azia.az
azia.az

"Hadruta hücum əməliyyatları başlaya bilər" - AÇIQLAMA

18-08-2021, 15:41


“Rusiyanın Qarabağda yaşayan etnik ermənilərlə bağlı planları Azərbaycanın ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid etməkdədir. Rusiyanın bu mövqeyi ondan ibarətdir ki, Qarabağda Azərbaycana təzyiqlər edərək, münaqişəni davam etdirsin. Və Azərbaycan Rusiyanın Qarabağ siyasəti ilə barışsın”.
"Hadruta hücum əməliyyatları başlaya bilər" - AÇIQLAMA
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, məhz Sergey Lavrovun Qarabağa beynəlxalq təşkilatları iş görməyə dəvət etməsi, demək olar ki, hər həftə Rusiya sülhməramlı qüvvələrinin ağır silahlarla mütəmadi təlimləri birbaşa Azərbaycanı təhdid edir.

“Rusiya sülhməramlı qüvvələrinin minaatan və digər artilleriya vasitələri ilə təlimləri əsasən, Azərbaycanın anti-terror əməliyyatlarının qarşısını almağa hesablanıb. Demək olar ki, Rusiya Qarabağda yaşayan erməniləri bütövlükdə silahlandırır, gənclərə hərbi dərslər keçərək düşmənçiliyi körükləyir. Halbuki, bu, üçtərəfli Bəyannamənin 7-ci bəndində ziddir. Çünki bu bəndə uyğun olaraq azərbaycanlılar Xankəndi, Ağdərə və Xocavəndə qayıtmalıdır. Qarabağda hər ailəyə silah paylayan və gənc erməniləri silahdan istifadə etmək bacarığını öyrədən Rusiya sülhməramlı qüvvələri bununla azərbaycanlıların bu ərazilərə qayıtmasının qarşısını almaqla yanaşı, burada sülh deyil, müharibəni təbliğ edir.

Qeyd edim ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin muavinləri səviyyəsində üçtərəfli komissiya öz işinə başlayıb. Bu komissiyanın işi Minsk qrupunun işi kimi olacaq. Ermənistan və Rusiya vaxt qazanıb, Qarabağda Ermənistan silahlı qüvvələrini yerləşdirib, Hadruta hücum əməliyyatları başlaya bilər. Ona görə də Ermənistan silahlı qüvvələri Qarabağa gətirilir və Rusiya buna şərait yaradır.

Bu gün Rusiya və Ermənistanın planı budur. Ona görə də Laçın dəhlizinə nəzarət olmadan, erməni silahlı birləşmələri Qarabağı tərk etmədən bu danışıqlar effektli olmayacaq. Rusiya və Ermənistan sülh üçün addımlar atmayacaq. Üçtərəfli komissiyanın işi Azərbaycanı növbəti dəfə öz hədəfindən yayındırmaqdır. Azərbaycan anti-terror əməliyyatlarına hazır olmalı və preventiv addımlar atmalıdır. Prezident İlham Əliyev ötən gün CNN Turk kanalına verdiyi müsahibədə anti-terror əməliyyatlarının mesajını vermişdi”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Natiq Səlim,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi