azia.az
azia.az

Ömürlük məhbuslara ümid verən xəbər - 9 fevraldan sonra...

30-01-2020, 20:49


Fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanda Qobustan qapalı tipli həbsxanasında ömürlük cəza çəkən məhbusların cinayət işlərinə yenidən baxılması nəzərdə tutulur.
Ömürlük məhbuslara ümid verən xəbər - 9 fevraldan sonra...
Bu barədə oxu.az-a İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib: “Ömürlük həbs həyatı yaşayanlar bizə müraciət edirlər. İşçi Qrupuna daxil olan hüquq müdafiəçiləri kimi, biz məsələni mütəmadi olaraq rəsmi səviyyədə qaldırırıq. Bizə problemə parlament seçkilərindən dərhal sonra baxılması haqqında vəd verilib”.

N.Cəfəroğlunun bu açıqlamaları azadlığa çıxmaq ümidlərini itirən məhbusların, onların yolunu gözləyən ailələrinin qarşısında “yaşıl işıq” yandırıb. Hazırda Qobustanda saxlanılan ömürlük məhbuslardan ən tanınmışları artıq 25 ilə yaxındır həbsdə olan OMON-çular-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovdur. Onların sırasına 2003-cü ildən həbsdə olan, “Qarabağ partizanı” kimi tanınan Məmməd Məmmədovu da əlavə edə bilərik. Bu şəxslərin məsələsi dəfələrlə qaldırılsa da, onların azadlığa çıxmaları hələ də mümkünsüzə çevrilməkdədir.

Əliməmməd Nuriyev: “Belə məhbusların həbsxanadakı davranışları çox önəmlidir”

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev ömürlüklərin azadlığa çıxma imkanlarından söz açdı: “Cinayət qanunvericiliyində ötən il ciddi dəyişikliklər baş verdi. Ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin azadlığa çıxmaq imkanları var. Məsələn, belə məhbuslardan istənilən biri cəzasının 10 ilini çəkdikdən sonra prezidentə əfv olunması ilə bağlı müraciət edə bilər. Bu zaman həmin müraciətə baxılır və müvafiq qərar qəbul olunur. Ötən illərin təcrübəsinə baxsaq görərik ki, müstəqilliyimizi əldə etdikdən sonra ömürlük azadlığa məhkum edilmiş 37 şəxs azad olunub. Onların cəzaları illərlə əvəz olunub. Cəza 25 il azadlıqdan məhrumetmə ilə əvəzlənə bilər. Bu zaman avtomatik cəza başa çatan kimi məhbus azadlığa çıxır. Ömürlük məhbus birbaşa da azadlığa buraxıla bilər, əfv edilmə yolu ilə də. Cəzaların İcrası haqqında Məcəllədə, eyni zamanda Cinayət Məcəlləsində ömürlük azadlıqdan məhrum olunmuş şəxslərin vaxtından əvvəl şərti olaraq, azad edilməsi ilə bağlı məsələyə də baxıla bilər. Belə ki, onlar cəzalarının 25 ilini, son beş ilini qüsursuz davranış nümayiş etdirməklə keçiriblərsə, məhkəmələr onların müraciətinə baxıb, vaxtından əvvəl onları azad edə bilər. Belə məhbusların həbsxanadakı davranışları çox önəmlidir. Mütəmadi olaraq, bu cür məhkumlar diqqət mərkəzindədir. Onlar çox müxtəlif proqramlara cəlb olunurlar, onlara yaradıcılıq imkanları verilir. Qanunverici orqan bu məsələlərlə bağlı qanunvericiliyə yenidən baxa və müvafiq təkliflərlə çıxış edə bilər. Ola bilsin ki, ayrı-ayrı deputatlar seçkiqabağı kampaniya dövründə belə bir təşəbbüslə çıxış edirlər ki, bu istiqamətdə qanunvericiliyə yenidən baxa bilərlər. Çox güman ki, Novella xanım bunları nəzərdə tutub. Olsun ki, bəzi namizədlərin seçkiqabağı platformalarında belə müddəalar var və bu barədə Novella xanıma danışıblar. Qanunverici orqanın bu məsələyə baxması mümkündür”.

Mirvari Qəhrəmanlı: “Ömürlük məhbusların çoxdan əfv olunmaları lazım idi”


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı: “Fevralın 5-də Avropa İttifaqında siyasi məhbuslarla bağlı mənim də görüşüm olacaq. O görüşdə siyasi məhbus şəraitini yaradan amilləri qeyd edəcəm. Eyni zamanda onlara əfvlə bağlı öz fikirlərimi söyləyəcəm. Ömürlük məhbusların çoxdan əfv olunmaları lazım idi. Sizin qəzetdə mütəmadi olaraq, bu problemlər qaldırılır. Səhv etmirəmsə, Akif Nağı və onun rəhbəri olduğu təşkilat bu məsələyə dəstək vermişdi. Düşünürəm ki, əfv siyahısına ömürlük məhbuslar mütləq düşməlidir. Çünki onlar ömürlərinin demək olar ki, yarısını çox ağır bir şəraitdə keçiriblər. Artıq onların cəmiyyətə qovuşmasına, reabilitasiya olunmalarına, ailələrinin içərisinə qayıtmalarına böyük ehtiyac var. Düşünürəm ki, Prezident tərəfindən humanist addım atılacaq və onların əfvi təsdiq olunacaq. Siyahı hazırlamaqdan daha vacibi həmin siyahını ölkə başçısına təqdim etməkdir. Bundan sonra məsələ öz həllini tapacaq”.

Hüquq müdafiəçisi fevralın 9-dan sonra yeni parlamentin ömürlük məhbusların məsələsinə baxacağına inanır: “Çatdıra bilsələr, fevralın 9-dan sonrakı ilk iclasların birində məsələyə baxa bilərlər. Çünki komissiyaların, gündəliyin formalaşdırılması, daxildə orqanlara səsvermənin keçirilməsi olacaq. Proses marta qədər uzana bilər. Düşünürəm ki, dəstək verdiyimiz namizədlər həmin parlamentdə seçilsələr, çox rahatlıqla bu xahişi edə biləcəklər. Bu baxımdan da çox hörmət etdiyim şəxslərin Milli Məclisin üzvü olmalarını istəyirəm”.

Cavanşir ABBASLI,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi