azia.az
azia.az

AZƏRBAYCAN TƏHSİLİ VƏ ELMİNİN MÜASİR PROBLEMLƏRİ

31-05-2019, 13:58

AZƏRBAYCAN TƏHSİLİ VƏ ELMİNİN  MÜASİR PROBLEMLƏRİ
QAZAX RAYON İCRA HAKİMİYYƏTİ ,AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ, AMEA FOLKLOR İNSTİTUTU, BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI
Qazax müəllimlər seminariyasının 100 illik yubileyinə həsr edilmiş “AZƏRBAYCAN TƏHSİLİ VƏ ELMİNİN MÜASİR PROBLEMLƏRİ” mövzusunda Beynəlxalq elmi konfrans 25 may tarixində Qazax şəhərində keçirilmişdir.
Qazax müəllimlər seminariyasının 80 illik yubileyi ərəfəsində Ulu Öndər Heydər Əliyev Qazax Seminariyasının tarixi əhəmiyyətini xüsusi vurğulamışdı: “Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir”.
AZƏRBAYCAN TƏHSİLİ VƏ ELMİNİN  MÜASİR PROBLEMLƏRİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 noyabr 2018-ci il tarixində Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haq-qında sərəncam imzalamışdır.

Cümhuriyyətimizin ilk günlərində böyük ziyalı Firidun bəy Köçərlinin sayəsində bu təhsil mü-əssisəsinin Qoridən Qazaxa köçürülməsi, müstəqil dövlətimiz üçün müəllim kadrları hazırlayan ilk təhsil ocağının fəaliyyətə başlaması nəsillərə nümunə olacaq tarixi hadisədir. Qazax Müəllimlər Se-minariyası öz təhsil və təlim modelinə görə Azərbaycana Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədqulu-zadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori Seminariyasının varisi idi. Qürurverici haldır ki, bu varisliyi Qazax Seminariyası layiqincə doğrulda bildi. Bu təhsil məbədi Azərbaycana Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli,

Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimləri vermişdir.
AZƏRBAYCAN TƏHSİLİ VƏ ELMİNİN  MÜASİR PROBLEMLƏRİ
Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub.
AZƏRBAYCAN TƏHSİLİ VƏ ELMİNİN  MÜASİR PROBLEMLƏRİ
Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, AMEA-nın Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə Azərbaycanda təhsilin və elmin müasir problemləri, təhsilə vurulan zərər, elm-təhsil siyasətinin inkişafı, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazağa köçürülməsi səbəbləri, və s. məsələlərin müzakirəsi ilə bağlı 25 may 2019-cu ildə “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Reynəlxalq Elmi Konfrans keçirilmişdir. Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfransda Respublikamızın müxtəlif elm və ali təhsil müəssisələrinin Türkiyə dövlətindən, Borçalıdan, Bakı, Gəncə, Mingəçevir, Şəki, nümayəndələri iştirak etmiş, 60-dən artıq məruzə dinlənilmişdir.
Konfransı giriş nitqi ilə Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov açmış, konfransa qatılan qonaqları salamlamış, Azərbaycan elmində və təhsilində baş verən problemlərdən və yeniliklərdən bəhs etmişdir. AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov konfransın əhəmiyyəti, təhsildə qorunan, Azərbaycanda milli mədəni dəyərlərə dövlət qayğısından bəhs etmişdir. Təhsil məbədi olan Qazax Müəllimlər Seminariyasının Azərbaycana bəxş etdiyi Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimlərdən danışmışdır.
Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov da Azərbaycanın sosial-mədəni inkişafının gələcək taleyini gənc elm adamlarına bağlayaraq sözügedən məsələnin ən aktual problemlərdən olduğunu vurğulamışdır.
Azərbaycan Dillər Universitetinin nümayəndəsi, dosent Misgər Məmmədov da gənclərin elmə, tədqiqatlara istiqamətlənmək prosesinin başlandığından, elmə ciddi həvəs göstərənlərin çoxalması və bu istiqamətdə müvafiq qurumların dəstəyindən bəhs etmişdir.
Plenar iclasda həmçinin professor Hüseyn Xəlilov “BDU-nun Qazax filialı Qazax Müəllimlər Seminariyasının varisliyi yolunda”, professor Cəlal Qasımov “Qori Seminariyasının repressiyaya məruz qalmış məzunları”, professor Ərdoğan Altınkaynak “İndekslerde taranan dergilere ait kriterler
ve akademik yayıncılık göstergeleri”, professor Mahmud Kamaloğlu “Qori Müəllimlər Seminariyasının Borçalı məzunları”, professor Şahamettin Kuzucular “Azerbaycana armağan Eşref bey ile Zühre han” adlı məruzələr etmişlər.
Konfransın plenar iclası başa çatdıqdan sonra iştirakçılar Qazax rayonu ilə tanış olublar. Qazaxda qonaq olan konfrans iştirakçılarının ilk tanış olduqları ünvan Qazax Tarix-Diyarşünaslıq Muzeyi olub. Muzeylə tanışlıq qonaqların böyük marağına səbəb olub. Muzeyin direktoru Gülnaz Alişanova Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının Respublika Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il oktyabrın 19-da açılışı olduğu barədə məlumat verib. Muzey barədə ümumi məlumat verilib, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri nümayiş etdirilib. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan diplomatlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.
Sonra qonaqlar "Fəxri qazaxlılar” parkında olublar. Burada qonaqlara büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun və ətraflı məlumatlar verilib. Qeyd olunub ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Ölkə Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalanıb. Həmin Sərəncama əsasən yubiley tədbiri ilə əlaqədar hazırlıq işləri aparılır və silsilə tədbirlər keçirilir.
Qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını da ziyarət ediblər. Bildirilib ki, Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə "20 Yanvar" hadisələrindən sonra "20 Yanvar" şəhidlərinin xatirəsinə tikilib. 2011-ci ildə yeni layihəyə uyğun olaraq "Şəhidlər xiyabanı" abidə kompleksində yenidənqurma işlərinə başlanılıb və 19 yanvar 2012-ci il
tarixdə istifadəyə verilib. 2017-ci ildə xiyabanda yenidən əsaslı təmir işləri aparılıb, şəhidlərin adı və şəkli əks olunmuş lövhələr vurulub. Qeyd olunub ki, bu gün Qazax rayonunun 280 nəfərdən çox şəhidi, 7 nəfər Milli Qəhrəmanı var.
Qazax Müəllimlər Seminariyası ilə tanış olan konfrans iştirakçıları bu tarixi məkandan xoş təəssüratlarla ayrılıblar.
Daha sonra konfrans iştirakçıları Ədəbiyyat Muzeyi ilə tanış olublar olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə tanış olan konfrans iştirakçıları burada şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatlar əldə ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzey haqqında ətraflı məlumat verib.

Sonra konfrans Bakı Dövlət Universitetinin Qazax filialında 8 bölmədə öz işini davam etdirmişdir. Bölmə iclası bitdikdən sonra akademik Muxtar İmanov, professor Cəlal Qasımov, dosent Misgər Məmmədov, dosent Arif Rüstəmov iştirakçılara təşəkkür bəlgələri təqdim etmişlər.

Qazax aşıqlarından ibarət konsert və Qazax şəhərinin milli-mənəvi dəyərlərinə aid sərgi nümayiş etdirilmişdir. Konfrans iştirakçıları Qazaxla tanışlıqdan xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər.

İlhamə Qəsəbova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi