azia.az
azia.az

“Şərab evləri”ndə şok əməliyyat- mütəşəkkil dəstə həbs edildi

17-01-2020, 22:56


Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən gizli sexlərdə qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar aşkar olunaraq maddi sübut kimi götürülüb

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirilib.
“Şərab evləri”ndə şok əməliyyat- mütəşəkkil dəstə həbs edildi
DİN-in mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, tədbir nəticəsində Bakı şəhər sakini Duşdurov Nazim Elbrus oğlunun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Məlum olub ki, N.Duruşov Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.

İstifadə olunmuş xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkaları “şüşə sexləri” adı altında pərdələnərək fəaliyyət göstərən qəbul məntəqələrində toplanaraq təkrar qablaşdırılmaqla yenidən satışa çıxarılır.
“Şərab evləri”ndə şok əməliyyat- mütəşəkkil dəstə həbs edildi
Nazim Duşdurova məxsus Bakı şəhəri Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan “Jack Daniels”, “Chivas” butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60.000 ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Spirtli içkilərdən götürülmüş nümunələrin ekspertizası zamanı müəyyən edilib ki, onlar istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olduğundan insan həyatı üçün təhlükəlidir.

Aşkar olunan faktla bağlı Baş İdardə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs- qətimkan tədbiri seçilib.

Yada salaq ki, ötən ilin sonunda Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin rəisi, 32 yaşlı Sərxan Bayramov dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tiflis prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Cəlal Həmzəyev özlərini pis hiss ediblər və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Sərxan Bayramov Kliniki Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına. Sərxan Bayramov vəfat edib, əməliyyatçının dostu C.Həmzəyevin hər iki gözü kor olub.

Dekabrın 24-də axşam saatlarında texniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbayel rayonu ərazisindəki morqa çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbayel rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.
“Şərab evləri”ndə şok əməliyyat- mütəşəkkil dəstə həbs edildi
Spirtli içkidən vəfat edən daha bir şəxs Yusif Hüseynovun spirtli içkini “8-ci kilometr” adlanan bazarın topdansatış mağazasından aldığı müəyyən edilib. Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən istintaq edilən cinayət işi üzrə spirtli içkiləri kustar üsulla istehsal edən, həmin içkilərin ictimai iaşə və ticarət obyektlərində satışını təşkil edən şəxslər, eləcə də onları texniki spirt və xammalla təmin edən ümumilikdə 14 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təəssüf ki, Azərbaycanda kustar üsulla spirtli içkilərin hazırlanması geniş vüsət alıb. Şadlıq saraylarında, müxtəlif kafe-restoranda standartlara uyğun olmayan içkilər hazırlanır və satılır. Vizual olaraq isə saxta arağı müəyyənləşdirmək çox çətindir. Yalnız peşəkar istehlakçı spirtin iyindən onun saxta olub-olmadığını hiss edə bilər. Digər tərəfdən isə spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu, alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər.

Mütəxəssislərin sözlərinə görə, zəhərlənməyə səbəb olan araqları isə əsasən yeyinti deyil, ucuz başa gələn texniki spirtdən hazırlayırlar. Bu da ilk növbədə qaraciyərdə zəhərlənmə yaradır, başda ağrılara səbəb olur, mədəyə, ürəyə, böyrəklərə təsir göstərir. Həmçinin texniki spirtdən hazırlanan içkilər beyinə təsir göstərir, beyin pozuntularına gətirib çıxarır. Bundan əlavə, həmin içkilərin tərkibində olan metil gözü kor edəcək, hətta ölümə səbəb olacaq qədər təhlükəlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi