azia.az
azia.az

Mətbuat Şurasının sədri rəqs edən müəllimə haqda yazdı:"Burada jurnalistikanın prinsipləri pozulub"

2-03-2020, 19:22


Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakı məktəblərindən birində dərs saatından kənar zamanda rəqs edən və videosu yayılan ibtidai sinif müəlliməsi haqda yazıb.
Mətbuat Şurasının sədri rəqs edən müəllimə haqda yazdı:"Burada jurnalistikanın prinsipləri pozulub"
Musavat.com xəbər verir ki, Ə.Amaşov sosial şəbəkədəki statusunda bu məqamı təhlil edib: "Baxıram jurnalist həmkarım Afaq Vasifqızı vacib məsələyə toxunub. Söhbət məktəb müəlliməsinin bir neçə gün öncə yayılmış və müzakirəyə səbəb olmuş video-görüntüsündən gedir. Mən də belə düşünürəm ki, müəllimənin hərəkətini hansısa tərzdə qınağa çəkmək istəyənlərin, bu istiqamətdə əsaslandırmalar aparanların baxışı yanlışdır.

Video-görüntünün yayılmasına gəldikdə, əlbəttə, məsələyə münasibət müəllimənin özündən asılıdır. Onun lokal çevrə üçün hazırladığı görüntünün yayılmasını şəxsinə qarşı yolverilməz hərəkət kimi qəbul etməsi mümkündür. Yəni müəllimə məsələni məhz o səpkidə mübahisələndirə və müvafiq tədbirlərin həyata keçirilməsinə cəhd göstərə, hətta nail ola da bilər.

Bəs belə bir video-görüntü medianın diqqətini nə dərəcədə çəkə bilər? Ümumiyyətlə çəkə bilərmi? Media sosial şəbəkələrdə yayılmış, yaxud da əlinə düşmüş hər hansı video-görüntünü xəbər kimi təqdim etmək istəyərkən hansı norma və prinsipləri qorumalıdır? Düşünək ki, hansısa xəbər saytı üçün müəllimənin sinif otağındakı rəqsi maraqlıdır. Biz deyə bilmərik ki, maraqlı olmamalıdır. Ancaq sayt bu marağının belə deyək, peşəkarlıqla uzlaşması üçün nə edib? Mənə elə gəlir ki, əsas məsələ budur...

Və görünən də budur ki, heç nə etməyib. Yəni müəllimənin özünün xəbəri olmayıb ki, müəllim həmkarları üçün çəkdiyi, haradasa zarafata hesabladığı görüntü media orqanında yayımlanacaq. Demək ki, jurnalistikanın prinsipləri pozulub. Görüntünün yayılmasında məqsəd sağlamlıq və təhlükəsizliyin qorunması, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, cəmiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması deyil.

Nəhayət, sonda bir məqama da diqqət etmək istərdim. Əlbəttə, baxışlar müxtəlifdir. Bir daha deyim, müəllimənin hərəkətini hansısa tərzdə qınağa çəkmək istəyənlərin, bu istiqamətdə əsaslandırmalar aparanların baxışını yanlış sayıram. Bu mənim fikrimdir. Məcbur deyil ki, kimsə bölüşsün. Məni daha çox narahat edən insanların yanlış bildiyi nələrəsə verdikləri reaksiyadır. Belə görürəm, bir çox hallarda həmin reaksiyalar xeyli dərəcədə qeyri-adekvatdır. Çox istərdim ki, biz toplum olaraq bir-birimizi linç etməyə, gözdən salmağa köklənməyək. Hələlik bunu bacarmırıq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi