azia.az
azia.az

Aqil Abbas: “Rüşvətxor icra başçılarını himayə edənlər də silinib-süpürüləcək”

22-05-2020, 14:29


“Kimlərinsə təqdimatı ilə uzun müddət vəzifədə oturub dövlət vəsaitini talayanlar indi cavab verirlər”
2019-cu ilin sonu, 2020-ci ilin əvvəli bir çox məmurlar üçün qara gəlib. Xüsusən əyalətlərdə hökmdarlıq edən “firon” icra başçıları üçün bu il düşərli olmadı.
Aqil Abbas: “Rüşvətxor icra başçılarını himayə edənlər də silinib-süpürüləcək”
Bölgələrdə fermerindən sahibkarına, şəhid ailəsindən aztəminatlı ailəyə qədər insanları incidənlər, qəbuluna gələnləri qapıdan qovanlar, kobud, qaba rəftar edənlər, dövlətin ayırdığı vəsaitləri, yardımları yağmalayanlar, torpaqları qanunsuz satanlar, aylıq idarələrdən xərac yığanlar indi qanun qarşısında mühakimə olunurlar.

Son yarım il ərzində 5 icra başçı, bir neçə icra nümayəndəsi, mədəniyyət nazirinin müavini və vəzifəli şəxslər həbs ediliblər. Bu prosesin yarımçıq qalacağı ağlabatan deyil.

Gözləntilər var ki, daha irimiqyaslı antikorrupsiya əməliyyatları keçiriləcək, yüksək vəzifəli şəxslər həbs olunacaqlar.

Eyni zamanda yerli idarəetmə orqanlarında özbaşınalıqla məşğul olmuş həmin icra başçılarına himayədarlıq edənlərin də vəzifəsindən ən yaxşı halda azad olunacağı ehtimalları səslənir.

Çünki korrupsioner icra başçılarına “krişalıq” edənlər arasında Prezident Administrasiyasında, digər strukturlarda illərdir vəzifə tutan “köhnə qvardiya” üzvlərindən hələ də fəaliyyət göstərənlər olduğu bildirilir. Onlar həmin icra başçılarını qoruyur, hamilik edirdilər. Bəs onlarla haqq-hesab çəkiləcəkmi?

“Azərbaycanda korrupsiya ilə mübarizə indi başlamayıb, bir neçə ildir ki, var. ”MTN işi"ndən tutmuş rabitə sahəsinə qədər əməliyyatlar aparılıb. Yəni bu gün məmurların rüşvətə görə həbs olunması ilk hal deyil.

Sadəcə, 2018-ci ildən islahatların yeni mərhələsi start götürüb və bu əməliyyatlar həmin reformaların tərkib hissəsi kimi qiymətləndirilməlidir".

Bu sözləri “Yeni Müsavat”a deputat Aqil Abbas Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən antikorrupsiya əməliyyatları haqda danışarkən bildirdi.

Onun sözlərinə görə, kimlərinsə təqdimatı ilə uzun müddət vəzifədə oturub dövlət vəsaitini talayanlar indi cavab verirlər:

“İsi Məlikzadənin bir əsərində deyir ki, Allaha bir adam lazım olur. Allah da hamıdan yüksəkdədir, əlçatmazdır. Ona görə biz insanların üzünü görmür. Ona görə əlini atıb birini qaldırır, üzünə baxıb görür ki, axtardığı adam deyil, çırpır onu yerə.

İndi müəyyən vəzifələrdə oturanlar var, görürlər ki, adam deyil, onları yerə çırpırlar. Bu anlamda korrupsiya ilə mübarizə hələ gedəcək".

A.Abbas hesab edir ki, ictimai nəzarət olmalıdır, onu da birinci növbədə mətbuat həyata keçirməlidir. Onun fikrincə, bu məsələdə mətbuata dəstək olmaq lazımdır, çünki sosial şəbəkə ictimai nəzarəti həyata keçirə bilmir.

Deputat həbs edilən rüşvətxor icra başçılarını himayə edənlərin, Prezident Administrasiyasındakı bəzi köhnə qvardiya üzvlərinin də silinib-süpürüləcəyini açıqladı: “Aqil Abbas qəzetində dövlətin yaxşılıqlarını yazır, prezidentin tərəfindədir. Amma nöqsanları da deməliyəm.

Mən səhiyyədən elə faktlar yazmışam ki, gərək orada əməliyyat keçiriləydi. Eləcə də mədəniyyətdən yazmışam. Baxmayaraq ki, Əbülfəs Qarayevlə bir-birimizi tanıyırıq, hörmətimiz var.

Parlamentdə də Sabir Rüstəmxanlı və mən mədəniyyətlə bağlı çıxış etmişik. Bəziləri deyirlər ki, deputatlar danışmırlar. Ancaq biz həmişə nazirlərlə bağlı məsələlər qaldırmışıq".

Emil SALAMOĞLU,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi