!
Əlim, dizlərimə niyə döyürsən,

23.01.2020


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi