azia.az
azia.az

“Toylarla bağlı qaydalar təcili dəyişdirilməlidir!” - Deputatlardan çağırış

28-06-2021, 17:44


“Covid-pasportu tələbi ləğv edilsin, stolda 5 deyil, 10 nəfərin əyləşməsinə icazə verilsin...”
Artıq bir neçə gündən sonra, iyulun 1-dən etibarən ölkədə toyların keçirilməsinə icazə veriləcək. Operativ Qərargah artıq bununla bağlı şərtləri elan edib. Şərtlərə əsasən toy, ad günü və digər bu kimi məclislər yalnız 50-150 nəfərin iştirakı ilə keçirilə bilər. Bununla belə, yaşı 18-dən yuxarı olan qonaqların hamısı mütləq şəkildə koronavirusa qarşı tam peyvənd olunmalı və ya virusdan sağalaraq, immunitetə malik olmalıdır. Daha bir şərt, məclisdə stollar arasında məsafə gözlənilməli və hər stolda 5 nəfərdən çox şəxsin əyləşməsi qadağandır.
“Toylarla bağlı qaydalar təcili dəyişdirilməlidir!” - Deputatlardan çağırış
Göründüyü kimi, toyların keçirilməsinə icazə verilir, amma ağır şərtlərlə. İl yarımdan çoxdur ki, bu günü səbirsizliklə gözləyən toy sahibləri artıq dəvətnamələri paylamağa başlayıb. Lakin dəvətnamələrdəki qiymətlər “əl yandırır”. Məlum olur ki, şadlıq sarayları bütün xərcləri 50-150 nəfərin arasında bölüşdürmək üçün adambaşına azı 200 manat tələb edir, hansı ki, bu qiymətə pandemiyadan əvvəl ən lüks restoran və şadlıq saraylarında rast gəlmək olurdu. Əlbəttə ki, indiki dövrdə çox az insanın bu qiymətə imkanı çatır. Nəzər alsaq ki, il yarımdır ki, toylar keçirilmir və insanlar ay ərzində bir neçə yaxınlarının toyuna dəvət ediləcək, bu cür qiymətlər orta statistik ailələrin belə, büdcəsi üçün uyğunsuzdur.

Nəticədə insanlar arasında narazılıq yaranıb və hər kəs toyla bağlı tələblərə yenidən baxılmasını tələb edir.

Bəs deputatların bu məsələdə mövqeyi necədir? Onlar bununla bağlı hökumətə hər hansı çağırış etməyi düşünürlərmi?

Millət vəkili Razi Nurullayev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi:



“Məlum məsələdir ki, toyların keçirilməsi ilə bağlı meyarlar kifayət qədər sərtləşdirildiyindən şadlıq saraylarının sahibləri xeyli xərc çəkməli olurlar. Onlar da çəkiləcək xərcləri toy sahibinin üzərinə qoyurlar. Təbii ki, nəticədə adambaşına 200-250 manata gəlib çıxır. Hansı ki, zamanında bu cür məbləğ Bakının ən bahalı, lüks restoranlarında olurdu, digər restoranlar isə menyunu 35-50 manatdan təklif edirdi.

Axı insanlar adambaşına 200-250 manat vermək iqtidarında deyillər. Daha bir məsələ, gələn qonaqlardan Covid-pasportu tələb olunacaq. Belə çıxır ki, əgər bəyin qardaş-bacısının Covid-pasportu yoxdursa, o, toya buraxılmayacaq? Toy axı şənlikdir. Bunu qanunla da əsaslandırmaq olmayacaq və insanlar məsələnin daha çox yazılmayan, mənəvi tərəfini əsas tutacaqlar, hansı ki, bu da bizim milli-mentalitetimizdən irəli gəlir və onu da dəyişmək iqtidarında deyilik. İnsanlar Covid-pasportu olsa da, olmasa da toya gələcək, lazım olsa “qapı-pəncərədən” girəcək, amma sonda onun cibini “soyacaqlar”. Şadlıq evi toy sahibinə deyəcək ki, Covid-pasportu və digər məsələlər mənim, adambaşına 200-250 manatdan yığmaq sənin boynuna. Nəticədə rüşvət məsələsi ortaya çıxacaq. Hesab edirəm ki, toylarla bağlı qərarların bu cür verilməsi insanların maraqlarına ziddir, həm də ki, hökumətin nəzərdə tutduğu məsələləri dayandırmayacaq, əksinə onu daha da sürətləndirəcək və insanları daha da narazı salacaq. Bu haqda Milli Məclisdə də fikir səsləndirildi.

Əvvəl də, indi də bildirirəm, bu cür meyarların toylara tətbiq edilməsi düzgün deyil. Ona görə də düşünürəm ki, toylara qoyulan tələblərə mütləq şəkildə yenidən baxmaq lazımdır. Həmçinin toylarla bağlı Covid pasportu məsələsi aradan qaldırılmalıdır, stolda 5 deyil, 10 nəfərin əyləşməsinə icazə verilsin. Hesab edirəm ki, açıq havada 200-300 nəfərlik toyların keçirilməsinə icazə vermək olar. Əks təqdirdə şadlıq saraylarına 100-150 nəfərlik toy sərf etmir”.

Millət vəkili Fazil Mustafa isə toylarla bağlı qərarları absurd adlandırdı:



“Toylarla bağlı qərarları sadələşdirmək, adicə qapıda insanların hərarətini ölçüb, maskada olub-olmamasına nəzarət etmək lazımdır. Hesab edirəm ki, toylarla bağlı qəsdən bu cür qərarlar qəbul edilib ki, şadlıq sarayları müəyyən dərəcədə bac-xərac əldə edə bilsin. Şadlıq evinin sahibi bilməyəcək ki, restoranda yeməyə baxsın, qonaqları rahat şəkildə qəbul etsin, yoxsa diqqəti ancaq Covid-pasportunun yoxlanılmasına ayırsın. Bu nə absurd qərardır? Əgər dayının, qardaş-bacının və yaxud elə gəlinin Covid-pasportu yoxdursa, o, toya buraxılmayacaq? Yəni çox mənasız, absurd düşünülmüş, korrupsiyaya yol açacaq qərardır. Bu qərarın izahını da vermək çox çətindir.

Buna görə də insanların narazılıqlarını haqlı hesab edirəm. Lakin məclisdə insanların sayının artmasına qarşıyam, buna yol vermək olmaz. Daha bir məsələ, şadlıq sarayları uzun müddət çalışmadığına görə bütün yükü müştəridən çıxmağa başlayacaq və bu da çox acınacaqlı haldır. Adambaşına necə 200 manat almaq olar? Bu başqa dövlətdə baş versəydi, insanlar etiraz edərdi. Və yaxud tələb olunur ki, onlayn qaydada qeydiyyatdan keçmək lazımdır ki, filan vaxtı filan məclisdə toyda olacam. Belə şey olar? Toylarla bağlı qərarlar təcili şəkildə dəyişdirilməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi