azia.az
azia.az

TƏMƏNNASIZ, UMACAQSIZ XİDMƏT

13-11-2020, 23:11

VÜQAR ƏSGƏROV
Araştırmaçı, ssenarist

TƏMƏNNASIZ, UMACAQSIZ XİDMƏT
Xeyirxah insanlar həmişə Allah qatında xüsusi inayətə malik olmuşlar. Onların etiqadı düzgün, niyyətləri pak və sadiq, əməlləri salehdir. Təbii ki, Allah yaxşılıq edənlərin yanındadır. Mənim düşüncəmə görə Vətənini, Xalqını sevən, ona canı-qanıyla bağlananların hər biri xeyirxah, əməli-saleh insanlardır.
“Qurani-Kərim” bu haqda buyurur: “Kim yaxşı əməl sahibi olub, özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir”. Xeyirxahlıq etmək, xalqına sədaqətlə xidmət göstərmək bizə ulu babalarımızdan bir ərməğandır. Xeyir əməllərin içində şər nə qədər ayaq tutsa da, ancaq yeriyə bilməmişdir. Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi xeyriyyəçilərin pak əməlləri ibrət və örnək olaraq günümüzədək gəlib çatdmışdır. Bir insanı sevindirmək fərd üçün nə qədər fərəhlidirsə, Allah qatında bir o qədər savab sayılır. Neçə illərdir yorulmadan Xalqına, Dövlətinə xidmət edən Məcid, Elsevər, Qurban Məmmədov qardaşları kimi... Elsevər Vətəndən uzaqda - Hollandiyada yaşamağına baxmayaraq qəlbi hər zaman yurd eşqi ilə döyünür. Var gücü ilə istər ölkədən kənar, istərsə də ölkə daxilində olan vətəndaşlarımıza kömək etməkdən qürur duyur. Qurban və Məcid qardaşları isə yorulmadan neçə illərdir imkansız ailələrin, Qarabağ müharibəsi əlilləri və qazilərinin dərdini öz dərdləri bilərək hər birinin dadına çatırlar. Onların bir amalı var: “Vətən sağ olsun, xalqımızın başı uca olsun”.
Sentaybrın 27-də Ali Baş Komandanın işğal altında olan ərazilərimzi düşməndən təmizləmək üçün verdiyi əmr - antiterror əməliyyatı bütün xalqımızı qürurlandırıb. İgid əsgərlərimizin zəfər yürüşü davam etdikcə bizi addım-addım doğma Qarabağımıza qaytarır. Bu gün hamı sevinc içində Qələbə sorağını, o üç rəngli ay-ulduzlu bayrağımızı Şuşamıza, Laçınımıza, Xankəndimizə sancılacağı günü səbirsizliklə gözləyir. Artıq o gün çatdı. Noyabırın 10-da Ali Baş Komandan Qələbə sorağını xalqımıza çatdırdı. Paytaxt küçələrində və ümumən bütün Azərbaycanda bu gün hamı Qələbə sevinci ilə yaşayır, bir-birini təbrik edərək göz aydınlığı verirlər.
Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək bu çətin və şərəfli gündə ordumuza dəstək nümayiş etdirir. Qurban Məmmədov təsis etdiyi “Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi”nin kollektivi ilə birlikdə müharibənin ilk günlərindən ordumuzun yanındadır. Onlara mənəvi dəstək olaraq ordu üçün nə lazımdırsa əllərindən gələni əsirgəmirlər. Əslində, Məmmədov qardaşları bu xeyirxah işləri hələ müharibə başlamamışdan çox-çox əvvəl görürdülər. Ehtiyacı olanlara yardım edir, əlillərimizin, eləcə də imkansızların yanında olmağa çalışırdılar.
Bu il bütün dünyanı cənginə alan koronavirus epidemiyasından ölkəmiz də müəyyən qədər zərər gördü. Xəstəliyə düçar olanlarımızın sayı artdıqca dövlətimiz ciddi addımlar atmaq məcburiyyətində qaldı. Məhz bu səbəbdən idi ki, ölkədə bir sıra müəssisələr öz fəaliyətini dayandırmalı oldu. İş yerlərinin dayandırılması təbii ki, imkansız ailələrin güzəranına təsirsiz ötüşmədi. Belə bir vaxtda yenə də Məmmədov qardaşları yardım kisəsini imkansızlar uçun açdılar. Qapı-qapı, bölgə-bölgə gəzərək minlərlə ailəyə həm maddi, həm də mənəvi dəstək olmağa çalışdılar. Bu təmənnasız, umacaqız bir yardım idi.TƏMƏNNASIZ, UMACAQSIZ XİDMƏT
Oktyabr ayında Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə düşmən tərəfindən raket hucumuna məruz qaldı. Mənfur duşmənin hiyləgər hücumu nəticəsində 27 dinc sakini qətlə yetirilmiş, 100-dən artıq soydaşımız isə ağır yaralanmışdır. Belə bir məqamda Məmmədov qardaşları yenə də həmvətənlərinin dadına çatdı. Onlara lazım olan sovqatı, hətta tibbi ləvazimatları çatdırmağı özlərinə mənəvi borc bildilər. Bərdəyə edilən hücum nəticəsində də yaralananların imdadına ilk çatanlardan idi Məmmədov qardaşları. TƏMƏNNASIZ, UMACAQSIZ XİDMƏT
İndi “ Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi” bir arzu ilə yaşayır. Tezliklə isti ocaqlarından köçkün düşən soydaşlarımız öz yurdlarına dönsünlər və onları öz yerlərində salamlamaqdan qürur duysunlar.
Var olun Vətən oğulları, bu torpaq, bu millət heç vaxt sizin etdiklərinizi unutmayacaq. İllər ötüb, nəsillər dəyişsə də sizin xeyirxah əməlləriniz dillərdə dastan olub gəzəcək oba-oba, el-el... H. Z. Tağıyevin əməlləri kimi....


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi