azia.az
azia.az

Neftçalada icra başçısı da daxil, 10 vəzifəli şəxs saxlanıldı - təfərrüat

22-02-2020, 12:30


DTX-nin rayonda keçirdiyi əməliyyatla bağlı yeni detallar; prezident “toxunulmaz məmur yoxdur” xəbərdarlığını etmişdi...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala İcra Hakimiyyətində araşdırmaları davam etdirir. Rayonda keçirilən kompleks əməliyyat tədbirləri nəticəsində 10-a qədər vəzifəli şəxsi saxlanıb, əksər vəzifəlilər istintaqa cəlb olunublar.
Neftçalada icra başçısı da daxil, 10 vəzifəli şəxs saxlanıldı - təfərrüat
Bu haqda rayondakı mənbələrdən “Yeni Müsavat”a daxil olan xəbərlərdə bildirlir ki, saxlanılan vəzifəli şəxslər əsasən rüşvət vermə, rüşvət alma, bələdiyyə seçkilərinə müdaxilə ilə bağlı sorğu-sual olunurlar. Saxlanıldığı iddia olunan icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov və sürücüsü Bakıya gətirilib. Ehtimal olunur ki, onlar dindirmələrdən sonra məhkəməyə aparılmaqla barələrində həbs qəti-imkan tədbiri seçiləcək. Bununla yanaşı, Neftçalada ayrı-ayrı sahələrə rəhbərlik edən şəxslərin də saxlanılması, İcra Hakimiyyətinin binasında dindirilmələri xəbərləri də var. Məlumata görə, dindirilmə əsasən rüşvət faktları ilə bağlıdır. Bu istiqamətdə xeyli vəzifəli şəxsin izahatları alınıb. Onlar arasında bələdiyyə sədrləri də var. Dindirmə zamanı bələdiyyə sədrləri bu posta seçilmək üçün icra başçısına rüşvət verdiklərini boyunlarına alıblar. Bu günə məlum olan budur ki, saxlanılan şəxslər arasında Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Abasət oğlu Kərimov, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfər oğlu Cəfərov, Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var. Bu şəxslər bələdiyyə seçkilərinin təşkilində iştirak ediblər.

Xatırladaq ki, DTX-nin fevralın 20-də keçirdiyi əməliyyatdan bir neçə saat sonra prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev vəzifəsindən azad edilib. Həbslərlə bağlı yayılan rəsmi məlumatda deyilir ki, Neftçala İcra Hakimiyyəti vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verilib. Bununla bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir. DTX-nın rəsmi məlumatında bildirilir ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Neftçala rayonu Azərbaycan Respublikasında inzibati rayon kimi 1940-cı ildə təşkil olunub. O vaxta kimi Salyan rayonunun, bir il isə 24 yanvar 1939-cu ildə yaradılmış Xıllı rayonunun tərkibində olub. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmaqla kənd inzibati əraziləri Xıllı rayonuna tabe idi. Xıllı rayonu 1959-cu ilin sentyabrın 24-nə kimi rayon statusunu saxlamış və bu tarixdən də ləğv edilib Neftçala rayonunun ərazisinə birləşdirilib. 1959-cu ilin dekabrında Neftçala rayonu ləğv edilərək Salyan rayonunun tərkibinə verilib və 4 ildən sonra Neftçala sənaye rayonu kimi fəaliyyət göstərib. 1965-ci ildə yenidən ləğv edilərək Salyan rayonu ilə birləşdirilib. 1973-cü ilin aprelində Neftçala rayonu yenidən təşkil olunub. Rayonda bir şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd yaşayış məntəqəsi var. Mərkəzi Neftçala şəhəridir. Rayon şimaldan Şirvan Dövlət Qoruğu ilə cənubdan Qızılağac Dövlət Qoruğu həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur. Təbii sərvətləri neft, qaz, yod, duz tərkibli sular, tikinti əhəmiyyətli kərpic istehsalı üçün xammal və əsasən balıqdır. Rayonun ərazisində süni balıq yetişdirən kombinat, pambıq zavodu fəaliyyətdədir. Rayona 9 ildir ki, rəhbərlik edən İsmayıl Vəliyev haqda mətbuatda bu illər ərzində xeyli neqativ məlumatlar yayılıb. İsmayıl Vəliyevin adı bundan əvvəl xeyli qalmaqalda hallanıb.

Məlumatların birində qeyd olunurdu ki, icra başçısı Neftçalada özünə bazar tikdirib və bazarın ətrafındakı dükanları sökdürüb. Ümumiyyətlə, İsmayıl Vəliyev yerli sahibkarları sıxışdırması xəbərləri ilə gündəmə gəlib. Onun Neftçala sakinlərindən pay torpaqlarını zorla alınması “əməliyyatına rəhbərlik etməsi” də yazılanlar siyahısındadır. İsmayıl Vəliyevin qurduğu şəbəkənin rayonun səhiyyəsini bərbad hala qoyması yazılırdı. İcra başçısının həkimlərə “tas” qoyması barədə məlumatlar da illərdir dövriyyədədir. Bundan başqa, onun səyi və təşəbbüsü ilə xeyli işçinin maaşının mənimsənildiyi bildirilir. Keçmiş başçının qohumluq əlaqələrini işə salaraq vəzifəsindən sui-istifadə etməsi, bununla da rayonda bütün təşəbbüsü ələ alması barədə məlumatlar da mətbuat səhifələrində çoxdur.



O, 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə o vaxtkı Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib. 1991-1992-ci illərdə “İlk Bank” Səhmdar Kommersiya Bankının İdarə Heyətinin sədri, “Mejbankovskoye Obedinenie” Səhmdar Bankında Bank Şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib. Uzun müddət Dövlət Gömrük Komitəsində də işləyib. 2005-ci ildə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il tarixdən Neftçalanın icra başçısı idi.

Xatırladaq ki, 2019-cu ilin dekabrında Dövlət Təhlükəsizlik Xidməti Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovu, Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədovu həbs edib. DTX-nın yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.



Prezident İlham Əliyev çıxışlarında “heç bir toxunulmaz məmur yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın” deməsi belə görünür ki, bəzi məmurlar eşitməzdən gəliblər. Odur ki, dəbdəbəli həyat tərzlərini, komfortlu kabinetlərini dəmir barmaqlıqlarla əhatələnən təcridxana divarlarına dəyişməli olublar...

Yazı hazırlanarkən DTX Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yaydı. Musavat.com-a daxil olan açıqlamada deyilir:

“Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir. Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılmışdır.

neftcala kollaj icra dtx.jpg (1.64 MB)

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunmuşdur. Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilmişdir. İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülmüşdür.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilmişdir. İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilmişdir. Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılmışlar. Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

E.MƏMMƏDƏLİYEV,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi